Millət vəkili: "Dövlət həmişə olduğu kimi, bu dəfə də vətəndaşlarını tək qoymadı"


Siyasət 28 Mar 2019 20:21:00 266 0

Millət vəkili: "Dövlət həmişə olduğu kimi, bu dəfə də vətəndaşlarını tək qoymadı"

Azərbaycan Prezidenti İlham Əliyevin "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkən sahibkarlara dövlət yardımının verilməsi ilə bağlı tapşırığı Azərbaycan vətəndaşlarının problemlərinin həllinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha göstərdi.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin bu tapşırığı təkcə həmin sahibkarlar tərəfindən deyil, ümumilikdə bütün cəmiyyət tərəfindən çox müsbət qarşılandı:

"Dünyanın heç bir ölkəsində bu cür qərarlar qəbul edilmir. Belə işlərlə adətən sığorta şirkətləri məşğul olur. Əfsuslar olsun ki, yanğından ziyan görmüş sahibkarlar vaxtında öz mallarını sığorta etdirməmişdilər. Buna baxmayaraq dövlət həmişə olduğu kimi, bu dəfə də öz vətəndaşlarını tək qoymadı, cənab Prezident sahibkarların üzləşdiyi problemin dərhal aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq verdi".

Millət vəkili əlavə edib ki, Azərbaycan dövləti əhalinin rifahını yüksəltmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər görür:

"İqtisadi və institusional islahatlar həyata keçirilir, bununla da vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir, yoxsulluq səviyyəsinin daha da azalması üçün işlər görülür. Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili və onun rifahı dayanır".

Qeyd edək ki, Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğulayıb.

Son.az