Bakıda ticarət mərkəzindəki yanğınla bağlı təfərrüatlar açıqlanıb


Digərləri 28 Mar 2019 16:54:00 147 0

Bakıda ticarət mərkəzindəki yanğınla bağlı təfərrüatlar açıqlanıb

“Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı təfərrüatlar açıqlanıb.

Bakı. “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı təfərrüatlar açıqlanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu il 26 mart tarixində saat 08:13-də nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 ünvanında yerləşən “Diqlas” ticarət mərkəzinin yaxınlığında yerləşən iaşə obyektində (dönərxana) yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri saat 08:21-də çağırış ünvanına çatıb. Yanğının sürətlə yayılması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə olması, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi nəzərə alınaraq saat 08:28-də yanğının söndürülməsi üçün “3 saylı çağırış” elan edilib. Yanğınsöndürmə işlərinin sürətləndirilməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün yanğın yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Aviasiya dəstəsinin 3 ədəd helikopteri cəlb olunub. Yanğın nəticəsində yerüstü mərtəbələrinin sayı 4 (+mansard) və 3 mərtəbədən ibarət zirzəmisi, hər mərtəbəsinin sahəsi, təqribən, 2500 kv.m (mansard 1200 kv.m) olan ticarət mərkəzinin zirzəmisinin mənfi 1-ci mərtəbəsindən binanın mansardına kimi içərisində təsərrüfat, geyim və s. malları olan müxtəlif növ mağazalar, habelə ticarət mərkəzinə bitişik köşklər 2600 kv.m sahədə, ticarət mərkəzinin yaxınlığında yerləşən təsərrüfat malları bazarında müxtəlif növ ticarət obyektlərinin üzlük hissələri və qismən plastik pəncərə çərçivələri və dam örtükləri 200 kv.m sahədə (ümumilikdə 16 500 kv.m sahədə) yanıb. Saat 12:30-da yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. Sonrakı mərhələdə kəşfiyyat, soyutma, ticarət mərkəzinin zirzəmisində gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü və söndürmə işləri aparılıb.