Qadın qaynı ilə birlikdə ərini öldürüb cəsədi tualetə atdı


Kriminal 27 Mar 2019 11:24:00 267 0

Qadın qaynı ilə birlikdə ərini öldürüb cəsədi tualetə atdı

Qəbələ rayonunda qaynı ilə birləşib ərini öldürən qadın və qaynı apellyasiya şikayəti veriblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə məhkum olunan Rəfiyev Vüsal və Məmmədşərifova Vüsalə Gülağa qızının məhkəmə prosesi aprel ayının 2-də Şəki Apellyasiya Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə keçiriləcək.

İttihama görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon polis şöbəsi və prokurorluğu əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri aparılıb.

Müəyyən edilib ki, ötən il martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib. Bundan sonra Vüsalə ərinin qardaşı Vüsalla birgə daşla Dursunun baş nahiyəsinə vuraraq, onu qətlə yetiriblər.

Daha sonra onlar Dursunun cəsədini həyətdəki sanitar qovşağına atıblar.

Əməliyyat tədbirləri ilə Dursun Rəfiyevin meyiti oradan çıxarılıb.