14 yaşlı qızın daxilindən kişi orqanları çıxaran azərbaycanlı cərrah danışdı


Digərləri 28 Mar 2019 22:35:00 201 0

14 yaşlı qızın daxilindən kişi orqanları çıxaran azərbaycanlı cərrah danışdı

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahlarının bu günlərdə etdiyi əməliyyat - 14 yaşlı qızın qarnından kişi orqanlarının çıxarılması böyük marağa səbəb olub.

Tam formalı "testikulyar feminizasiya" diaqnozu ilə klinikaya yerləşdirilən 14 yaşlı uşaq xaricdən qadın olsa da, daxili orqanları kişi cinsinə aid olub. Xəstədə laparoskopik üsulla orxioektomiya əməliyyatı aparılıb, qarın boşluğunda yerləşən hər iki xaya çıxarılıb.

Bəs, bu kimi hallara tez-tezmi təsadüf olunur? Bu problemlər nədən yaranır? Hansı əlamətlər problemin olduğundan xəbər verə bilər?   

Son.az medicina.az-a istinadən əməliyyatı icra edən mütəxəssislərdən biri, ATU-nun Uşaq Cərrahiyə kafedrasının tədris hissə müdiri, tibb üzrə fəlsəfə doktoru Vüqar Məhəmmədovun e-tibbə müsahibəsini təqdim edir:

- Vüqar həkim, indiyə qədər belə halla rastlaşıb, oxşar əməliyyat icra etmişdinizmi?

- İndiyə qədər bizim klinikada 4 belə əməliyyat olunub. Bu, məhz bu problemlə bağlı ikinci əməliyyatdır. Sadəcə, bu hallar barədə statistika yoxdur, ona görə də  deyə bilmərik ki, belə xəstələr nə qədərdir. Bununla bağlı statistik araşdırma aparılmayıb. Amma son vaxtlar müayinə imkanları, diaqnostik metodların inkişafı, həkimlərin ixtisaslaşması, valideynlər arasında tibbi biliklərin artması bu kimi xəstəliklərin daha çox aşkarlanmasına səbəb olur.

- Əməliyyat etdiyiniz uşağın 14 yaşı var. Ümumiyyətlə, belə xəstələr nə zaman əməliyyat olunmalıdır?

- Bununla bağlı yanaşmalar fərqlidir. Bu uşaqda 2-3 yaşında ikitərəfli yırtıq aşkarlanıb. Əməliyyatın rahat keçirilməsi baxımından, elə o zaman, yəni uşağın 2-3 yaşı olanda əməliyyat etmək olardı. Bəzi alimlər bunun tərəfdarıdır. Bəzi alimlər isə cinsi inkişaf dövrünə qədər gözləyib, əməliyyatı o dövrdə etməyin tərəfdarıdırlar. Hər ikisinin də üstün tərəfi var.

- Valideynlər belə bir halın olub-olmamasını necə anlaya bilərlər? Yəni hansı əlamətlər əsas sayıla bilər?

- Müəyyən əlamətlərdən şübhələnmək lazımdır. Qız uşaqlarında ikitərəfli yırtıq varsa, sadəcə, bir ultrasəs müayinəsi edilməlidir. Əgər onda daxili qadın cinsiyyət orqanları deyil, daxili kişi orqanlarının olduğu aşkarlansa, deməli bu, xəstəlikdir. Xəstəlik aşkarlanan kimi xəstə ixtisaslaşmış klinikalara göndərilməlidir. Belə klinikalarda uşaq anadan olandan sonrakı dövrdə aşkarlanan bütün patologiyalarla bağlı xidmətlər göstərilir. Məhz ixtisaslaşmış klinikada problemin nə olduğu aydınlaşdırılır və valideynlərlə izah olunur ki, nə etmək lazımdır. Əgər qız uşağında yırtıq varsa, mütləq mütəxəssis tərəfindən müayinə olunmalıdır. Çünki qarında ikitərəfli yırtıq kişi cinsi orqanının inkişafı, xayaların aşağı düşməsi, o yolların açıq qalması nəticəsində də əmələ gəlir.

- Bütün cərrahlar bu əməliyyatı edə bilərmi? Bunun üçün müəyyən təcrübə tələb olunurmu?

- Bu əməliyyatı edənlər uşaq cərrahları və uroloqlarıdır. Yəni onlar etməlidir, çünki bu uşaq cərrahiyyəsinə aid problemdir. Cinsiyyət qüsurlarını uşaq cərrahları daha yaxşı bilir və düzgün istiqamət seçə bilirlər. Onlar bilir necə  etmək lazımdır ki, uşağın gələcəyi üçün problem olmasın.