7 yaşından pul qazanan sənət fədaisi Keçmişdəki mən FOTO


Digərləri 25 Mar 2019 22:49:00 244 0

7 yaşından pul qazanan sənət fədaisi  Keçmişdəki mən  FOTO

Fikrət Verdiyev: "Bütün qazancımı "Göygöl" ansamblına xərcləyirdim" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Zəhmətkeş, xeyirxah, sənət fədaisi kimi tanınıb. Barmaqlarının mazolu zəhmətinin xatirəsidir. Tarını dilləndirmək, kədəri, sevinci notlarla yaşatmaq ona asan başa gəlməyib. Çox qazanıb, amma qazandığını qəpiyinə qədər yaratdığı "Göygöl" ansamblına yatırıb. Çünki məqsədi var idi. Təkcə Bakının yox, Gəncənin də fəxri ola biləcək ansambl yaratmalı idi. Nəinki Bakı və Gəncəyə, ümumilikdə Azərbaycana səs salan "Göygöl"ün yaradıcısının keçmişinə səyahət etdik.

Müsahibimiz görkəmli tarzən, xalq artisti Fikrət Verdiyevdir.

Gəncədə anadan olub. 7 uşaqlı ailənin 6-cı övladıdır. Bacıları olmadığı üçün ev işlərində analarına kömək ediblər: "Anam tək, biz çox idik. Qoçaq qadın idi. Tək olduğu üçün ona kömək etməyə çalışırdıq. Yadımdadır, qardaşım yaxşı yemək bişirirdi. Kim nəyi bacarırdısa, onu edirdi".   "Gözümü açandan muğam dinləmişəm"   70 illik ömrünün 55 ilini musiqiyə həsr edən tarzən 5 yaşından muğamı dinləyib və sevib: "Bizim ailədə musiqiçi yox idi. Amma mənim uşaqlıqdan muğama meylim var idi. Gözümü açandan muğam dinləmişəm. Evimizdə köhnə radio və Xan əminin, Cabbarın plastinkaları var idi. Xan Şuşinsikinin vurduğu zəngulələri gündə 30 dəfə dinləyirdim. Uşaq idim, bəlkə də muğamın nə olduğunu dərk etmirdim, amma o səsə vurulmuşdum. Taxta qırığı tapıb, üstünə sim bağlayıb tar düzəltmişdim. Ailəm bunu gördü və məni 9 yaşımdan musiqi məktəbinə göndərdi. Yadımdadır, tarda ifa edərkən qolumu silkələyirdim. Qardaşım kəmərlə qolumu bağlamışdı ki, tarda ifa edərkən, tərpənməsin. Musiqiçi olmasalar da, mənim uğur qazanmağım üçün əllərindən gələni edirdilər". "İmtahansız qəbul etdilər"   Musiqi məktəbində direktor da həmsöhbətimizin istedadının fərqinə varıb, onu imtahansız məktəbə qəbul edib: "Hər kəs növbə ilə öz məharətini direktora göstərirdi. Mən də növbəmin çatmasını gözləyirdim. Otaqda yekə, qara əşya diqqətimi çəkdi. Katibədən soruşdum ki, bu nədir? Dedi ki, pianodur. Pianonun nə olduğunu bilmirdim. Ayağa qalxdım, bir-bir dillərinə toxundum, bəmi və zili tapdım. Çox qəribə idi, elə oradaca "Cücələrim"i ifa etdim. Səs olduğuna görə müdiriyyət etiraz etdi və dayandım. Növbə mənə çatanda direktor soruşdu ki, pianonu çalan sən idin? Dedim bəli. Soruşdu ki, pianonuz var?  Pianonu birinci dəfə gördüyümü deyəndə, direktor təəccübləndi və məni imtahansız qəbul etdilər".

"Qalib gəlməsəniz, pulu geri alacağam"   Hələ 14 yaşında ömründə Bakı şəhərini görməyən yeniyetmə ilk dəfə böyük kollektivlə Bakıya gəlir. Musiqi-tar dərnəyinə rəhbərlik edən həmsöhbətimiz ilk festivalında birinciliklə mükafatlandırılıb: "1961-ci ildə xəbər gəldi ki, mərhum Əfrasiyab Bədəlbəyli Bakıda uşaq ansambllarının festivalını təşkil edir. Bunu eşidən kimi çox sevindim, dərnəyimizdə 20-22 uşaq vardı, müdirimizə dedim ki, ansamblı yaxşı hazırlamışam, yol pulumuzu verin, gedək, festivalda özümüzü sınayaq. Gördüm ki, nəsə alınmır, pul yoxdur, gəldim atama dedim ki, ay ata, ansamblı festivala aparmalıyam, amma pul yoxdur. Az vəsait tələb olunmurdu. Dedi, nə qədər lazımdır? Dedim ki, 22 nəfərin gedib-qayıtmaq pulu olsa kifayət edər. Atam gülə-gülə dedi ki, nə qədər lazımdırsa, verirəm, amma qalib gəlməsəniz, pulu geri alacağam. (gülür-A.Ə) Atam həm gediş, həm dönüş biletlərimizi aldı, beləliklə, Bakıya gəldik və iki gün burada qaldıq, festivalda iştirak etdik. Festivalda Azərbaycanın hər yerindən gənc istedadlar, ansambllar iştirak edirdi, çox gərgin bir yarış gedirdi və sonda bizim ansambl birinciliyi qazandı".

"7 yaşımda pul qazanırdım"   F.Verdiyev artıq 16 yaşından rəsmi qaydada işləməyə başlayıb: "Qayıdandan bir az sonra 15-16 yaşlarımda artıq məni işə götürdülər. Hansı ki, o vaxtlar bu yaşlarda heç kimi işə götürmürdülər. Əmək kitabçamı indi də saxlayıram. Daha sonra Qənbər Hüseynli adına Gəncə Şəhər orta-ixtisas Musiqi Məktəbini (Texnikumunu) oxuya-oxuya həm Daşkəsəndə müəllimlik edirdim, həm indiki Samuxda fəaliyyət göstərirdim".

Rəsmi iş yeri 15 yaşında olsa da, müsahibimiz 7 yaşından pul qazanıb: "Pul qazanmağa 7 yaşımdan başlamışam. Böyük həyətimiz var idi. Orada çiyələk, şaftalını yığırdım və balaca qardaşımla bazarda satırdıq. Evə pul gətirirdim. Öz paltarlarımı özüm alır, anama kömək edərdim. 17 yaşımda Samuxda musiqi məktəbi yox idi. Orada musiqi məktəbinin filialını açdım. Məşhur tələbələrim var idi. 15-16 yaşımdan toylara gedir, çox yaxşı pul qazanırdım".

"Təhsilimi pula sata bilməzdim"   Respublikada məşhurlaşdığı bir vaxtda müsahibimiz ali təhsilini davam etdirmək üçün Bakıya gəlir: "Konservatoriyada Adil Gəraylının sinfində təhsil alırdım. Düzdür, yaxşı pul qazanan vaxtım idi. Amma təhsilimi pula sata bilməzdim. Tez-tez filarmoniyaya gedir, konsertlərdə iştirak edirdim. O dövrdə Bakıdakı ansamblların konsertinə baxırdım, həvəslənirdim ki, Gəncədə niyə belə ansambl olmasın. Gəncə şəhəri hər zaman Azərbaycanın mədəniyyət mərkəzi olub. Bizim niyə ayrıca ansamblımız olmasın ki?! Bu düşüncələr mənə rahatlıq vermirdi. Yaxşı mənada paxıllığım tuturdu. İkinci kursda oxuyanda "Göygöl" ansamblını yaratdım. Barmaqlarımın mazolu hələ də getməyib. (Əlini göstərir-A.Ə) Ansamblı yaradandan sonra bütün qazancımı ora xərcləyirdim".


Xəbərə aid fotolar