Mikayıl Cabbarov: Məqsəd kiçik və orta biznesin üzərindən vergi yükünü qaldırmaqdır


Digərləri 27 Mar 2019 16:13:00 370 0

Mikayıl Cabbarov: Məqsəd kiçik və orta biznesin üzərindən vergi yükünü qaldırmaqdır

Amerikalı jurnalist ölkəmizdə aparılan vergi islahatları barədə məlumatlandırılıb

Bakı. Amerikalı tanınmış jurnalist Con Batçelor 2018-ci ilin sonlarında Azərbaycanda həyata keçirilmiş vergi islahatları barədə məlumatlandırılıb. Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Mikayıl Cabbarovla müsahibəsi zamanı amerikalı jurnalistin diqqətinə çatdırılıb ki, bu islahatları həyata keçirməkdə məqsəd kiçik və orta biznesin üzərindən vergi yükünün qaldırılması yolu ilə qeyri-neft sektorunun inkişafını təmin etməkdir. Müsahibədə Azərbaycanda kənd təsərrüfatı sektorunun ümumiyyətlə vergidən azad edildiyi vurğulanıb, bunun adıçəkilən sektorun inkişafını təmin etməklə bərabər, ölkənin kənd təsərrüfatı məhsullarının xarici ölkə bazarlarında satışı zamanı rəqabətliliyinin artmasına səbəb olduğu bildirilib. Qeyd olunub ki, vergi siyasəti iqtisadi inkişafı təmin etdiyi kimi, ölkənin iqtisadi inkişaf səviyyəsi də vergi siyasətinə önəmli təsir göstərir. Bu baxımdan Vergilər Nazirliyinin ölkəmizin İqtisadiyyat və Maliyyə nazirlikləri ilə yaxından işlədiyi diqqətə çatdırılıb.