Fərəh Əliyeva: "Bu sənət əynimə biçilib" FOTO


Digərləri 25 Mar 2019 07:00:00 429 0

Fərəh Əliyeva: "Bu sənət əynimə biçilib"  FOTO

"Yaradıcılığımda ideya və fantaziyalar sərhədsizdir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Kukla sənətinin 2500 il yaşı olduğu deyilir. Kukla sənəti ilə məşğul olan, Azərbaycanı bu sahə üzrə beynəlxalq festivallarda, sərgilərdə təmsil edən kuklaçı sənətkarlarımız barmaqla sayılası qədərdir. Ötən gün azərbaycanlı bir xanımın hazırladığı kuklaları ilə tanış oldum. Kuklaların müəllifi Fərəh Əliyeva redaksiyamızın qonağı oldu. Fərəh xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü, Moskva beynəlxalq sərgisinin (2011), I və II "Fusion Doll" Beynəlxalq Bakı Kukla Biennalesinin (2011, 2013) iştirakçısı, incəsənət studiyasında (art studio) art-direktordur. Bakı Dövlət Universitetinin məzunu, Azərbaycan Rəssamlar İttifaqı və Müəllif Kuklaları Beynəlxalq Təşkilatının üzvüdür. Müxtəlif illərdə Moskva Beynəlxalq Kukla Sərgisi, Bakı Beynəlxalq Biennali və bir çox tematik sərgilərin iştirakçısı, üç fərdi sərginin müəllifidir. Yaradıcılığında müxtəlif janrlara avanqard, klassik, interyer, konseptual və digər janrlara üstünlük verən rəssam 100-ə qədər qarışıq texnikalı əsərlərin müəllifidir. Müsahibimin əl işləri ilə tanış olduqdan sonra rahatlıqla deyə bilərəm ki, onun əsərləri Şərq və Qərbin zərif sintezindən ibarətdir.    - Fərəh xanım, 4-5 yaşınızdan müxtəlif oyuncaqlar düzəldib, kuklalarınıza paltarlar tikməyə başlamısınız. Sizcə, bu istedad gendənmi gəlir, yoxsa insan özü-özünü inkişaf etdirdikcə nələrəsə nail olur?     - Uşaq yaşlarımdan incəsənətə böyük marağım olub. Anamın süfrələrini kəsib-doğrayır, onlardan kuklalarıma paltarlar tikir, plastilindən fiqurlar düzəldirdim. Kuklalara paltarlar tikib onlara obraz verirdim. Özümü tanıyandan rəssamlığa, tikişə, dərziliyə, incəsənətə böyük həvəsim olub. Peşəkar olaraq kukla sənəti ilə işə  başlayanda, artıq bütün prosedurlardan xəbərdar idim. Kuklaların dizaynını, makiyajlarını edib, rahatlıqla obraz verməyi bacarırdım. Bu işlə məşğul olmaq mənim üçün çox rahatdır. Hətta deyə bilərəm ki, bu sənət tam mənim əynimə biçilib.    - Ananızın kosmetikalarından istifadə edəndə, onun geyimlərini, süfrələrini kəsib kuklaya paltar tikəndə, bu ananızın qınağına səbəb olmurdumu?   - Anam hər gün işə gedəndə mənə təlimat verirdi. Deyirdi ki, bu gün heç nəyi kəsmə, paltarlarımı korlama, heç nəyə toxunma. Sovet dönəmində o süfrələr, pərdələr çox çətin tapılırdı. Bakıda bu cür parçalar çox az idi. Anam işə gedəndə, onları bir-bir çamadanlardan çıxarıb, kəsirdim. Sonda heç nə olmamış kimi düzəldib, yerinə qoyurdum ki, xəbəri olmasın. Bir gün anam çamadanın ağzını açanda gördü ki, süfrənin birinin gülü, pərdənin naxışı yoxdur. O saat bildi ki, onu mən kəsmişəm.


Xəbərə aid fotolar