Universiteti bitirəndən 2 il sonra öz işini qurdu FOTO


Digərləri 24 Mar 2019 20:19:00 341 0

Universiteti bitirəndən 2 il sonra öz işini qurdu  FOTO

Nigar Hacıbabayeva: "ən doğru gün bu gündür, sabahı gözləmək lazım deyil"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Ən doğru gün bu gündür, sabahı gözləmək lazım deyil" yanaşmasını tətbiq edərək öz işini qurub. Deyir ki, biznesinə başlamaq üçün kifayət qədər maddiyat olmasını, yaxud özünü tam hazır hiss edəcəyini gözləsəydi, o gün heç vaxt gəlməyəcəkdi. Və ona görə də İT sahəsində qısa müddət çalışandan sonra 150 manat pulla öz işini qurur. Müsahibimiz "Matrix Technologies" şirkətinin qurucusu, İT mütəxəssisi Nigar Hacıbabayevadır.

- Nigar xanım, təhsiliniz İT üzrə olub, yoxsa sonradan bu sahəyə yönəlibsiniz?

- Mən Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika fakültəsində kompüter elmləri ixtisasında təhsil almışam. Universitetə 531 balla daxil olmuşdum, yüksək bal ortalaması ilə təhsilimi başa vurmuşam. Hələ tələbə olarkən proqramlaşdırma ilə məşğul olmağa başlasam da, gələcəkdə bu ixtisas üzrə davam edib-etməyəcəyimlə bağlı qərar verməmişdim. Müəyyən qədər proqramlaşdırma ilə məşğul olandan, işin tam mahiyyətini öyrənəndən sonra artıq qərarımı verdim. Düşündüm ki, həm bu sektorda xanım azdır, həm İT gələcəyin sahəsidir, həm də proqramlaşdırmanı sevirəm. Əsas olan, gördüyün işi sevməkdir. Elə oldu ki, 4-cü kursun sonunda artıq özəl İT şirkətlərdən birinə proqramçı vəzifəsinə işə daxil oldum. 8 ay təcrübə keçdim, sonra işə götürdülər. Şirkətdə təcrübə keçdiyim dövrdə həm də müxtəlif sosial layihələrdə iştirak etməyə başladım. 2 il "Tech-tech" xanım platformasında işlədim. Xanımların inkişafı üçün sıfırdan başlayan müxtəlif layihələr hazırlayırdıq. Şirkətdə və sosial layihədə təcrübəm oldu, belə-belə, artıq işləməyə başladım. 

- Bəs proqramlaşdırma sahəsində çalışandan nə qədər müddət sonra bu sahədə öz işinizi qurmaq qərarı verdiniz?

- Üç ildir universiteti bitirmişəm, bir ildən artıqdır ki, öz biznesimə başlamışam. Təxminən, iki il sonra işimi qurdum. Ötən ilin yanvar ayında işlərə başladıq. Həm sevdiyin, həm bacardığın, həm də görəcəyin işin sənə maddi olaraq gəlir gətirməli olduğu konsepsiyasını əsas tutaraq, çox düşünmədən İT sahəsində işimi qurmağa qərar verdim. Sıfırdan biznes qurmaq və idarə etmək həmişə arzum olub. Bilirdim ki, kifayət qədər maddiyat olmasını, yaxud özümü tam hazır hiss edəcəyimi gözləsəm, heç vaxt elə gün gəlməyəcək. Çünki ən doğru gün bu gündür, sabahı gözləmək lazım deyil. Ona görə, başladım. Düşünürdüm ki, alınsa da, alınmasa da, mənim üçün təcrübədir. Bir ildir ki alınıb, ümid edirəm ki, daha da yaxşı olacaq. Bunun üçün çalışıram.   - İşə başlamaq üçün nə qədər maliyyə lazım oldu?

- Düzdür, məqsədim texnologiya şirkəti qurmaq olsa da, Tədris Mərkəzi kimi başlamaq istədim. Tədris mərkəzi üçün isə bizə ilk növbədə ofis lazım idi. Şəhərin mərkəzində ofis kirayələmək üçün isə çox pul lazım idi. Yeni başlayan bir iş üçün o məbləği vermək də risk olduğuna görə, daha optimal üsuldan yararlandım. Başqa bir şirkətlə danışdıq, onların bir otağını müqavilə ilə bəlli saatlar üçün kirayələdik. Həftə içi axşam altıdan sonra və həftə sonları bütün gün üçün bir otaqdan istifadəyə görə 150 manata razılaşdıq. Beləcə, işə başladıq.

Üstəlik, mənim ilk vaxtlar maaşlı müəllim cəlb etmək problemim də yox idi, çünki ətrafımda proqramlaşdırma sahəsində olan dost-tanış çox idi. İlk vaxtlar tədrisi özümüz aparırdıq. "Oracle" üzrə bütün qrupları mən götürdüm, digərlərini də həmkar dostlarım. Bir növ risksiz başladıq. Düzdür, hər biznesdə risk var, amma biz ciddi maliyyə qoymadığımız üçün itirəcəyimiz elə böyük məbləğ yox idi.

- Biznesinizlə saat altıdan sonra niyə məşğul olursunuz, başqa yerdə çalışırsınız?

- Bəli, həm də banklardan birində proqramlaşdırma şöbəsində çalışıram. İşdən sonra və həftə sonları öz biznesimlə məşğul oluram.    - "Biz" deyirsiniz. İşi tək qurmayıbsınız?

- İşi tək qurmuşam. "Biz" deyəndə həm müəllim kollektivini, həm də ilk gündən mənimlə birlikdə çalışan komanda üzvlərimizi nəzərdə tuturdum.   - Həftə içi altıdan sonra və həftə sonları işləmək bir biznesi ayaqda saxlamaq üçün kifayət edir?

- Mən hər gün 5-6 saat yatıram, qalanını işə sərf edirəm. Evdə də olsa, gecə 2-3-ə qədər öz biznesim üzərində işləyirəm. Komandamızın artıq 10 nəfərdən çox üzvü var. İşçilərimiz də var, təcrübəçilər də. Onların hər birinin "Matrix"in böyüməsində əməyi var.


Xəbərə aid fotolar