"Bu surəni oxuyan kəsdən AllahTaala..."


Digərləri 26 Mar 2019 23:50:00 232 0

"Bu surəni oxuyan kəsdən AllahTaala..."

Qurani-Kərimin 16-cı surəsində yer alan "Nəhl" surəsi 128 ayədən ibarətdir. Bəzi təfsir alimləri surənin bütövlükdə Məkkədə nazil olduğunu desələr də, əksər təfsir alimlərinin qeydlərinə görə, surənin bəzi ayələri Məkkədə, bəziləri isə Mədinədə nazil olmuşdur. Mərhum Əllamə Təbatəbainin nəzərincə, surədəki ayələrin nazilolma səbəbindən belə anlaşılır ki, surənin ilk 40 ayəsi Peyğəmbəri-Əkrəmin (s) Məkkə şəhərindəki həyatının axırlarında, qalan 88 ayəsi isə Mədinəyə hicrətinin ilk vaxtlarında nazil olmuşdur.

"Nəhl" sözü "bal arısı" mənasını daşıyır. Surənin 68-69-cu ayələrində bal arısı və onun şəfa xarakterli məhsuluna işarə olunduğundan surə "Nəhl" adlandırılmışdır. Həmin ayələrdə belə buyurulur:

وَأَوْحَى رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ. ثُمَّ كُلِي مِن كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلاً يَخْرُجُ مِن بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاء لِلنَّاسِ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ

"Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və insanların tikdikləri örtülü yerlərdə (çardaqlarda) yuvalar qur. Sonra bütün meyvələrdən ye və Rəbbinin yolunu itaətlə adla. Onların (arıların) qarınlarından insanlar üçün şəfa olan rəngarəng (ağ, sarı, qırmızı) bal çıxır. Əlbəttə, bunda (bal arısının həyatında) düşünən insanlar üçün ibrət vardır."

Ayədə işlənən "şifaun" sözündən balın şəfa və dərdlərə dərman olması açıq-aşkar görünür.

Son.az maide.az-a istinadən bildirir ki, ümumiyyətlə, tövhid və məadın dəlilləri, ədalət, ehsan, hicrət, cihad hökmləri, müşriklərin hədələnməsi, zülm və günahın, əhdi pozmağın, bidətlərin, şeytani vəsvəsələrin qadağası, Quran oxunan zaman Allaha pənah aparmaq, Allaha iman gətirib təvəkkül edənlərin üzərində şeytanın hakim olmaması, murdar olmuş ətin, qanın, donuz ətinin və Allahdan qeyrisinin adı ilə kəsilənlərin haram olması və ilahi nemətlərin zikri sözügedən surənin möhtəvasını təşkil edir. Surədə bi çox ilhahi nemətlərin adı çəkildiyindən, onun başqa bir adı da "Niəm"dir (nemətlər). Surənin müxtəlif ayələrində adı çəkilən nemətlər bunlardır: "səma, yer, dördayaqlılar, libas, heyvanların faydası, ət, gözəllik, nəqliyyat, hidayət, su, otlaq, meyvələr, gecə-gündüz, günəş və ay, ulduzlar, yerin rəngarəng nemətləri və varlıqları, dəniz və onun cəvahiratı, gəmilərin hərəkəti, dağlar, çaylar, yollar, təbii əlamətlər, ulduzlar vasitəsi ilə yolu təyin etmək, yer üzünün yaşıl örtüyü, xalis süd, meyvədən hazırlanmış nemətlər, bal, zövcə, övladlar və nəvələr, ruzi, qulaq, göz, ağıl və ruh, sabit məskən, səyyar məskən, müxtəlif örtüklər, kölgə, mağara, insanı isti-soyuqdan qoruyan libaslar, zireh..."

Aydın məsələdir ki, bu nemətlərin sadalanmasında məqsəd insandakı şükür, düşüncə və təslimçilik ruhiyyəsini gücləndirməkdir. (14, 15, 44, 81 və 90-cı ayələr.)