“Rəd” surəsi


Digərləri 26 Mar 2019 22:40:00 226 0

“Rəd” surəsi

"Rəd" surəsi Məkkədə nazil olmuş və 43 ayədən ibarətdir. "Rə`d" sözü "göy gurultusu" mənasını ifadə edir və bu surənin 13-cü ayəsində göy gurultusu ("rə'd") haqqında danışıldığından surə həmin adla adlandırılmışdır. Həmin ayədə buyurulur:

وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلاَئِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَن يَشَاء وَهُمْ يُجَادِلُونَ فِي اللّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ

"Göy gurultusu (yaradılış dili ilə) Onun şəninə təriflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allah yenilməz qüvvət sahibidir (və məkrlə mübarizədə şiddətli cəza sahibidir)."

Son.az maide.az-a istinadən bildirir ki, surənin başlanğıcında Qurani-Kərmin haqq olması, əzəmət və böyüklüyünə işarə olunduqdan sonar, tövhid ayələri, Allahın pak zatının nişanələrini aşılayan yaradılış sirlərindən - sütunsuz göylərin yaradaılışından, günəşlə ayın Allahın əmrinə tabeliyindən, yerin genişliyi, dağ və çayların, ağac və meyvələrin xilqəti, əkin sahələrindəki qəribəliklərdən və müəyyən vaxtda gündüzün aramlıq bəxş edən gecə ilə örtülməsindən danışılır.

Bu mətləblərdən sonar məad və insanın yeni həyatından, böyük Allahın ədalət məhkəməsindən, insanların tövhid və məad məsələləri ilə tanışlığından sonra vəzifə və məsuliyyətlərindən, tale və müqəddəratının dəyişilməsinin öz əllərində olmasından söz açılır.

Yenidən tövhid məsələsinə qayıdılır və göy gurultusunun yaradılış dili ilə Allahın şəninə təriflər deməsi, təsbih və zikr etməsi, insanların göy gurultusu, ildırım və şimşəkdən qorxması, yer və göylərin Allahın əzəməti müqabilində səcdə etməsindən söhbət olunur.

Növbəti ayələr insanların düşüncələrini oyadır, bəşərin əli ilə düzəldilmiş bütlərin xasiyyətsiz olması açıqlanır, insanlar təfəkkür və düşüncəyə dəvət olunur, haqla batilin tanınması üçün canlı və hamının başa düşəcəyi tərzdə misallar göstərilir.

Yaxşı və xeyirxah əməllər tövhid və məada imanın səmərəsi olduğundan, bu bəhslərdən sonar əhdə vafa, "sileyi-rəhm" (yaxınlara yaxşılıq), səbir və güzəşt, müqavimət, gizli və aşkar şəkildə "infaq" (Allah yolunda xərc) və qisas və intiqam hissinin aradan qaldırılması kimi mövzulara yer verilir.

Sonda dünya həyatının müvəqqəti və ötəriliyi, Allaha iman sayəsində həqiqi aramlığın əldə olunması, yağı və zülmkar qövmlərin, haqqı gizlədən və yaxud xalqı haqdan uzaqlaşdıranların acınacaqlı sərgüzəşti, Peyğəmbərə (s) müxalif olanların acı aqibətindən bəhs olunur.

Bir sözlə, "Rə`d" surəsi iman və əqidələrdən başlayıb, tərbiyəvi mövzular və yaxşı əməllərlə sona yetir.

"Rə`d" surəsinin 28-ci ayəsi diqqəti cəlb edir və qəlblərin Allahı zikri ilə aramlıq tapmasından söz açılır. Həmin ayədə buyurulur: