Süni zəka, yoxsa süni bəla?


Digərləri 28 Mar 2019 23:19:00 175 0

Süni zəka, yoxsa süni bəla?

Son.az oxu.az-a istinadən Aqşin Yeniseyin yazısını təqdim edir

Çağımızın ərəb ölkəsinin ilk başıaçıq qadın vətəndaşı - Sofiya! İnsanın yaratdığı, ancaq can verə bilmədiyi insan. Başı var, ürəyi yoxdu, bədəni var, ruhu yoxdu. Sevsə, sevdiyini, doğsa, doğduğunu hiss edə bilməyəcək texnoloji bədbəxt qadın. Həm də qadın haqq və hüquqlarının qadınların, sadəcə, sağ qalması üçün yetərli olduğu, dörd qadının bir kişini paylaşmaq zorunda qaldığı bir ölkədə.  

Təsadüfmü?

Mən də onu deyirəm, patriarxal dəyərlərin ilahiləşdirildiyi bir məkanda Sofiyanın peyda olması təsadüfmü?  

Uzun illər "The Walt Disney"də imicmeyker işləmiş, Sofiyanın yaradıcısı Devid Hanson yaratdığı bu süni qadın haqqında belə deyir:

"O, yaş, cinsiyyət, mədəniyyət fərqi bilməyən biridir, on milyonla insanın bir media sevgilisi, bir mədəniyyət ikonasıdır".

İlk baxışda xoş bir xasiyyətnamədir, amma bu Sofiya da "Disney"də utopiyalar uyduran və onları sonradan gerçəyə çevirən xəyal mühəndisliyinin bir tələsi olmasın? Çağımızın möcüzəsi kimi dünyanı dolaşan, ancaq öz şöhrətinin həzzini hiss etməyən bu məşhur alçaqkönüllü qadının arxasında iş çevirənlər yoxmu yəni? Boşunamı onun, az qala, müqəddəs övliya kimi ölkə-ölkə, şəhər-şəhər gəzdirilməsi?

Sofiyanın indidən insanlara yuxarıdan aşağı baxırmış kimi gizli bir duruş sərgiləməsi, insana xidmət etmək üçün deyil, sanki insana iş buyurmaq üçün yaradıldığı hissi ilə reklam olunması sonra başımıza bəla olmaz ki? Axı Sofiyada da insanla sonradan öz qurbanı kimi rəftar edəcək bütün müqəddəslərə aid nələrsə var. Xeyir ola, özünü bizə sevdirməkdə?

Bu gün diri dünya artıq dini şübhəçiliyi bir tərəfə qoyaraq, elmi şübhəçiliklə məşğuldur. Dinə şəksiz inanmağımız axırda bizi onun cahilinə çevirdi. İndi isə bizi, deyəcən, şəksiz inandığımız elm öz fanatı, cahili kimi görür. Vaxtilə "cənnət qəbzi" növbələrində bir-birini ayaqlayanlar bu gün "iPhone"un yeni modeli üçün növbələrdə bir-birilərinin başını dişləyirlər. Biri dini konformizm idi, bu biri elmi-texnoloji konformizmdir.    

Elmə qarşı şübhə duyğusunun təməli dindən gəlsə də, din öz şübhəsini əsaslandıra bilmirdi, elmi icadlara "şeytan əməli" deyib lənətləyərək, bir növ əsəbi qoca kimi öz-özünə deyinirdi. Elə ki Eynşteyn atom bombasının sirrini Ruzveltə danışdı və ABŞ ordusu bu bombanı hazırlayıb Naqasakiyə atdı, insan ağlı öz əməlindən qorxuya düşdü. Dinin "qorxu çağı" kimi, elmin də "qorxu çağı" başladı, göydən insanlığın başına düşən bu "hidrogen daşı" ilə. Qorxu şübhə yaratdı. İnsanın öz ağlının icadlarına inamı sarsıldı. Elmin XV-XVI əsrdə vəd etdiyi xeyirxah məqsədlər içində, məsələn, silahlanma vədi yox idi axı.