Dövlət sizi tək qoymaz


Siyasət 28 Mar 2019 15:45:00 307 0

Dövlət sizi tək qoymaz

Azərbaycanda hakimiyyət vətəndaşının yanında olduğunu bu gün bir daha sübut etdi.

Bakının "8-ci kilometr" səmtində, Nizami rayonunda "Diqlas" ticarət mərkəzi alovlanmış, yanmışdı. Yanğın söndürüldü. Şükür ki, tələfat olmadı.

Yanğında təxminən 1000 kiçik sahibkarın icarəyə götürdükləri məkanda bütün malları yandı. Əslində yanan mal yox, o insanların canı idi.

Əksəriyyəti satışa çıxarmağa hazırlaşdıqları malları banklardan aldıqları kreditlər, borc götürdükləri pullarla almışdılar.

Halları pərişan, fikirləri qarışıq, özləri nagüman və bədbindilər.

Üstəlik, Avropa ölkələrinin kiçik otaqlarına sığınmış "müstəqil bloqer"lərin sosial şəbəkələrdə və YouTube-dakı kanallarının "reportyor"ları da dərdli insanların durumundan yararlanmaq, həmin insanlarda dövlətə, hakimiyyətə qarşı narazılıq yaratmağa çalışır, az qala dəridən-qabıqdan çıxırdılar. "Meydan TV"nin bu günlərdəki hiperfəallığını, digər kiçikçaplı kamera adamlarının "narahat"lığını görməmək üçün çox böyük mimikriya istedadı gərəkdi.

Gözlənilən oyundu və həmişə olduğu kimi, bu dəfə də ölkədən kənarda qurulan oyuna ölkə vətəndaşlarını alət etmək istəyənlərin niyyətləri özləri təki puç oldu.

Niyyət mahiyyəti bir daha təkrarladı.

Dövlətsə vətəndaşına özünü köməksiz, yalnız hiss etməyə imkan vermədi.

Verməzdi də.

İlk əvvəl Nizami Rayon İcra Hakimiyyətində "Diqlas" yanğınında zərər çəkən sahibkarlarla görüş keçirilidi.

Görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Prezident Administrasiyasının sektor müdiri Tağı Tağıyev, Nizami rayon icra başçısı Arif Qasımov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nəzarət İdarəsinin rəisi İsrayıl Əliyev, Vergilər Nazirliyinin müşavi Elçin Məmmədov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Nizami Rayon prokuroru Pərviz İbayev, Nizami Rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin sədr müavini Natiq Həsənov iştirak etdilər.

Nizami rayon icra başçısı Arif Qasımov sahibkarlara məlumat verərək bildirib ki, görüş dövlət başçısının tapşırığı əsasında keçirilir.

Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov çıxış edib. O bildirib ki, sahibkarlarla keçirilən görüşlə bağlı məlumat PA-ya çatdırılıb və cənab Prezident İlham Əliyevə operativ qaydada məruzə olunub:

"Cənab Prezidentin tapşırığı əsasında bu heyət sizinlə görüşə gəlib. Yanğın ilk andan etibarən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olub. Görülən təcili tədbirlər nəticəsində yanğın lokallaşdırıldı və şükürlər olsun ki, insan tələfatı baş vermədi. Əlbəttə, sizlərə ciddi maddi ziyan dəyib. Belə hadisələr dünyanın hər bir yerində olur. Yeri gəlmişkən deyim ki, heç bir ölkədə dövlət öz vətəndaşlarına bizim ölkəmiz qədər, cənab Prezident İlham Əliyev qədər diqqət və qayğı göstərmir, bu işlərlə sığorta şirkətləri məşğul olur və bunu da siz bilirsiniz".

Daha sonra H.Mövsümov Prezidentin tapşırığını sahibkarlara çatdırıb:

"Hər birinizə dəymiş ziyan dövlət tərəfindən ödəniləcəkdir".

H.Mövsümovun bu sözləri zalda böyük alqışlarla müşayiət olunub.

PA rəsmisi sahibkarları təxribatlara uymamağa çağırıb:

"Sadəcə, səbirli olun, bu kimi hallardan sui-istifadə edilməsinə icazə verməyin və heç bir təxribata uymayın. Hər birinizin haqqı müdafiə olunacaq. Bundan əmin ola bilərsiniz. Dövlət sizin yanınızdadır".

"Dövlət başçısının tapşırığı ilə"... Bu sözləri zərərdidələr alqışlarla qarşıladılar. Alqışlar Azərbaycan Prezidentinə, İlham Əliyevə ünvanlanmışdı əslində.

Onlar əmin oldular ki, "Dövlət Baba" övladını tək qoymadı.

Və dünən "Diqlas"dakı yanğınla əlaqədar olaraq İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi.

Cumhurbaşqanımız martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirdi. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı qeyd etdi ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.

Dövlət başçısı dünən və bu gün Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır.

"Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur", - deyən İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğuladı.

Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verdi. Bildirdi ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan Prezidenti bir daha vurğuladı ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.

Halbuki sırf hüquqi baxımdan, qanunvericiliyə uyğun olaraq sahibkarlara yardım göstərilməyə də bilərdi. Kompensasiya yox, yardım.

Çünki "Diqlas"da yerləri icarəyə verən bina sahibinindir və yanğından mühafizəni təşkil etməməklə sahibkarlara vurduğu ziyana görə də məsuliyyəti binanın sahibi, yerləri icarəyə verən daşımalıdır

Dövlət sadəcə sahibkarlara dəstək verməklə, ziyanın ödənilməsinə çalışa bilərdi. Ancaq Prezident tamamilə fərqli yol seçdi və uzun süründürməçilikdən sahibkarları qurtardı.

Prezident İlham Əliyevin qərarının məntiqi əsasları da var. Belə ki, sahibkarların onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı iddialarını məhkəmələrdə təmin etmələri xeyli vaxt, əmək və əsəb aparacaq, hətta ən pis halda mülki iddialara baxış formatında illər uzunu sürəcəkdi, iddialar və appelyasiyalar bir-birini əvəzləyəcəkdi, tələblər sıralanacaqdı.

Dövlət başçısı bəhs etdiyimiz məqamları, habelə külli miqdarda maddi ziyana məruz qalmış sahibkarlara dərhal yardım edərək onları üzləşdikləri müşküldən xilas etmək üçün humanist qərar verdi.

O qərar ki, Azərbaycanda sahibkarlara dövlət dəstəyinin ciddiliyini, onların fəaliyyətinin səbatını bir daha sübut etdi.

Dövlət yardım etməyə məcbur və məsul deyildi, amma sahibkarlara dəstək yükünü üzərinə götürdü.

Dövlət bütün vətəndaşlarının yanındadır.

Dövlət sizin yanınızdadır...

Elçin Alıoğlu Son.az