"Bizə göydən bir süfrə nazil et ki..."


Digərləri 26 Mar 2019 20:05:00 315 0

"Bizə göydən bir süfrə nazil et ki..."

"Maidə" surəsi 120 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur. Bəzi təfsirçilərin qeydlərinə əsasən, bu surə "Fəth" surəsindən sonra (bir rəvayətə görə) bütövlükdə Peyğəmbərin (s) vəfatından 2-3 ay öncə nazil olmuşdur.

"Ya əyyuhəlləzinə amənu" (Ey iman gətirənlər!) xitabı ən çox bu surədə işlədilmişdir. Əgər "Bəqərə" surəsində bu xitabla on bir dəfə rastlaşırıqsa, bu surədə eyni ifadə ilə on altı dəfə xitab olunur.

Son.az maide.az-a istinadən bildirir ki, bu surədə əhdə vəfalı qalmaq, ictimai ədalətin sifarişi, ədalət əsasında şahidlik etmək, qətlin haram edilməsi, qidaların hökmləri - halal və haram olması, dəstəmaz, qüsl və təyəmmümün hökmləri, İslam Peyğəmbərindən (s) sonra vilayət və rəhbərlik məsələsi, məsihilərin üç üqnüm əqidəsinin rəddi, qiyamət hadisələri, vəsiyyət, qisas, oğurluq və zinanın hökmləri kimi məsələlər nəzərdən keçirilir.

Surə sonuncu nazil olmuş surələrdən olduğu üçün "əvfu bil-uqud" (əhdlərə sadiq olun) cümləsi ilə başlayır.

Bu surənin "Maidə" adlandırılmasının səbəbi, onun 114-cü ayəsində qeyd olunduğu kimi, həzrət İsanın (ə) duası ilə yaxın dostları (həvarilər) üçün "maidə"nin - səmavi süfrənin (yemək dolu tabaq və süfrənin) nazil olması ilə əlaqədardır və "maidə"nin nazil olması hәzrәt İsanın (ә) möcüzәlәrindәn biridir.

Tarixdə göstərilir ki, bir gün İsa Məsih (ə) müxtəlif şəhər və kənd əhalisini Allahın dininə dəvət etmək üçün səfərə çıxır. O, bu səfərində həvarilər və səhabələrini də özü ilə aparır. Səfər əsnasında yeməkləri qurtarır və həvarilər acırlar. Tarixdə göstərilir ki, İsa Məsih (ə) dünyaya rəğbətsiz olduğundan və nəfsi istəklərinə hakim olmağı bacardığından, bir qədər çöl otlarından yeyərək aclığını dəf edirdi. Həvarilər isə bu işi görə bilmir, çöl otları ilə aclıqlarını dəf etməyi bacarmırdılar. Bu zaman həvarilər öz aralarında danışmağa başladılar: palçıqdan quş qəlibi düzəldən, sonra üfürüb onu quşa çevirən və digər möcüzələr göstərən İsa Məsih (ə) Allahdan bizim üçün səmadan yemək göndərilməsini istəyə bilməzmi? Ona görə də dedilər: "Ey Məryəm oğlu İsa! Rəbbin bizim üçün göydən (yeməklə dolu) süfrə göndərə bilərmi?"

İsa (ə) bu sözü eşitcək, çox narahat oldu və dedi: "Siz Allahın qüdrətinə şübhəmi edirsiniz?" Onlara xəbərdarlıq edərək buyurdu: "Əgər imanınız varsa, Allahdan qorxun." Belə təkliflər irəli sürməkdən çəkinin. Bundan öncə Allahın mənim vasitəmlə göstərdiyi möcüzələri, anadangəlmə korun gözünün açılmasını, xora və cüzam xəstəliyinə tutulanın şəfa tapmasını, ölünün dirilməsini görmədinizmi? ("Maidə" surəsi, ayə 112.)

Həvarilər həzrət İsanın (ə) narahat olduğunu gördükdə, onun fikrini rahatlaşdırmaq və qəzəbini söndürmək məqsədilə dedilər: "Biz istəyirik ki, o yeməkdən yeyək. (Bilirik ki, sənin bizə dediklərin doğrudur, sənin peyğəmbərliyini qəbul edirik, amma istəyirik ki,) ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq." ("Maidə" surəsi, ayə 113.)