"Azərbaycan formalaşmağımda böyük rol oynadı" Əcnəbi FOTO


Digərləri 25 Mar 2019 23:40:00 209 0

"Azərbaycan formalaşmağımda böyük rol oynadı"  Əcnəbi  FOTO

Sara Ahmed: "Müxtəlif növ tərəvəzlərdən turşular hazırlandığını burada gördüm" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Azərbaycana gəlişim heç də təsadüf olmadı. Atam Azərbaycanda işləməyə başladıqdan sonra ailəlikcə Bakıya köçməli olduq. Bakıya gəldikdən sonra Azərbaycan və rus dillərini öyrənməyə başladım. Həyatımda böyük dəyişikliklər oldu. Məncə, Azərbaycana gəlməyim mənim üçün böyük bir təcrübə oldu. Müəyyən çətinliklər olsa da, indi burada olmaqdan zövq alıram".

Bu sözləri bizimlə söhbətində iki ildən çoxdur ki, Azərbaycanda yaşayan pakistanlı tələbə Sarah Ahmed Vasif söylədi. Müsahibim, hal-hazırda Bakı Slavyan Universitetinin hazırlıq kursunda təhsil alır. Deyir ki, hələ hansı sahə üzrə təhsil alacağına dair qərar verməyib: "Burada olmağıma ən çox ona görə sevinirəm ki, çoxlu dil öyrənmək şansı qazandım. Gəlməzdən əvvəl ölkənizdəki universitetlər haqqında bir araşdırma etdim və Bakı Slavyan Universitetinin adını eşitdikdə qərara gəldim ki, təhsilimi elə burada davam etdirim. Məncə, bu universitet mənim üçün ən doğru seçim oldu. Burada müxtəlif fəaliyyətlərlə məşğul olub kurikulum öyrəndim. Hələlik hazırlıq mərhələsindəyəm və universitetdə qazandığım təcrübədən zövq alıram. İndi rus və Azərbaycan dillərini öyrənməyə çalışıram. Hələlik ixtisas seçimi etməmişəm, çünki bu, kifayət qədər məsuliyyətli bir qərardır. Mən ədəbiyyatı, beynəlxalq əlaqələri çox sevirəm. Özüm ünsiyyətcil olduğuma görə, yeni insanlar tanımağı sevirəm. Qərar verə bilməməyimin səbəbi müxtəlif seçimlər arasında qalmağımdır. Ona görə də, hazırda gələcəyimlə bağlı nə isə deyə bilməsəm də, dəqiq bildiyim bir şey var ki, o da təhsilimi bu universitetdə davam  etdirmək istəyimdir".

Azərbaycanda ailəsi ilə birgə yaşayan Sarah digər əcnəbilərdən fərqli olaraq, məişət problemlərinin olmadığını söylədi: "Bacım və qardaşım burada məktəbə gedirlər. Onlar da Azərbaycanı çox sevir.  İlk dəfə Bakıya gələndə kimdənsə yolu  soruşanda mənə yalnız "Ok, thank you, go" deyirdilər. Başa sala bilmirdim ki,  köməyə ehtiyacım var. Təəssüflər olsun ki,  burada az adam ingilis dilini başa düşür. Amma Azərbaycan xalqı çox qonaqpərvərdir. Hər yaşda olan insan burada əcnəbilərə qarşı alicənab davranır. İnsanlarınız yardımsevər və nəzakətli biri olaraq yadımda qalacaq. Ailəmlə yaşadığıma görə, bəzi şeylər mənə daha rahatdır".

Azərbaycanla Pakistan arasında müəyyən fərqlərin olduğunu deyən müsahibim, ölkəmizdə yaşamağın daha asan olduğunu düşünür: "Burada artıq bəlli bir sistem formalaşıb və insanlar həmin sistem üzrə hərəkət edirlər. Hüquq, təhsil, səhiyyə vahid qayda üzrə idarə olunur. Ən önəmlisi,  bu sistemə aidiyyəti qurumlar tərəfindən nəzarət edilir. Pakistanda isə sistem olsa da, nəzarət çox aşağıdır. Burada hər hansı qaydanı pozsan, cəzalanacaqsan. Amma Pakistanda buna elə də əhəmiyyət verən yoxdur. İnsanların buradakı səliqəli geyimi mənim çox xoşuma gəlir. Demək olar ki, hər kəs zövqlü və dəbə uyğun geyinir. Əksəriyyət ünsiyyətə açıq insanlardır. Mən özüm burada ingilis dili müəllimi kimi kurslarda dərs keçir, müəyyən köməklik edirəm. Bir şeyə diqqət etmişəm ki, istənilən yaşda olan azərbaycanlı uşaqlar və gənclər bilikli, dünyagörüşlü və oxumağa meyllidirlər. Mənim  14 yaşdan 45 yaşa qədər olan tələbələrim var. Demək olar ki, onların hər biri əhatəli biliyə və təcrübəyə malikdirlər. Kiçik yaşlı uşağın bu qədər bilməsi məni müsbət mənada təəccübləndirdi".


Xəbərə aid fotolar