“Kimsə Qarabağa xidmətə göndərilirsə deməli onun sonudur?”


Digərləri 26 Mar 2019 14:34:00 206 0

“Kimsə Qarabağa xidmətə göndərilirsə deməli onun sonudur?”

Xəbər verildiyi kimi Ermənistan ordusunun Mehridə yerləşən polkunda bir neçə gün əvvəl əsgərlər bunt qaldırıb. Bunun səbəbi hərbi hissənin Qasparyan familiyalı zabitinin əsgərlərdən birini təhqir etməsi olub. Yüzlərlə çağırışçı əsgər onun müdafiəsinə qalxıb və hərbi hissəni özbaşına tərk ediblər. 

Yolda onları polk komandiri qarşılayıb və dilə tutaraq geri qaytara bilib. Lakin daha sonra bunt qaldıran əsgərləri sıraya düzərək onların arasından 20-yə qədərini seçiblər. Hərbi formalarını cırıblar və avtobusa dolduraraq Qarabağa, təmas xəttinə göndəriblər. Həmin əsgərlərin valideyinləri martın 23-də Yerevanda hökumət binası qarşısında aksiya keçiriblər və Müdafiə Nazirliyinə yollanıblar, müdafiə naziri David Tonoyanla görüş tələb ediblər.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, valideyinlərin müdafiə naziri ilə görüşü baş tutmayıb, orada narazı valideyinlərin bir qrupunu Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan qəbul edib.

Ovanisyan jurnalistlərə bildirib ki, bunt baş vermiş polkun əsgərləri qruplar halında ayrı-ayrı hərbi hissələrə köçürüləcəklər.Çünk belə hərəkətlər birlikdə törədilir və deməli bu cinayətkar sövdələşməni dağıtmaq lazımdır.

Ovanisyanın bildirdiyinə görə, hadisə ilə bağlı polk komandiri və digər yuxarı vəzifəli zabitlər cəzalandırılıblar. Onlar vəzifələrindən azad olunublar. 9 nəfərin barəsində isə istintaq aparılır.

O iddia edib ki, qiyamın səbəbi əsgərlərdən birinin zabitə "öz qaydasını qəbul etdirmək" cəhdi olub. Və başqa əsgərləri də öz tərəfinə cəlb edib. Müdafiə Nazirliyinin foyesində narazı valideyinlərlə Ovanisyan arasında mübahisə yaranıb. Valideyinlər övladlarının Qarabağa göndərilməklə cəzalandırılmasına etiraz edib. Ovanisyan isə deyib ki, əsgərlərin Qarabağa göndərilməsi cəza deyil: "Cəzalandırılıblar nə deməkdir? Bir hərbi hissədən digərinə köçürülmə cəza deyil. Üstəlik onlar təkcə Qarabağa göndərilməyiblər, bütün sərhədyanı hərbi hissələrə paylanıblar. Dördü Berdə, bir neçəsi Sisyana göndərilib".

Lakin əsgərlərin valideyinləri bu cavabla kifayətlənməyiblər. Bildiriblər ki, püşkatma ilə onların övladları Mehridə xidmət etməli olduğu halda Qarabağa göndərilməli deyildi. Ovanisyan bu zaman özünü saxlaya bilməyib və öz sözləri ilə desək "çox pis cavab" verib: "Əgər kimsə düşünürsə ki, Ermənistanın Qarabağa aidiyyatı yoxdur, səhv edir".

O, əlavə edib ki, qaydaları pozanları təkcə Qarabağa yox, Ermənistan ərazisindəki digər hərbi hissələrə də göndəriblər. "Mən özümü təhqir olunmuş sayıram. Sizin dediyinizə görə kimsə Qarabağda xidmətə göndərilirsə deməli onun sonudur?"-Ovanisyan deyib.