Kəramətin şair atası: “Bu adam hər şeyini itirib. Arvadı, evi yox. Verdiyim evi də xaraba qoyub”


Digərləri 25 Mar 2019 18:19:32 221 0

Kəramətin şair atası: “Bu adam hər şeyini itirib. Arvadı, evi yox. Verdiyim evi də xaraba qoyub”

“Şərif Ağayar Əlincə Qalasında etibarını itirəndə mənə çoxdan fəxri ad verilmişdi”

"Demişəm Kəraməti tabutuma yaxın qoymayın. Onu zülmlə böyütmüşdüm... Məni o alçaq öldürdü. Ona nifrət edirəm". Ötən gün bu statusu ilə gündəmə gələn şair Qəşəm Nəcəfzadə, bir neçə saatdan sonra məlum statusunu sildi... Statusunun düzgün anlaşılmadığını deyir şair.

Son.az bildirir ki, şair Qəşəm Nəcəfzadə məlum məsələlərlə bağlı News24.az-ın suallarını cavablandırır.

- Dünən sosial şəbəkədə yazdığınız məlum statusun əsas səbəbi nə idi?

- Son on gündür ki, Kəramətə görə təzyiqim qalxıb. İnsanlar evdə hansı problemlərin olduğunu bilmir. Bu səbəbdən məni qınayanlarda oldu ki, niyə oğlu haqqında belə bir şey yazıb. Oğlumu qızışdıranlar var. Kənardan Kəraməti qabağa verib, onun tarixdə qalacağını, dövrümüzün Cəlil Məmmədquluzadəsi, Sabiri olduğunu deyirlər. Onu içki məclislərində öyrədib, hər şeyi yazdırırlar. Hesab edirəm ki, Kəramət nə yazırsa, onların hər birini birtərəfli yazır, deyir. Məsələni araşdırmır. Məsələn, Kəramətin meyxananın kimsəyə lazım olmamasını deməsi düzgün deyil. O, meyxanada olan problemlər barədə - rus sözlərinin işlənməsini, zəif və ya yaxşı meyxana deyənlərin olduğunu deməli idi. İstəməzdim ki, meyxananın hec kəsə lazım olmaması ilə bağlı fikirlərini hörmətli meyxanaçımız Aydın Xırdalanlının dəfn olunduğu gün desin. Bu mənə təsir elədi. Amma yazdığım statusda fikirlərimi təkcə buna görə deməmişdim. Məni o yandırır ki, Kəramət bütün məsələlərdə çox inadkar və cəsarətlidir. Amma bunları səriştəsiz edir. Fikirlərini naşı şəkildə dediyi üçün bu da məndə və bir çoxlarında qıcığa səbəb olur.

- Oğlunuzla aranızda vaxtaşırı belə narazıqlıqlar olur. Ata kimi ona məsləhətlər verirsiniz?

- Ata olanlar məni başa düşməlidir. Kiminsə oğlu onu, arvadını, nəslini söydürsə, kimsə dözməz. Kəramət niyə məni söydürməlidir? Özü də söyənlər küçə adamlarıdır. Hətta bəziləri məni tanıyıb, qəsdlə söyür. Amma bu, oğluma kar eləmir. O, mənim sözümə qulaq asmır! İnsan hər şeyini itirərkən sonuncu gülləsi qalanda onu özünə sıxır. Belə olmaz axı. O, iş yerini, səhhətini, ailəsini, dostlarını qorumalı idi. Bu gün əksər dostları belə ona qarşı çıxır. Kəramət ikinci ailəsindən də ayrılıb. O, dostlarının yanında məndən çox olur. Onlar onun niyə ailəsindən ayrıldığını bilmirlər? Amma onu məndən qoruyurlar...

- Bəs ikinci ailəsindən nə səbəbə ayrıldı?

- İçki ucbatından! Mənim ata kimi nələr çəkdiyimi heç kəs bilmir. Oğul evləndirmişəm ki, bunları yaşayım? İki nəvəmə də həsrətəm. Yanıb yaxılıram. İnsanlar isə əvəzində mənim oğluma qarşı çıxdığımı deyir. Kəraməti məndən çox istəyirlər? Məni qınayanlar çoxdur. Zəng edib deyirlər ki, sizdən gözləməzdik. Kəraməti mənə tərifləyirlər. Amma yaxşı oğlan insanları təhqir etməməlidir. Mənə zəng edib söyürlər ki, oğluna sahib çıx!

- Məlum statusu niyə sildiniz?

- Yaxşı qarşılanmadığını gördüm. İnsanlar məni baş düşmür. Onların əksəriyyəti çox səviyyəsizdir. Səviyyəlilər isə danışmır.