"Qaynanam Elminaz xala mükəmməl insandır" FOTO


Digərləri 24 Mar 2019 19:45:00 320 0

"Qaynanam Elminaz xala mükəmməl insandır"  FOTO

Turanə Rəsulova: "Düşüncələrin energetik gücü dünyanın enerjisinə qarışır və ötürdüyün nədirsə, sənə qayıdır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Əsl Azərbaycan qadınının bütün keyfiyyətlərini özündə daşıyır. Əzmli, məqsədli, xəyalları geniş, güclü, vətənpərvər bununla yanaşı, qayğıkeş, ailə üçün hər şeyini fəda edəcək qədər ailəcanlı, bir o qədər də fədakar həyat yoldaşı və ana... Kim olduğunu, nə istədiyini bilir. Həyatın faniliyini dərk edib yaşamaq üçün gecikməmək lazım olduğunun fərqindədir. Deyir ki, sevgi, sayğı özündən fəda etdikcə, sənə fədakarlıqla qayıdan duyğulardır. Burada heç kim itirmir, hər kəs qazanır.

Müsahibimiz Türkiyədəki Hacettepe xəstəxanası anesteziya və reanimasiya bölümünün uzman həkimi Turanə Rəsulovadır.   - Turanə xanım, Tovuzda dünyaya gəlib, Bakıda oxuyub, Almaniyada təhsil alıb, Türkiyədə işləmək... Xüsusilə, sizin dövrdə qızların zərif yox, zəif olduğunun düşünüldüyü bir vaxtda, "rayon" qızı bu yolu necə keçdi?

- Məncə, ən önəmlisi ailə və mühit faktorlarıdır. Ailəmin məndən ən böyük gözləntisi mükəmməl təhsil almaq idi. Atam hələ məktəbəqədər dövrdə bizə yazıb-oxumağı öyrətmişdi, saatlarla başqa ölkələrdən aldığı uşaq ensiklopediyalarını oxuyar, izah edərdi. Məktəb illərində axşamlar ailəmiz toplanıb məntiq məsələləri həll edərdik. 17 yaşımda ilk dəfə tək Avropaya tibbi təcrübə keçməyə gedəndə, atam tərəddüd etdi, babamla məsləhətləşdi, babam da əlbəttə ki, getsin dedi. Sonra hər il Avropanın ayrı-ayrı ölkələrində, Amerikada tibbi praktika keçdim. "Rayon" qızı məsələsinə gəldikdə isə, Tovuz kimi mərd, qonaqpərvər bir mühitdə doğulduğum üçün çox xoşbəxtəm. Tovuz mənə dəyər, güc qatıb, məhdudlaşdırmayıb.   - Adətən karyera imkanları baxımından kişilərin qadınlardan bir addım öndə olduqları deyilir. Siz necə düşünürsünüz. Bir qadının uğur qazanması üçün hansı faktorlar lazımdır?

- Haqlısınız, təbiət etibarilə qadın daha zərif, həssasdır. Amma müasir dünyada şəxsi keyfiyyətlər, əzmkarlıq, zəka, çalışqanlıq kimi özəlliklərin fonunda cinsiyyət önəmini itirir. Biz ailədə cinsi ayrı-seçkilik görməmişik, hər kəs öz seçdiyi yolda yalnız dəstək görüb. Zənnimcə, hər bir qadın ilk olaraq "qadın kimi" uğur qazanmaq düşüncəsini bir kənara qoyub, fərd kimi nailiyyət əldə etmək haqqında düşünməli, cəmiyyətin ona yükləmək istədiyi buxovlardan qurtulmalı və həyatdakı missiyası, hədəfləri haqqında qərar verməyi bacarmalıdır. Bu missiya övladlar böyüdüb, insan tərbiyə etmək, özünü ailənə həsr etmək də ola bilər, ictimai-siyasi xadim olmaq da. Önəmli olan həyatdakı yerini, mövqeyini özün təyin edib qərar qəbul edə bilməkdir. Azərbaycan Sara Xatun, Tuti Bikə, Xurşidbanu Natavan, Şəfiqə Axundova kimi qadınlar yetişdirib. Ölkəmin insanı qədər qadına, anaya sayğı, sevgi ənənəsi hər məmləkətdə yoxdur. Müqayisə imkanlarım artdıqca gördüm ki, Azərbaycan istər hakimiyyətin xalqa münasibəti, istərsə də xalqın mədəniyyəti baxımından ən yaşamalı və gözəl ölkələrdən biridir. Vətən ən böyük dəyərdir və Azərbaycan qadını olaraq biz də vətənimiz üçün əlimizdən gələni etməliyik.

- Turanə xanım, qidalanma fəlsəfəsindən danışarkən, bu məsələdə xüsusilə təkamülə baxmağı lazım bilirsiniz. Nə üçün?

- İnsanın peşəsi zamanla onun düşünmə şəklini formalaşdırır. Mən həkiməm. Hər bir xəstəni, xəstəliyi ardıcıllıqla analiz edirəm. Həkimlərdə bu psixologiya, analitik təfəkkür həyatın hər sferasına yönlənir. Bu gün dünyanın ən böyük problemlərindən biri şəkərli diabet xəstəliyidir. Əməliyyata aldığımız və ya reanimasiyaya qəbul etdiyimiz xəstələrin ürək, böyrəklər,  göz və s. orqan və sistemləri şəkərli diabet səbəbiylə zədələnmiş və hətta sıradan çıxmış olur. Diabet insanların həyat keyfiyyətini aşağı salır, xəstəliklərə dözümlülüyünü azaldır və ömrünü qısaldır. Əlbəttə ki, hər bir xəstəliyin yaranmasında genetik faktor danılmazdır. Lakin, ətraf mühit, qidalanma faktorları da ən az genetika qədər önəmlidir. Şəkərli diabet xəstəliyinin bu qədər artması birmənalı şəkildə qidalanma fəlsəfəmizin doğru olmamağından qaynaqlanır. İnsan orqanizmi təkamül nəticəsində bugünkü formasını alıb və bu proses statik deyil, davam edir, zərrə-zərrə dəyişdirir, dəyişəcək. Amma təkamülün canlını mühitə uyğunlaşdırması üçün olduqca uzun zamana ehtiyacı var. Sözümün canı nədir? Bizim bugünkü orqanizmimiz bu qədər şəkər tükətməyə hesablanmayıb. Şəkərin istehsal tarixindən bu günə qədər keçən zaman təkamül üçün çox azdır. Bizim mədəaltı vəzimiz bu qədər şəkəri parçalayacaq qədər insulin istehsal etməyə "planlanmayıb". Bu səbəbdən şəkərli diabet bu qədər yayılıb. Qidalanma fəlsəfəsi formalaşdırmaq üçün də təkamülə baxmaq lazımdır. Ən qədim, ən təbii, ən dəyişdirilməmiş qida ən faydalı olandır.   - Maraqlıdır, həm də insan sağlamlığının həyata baxış tərzindən qaynaqlandığını düşünürsünüz... Apardığınız müşahidələrə əsasən, həkim kimi sizcə, sağlamlığın ana qaydası nədir?

- Hacettepe poliklinikasında 2 həkim gün ərzində təxminən 150 xəstəyə baxırıq. Bir ay ərzində baxdığımız 3000-dən çox xəstədə müşahidələr apardım. Deməli, 80 yaşlarında gündə 2 paketdən çox 60 il siqaret çəkib bəsit əməliyyata alınan xəstə də gördüm, idmanla məşğul olan, zərərli heç bir vərdişi olmayan 20 yaşlarında dil xərçəngindən əməliyyat olacaq xəstə də. Bunlar uc nöqtələrdir əlbəttə, heç kimə siqaret zərərsizdir demirəm, xərçəng yarada bilir, kanserogen olduğu elmi sübut edilib. Amma özüm üçün bəlkə subyektiv, bəlkə kimisinin gözünə yanlış görünəcək, çıxardığım nəticə budur: İnsanın sağlam olması ruhdan, baxışdan, yumor hissindən, həyata münasibətindən qaynaqlanır. Bütün risk faktorlarından qorunaraq sağlam qalacaqsan, uzun ömür yaşayacaqsan deyə, bir qayda yoxdur. Sağlamlığın qaydası yaşamağı bacarmaqdır - acısını, şirinini ruhunda hiss edə bilmək, bəzən özünə gülmək, həyatla harmoniya, insanlara, insanlığa sevgi və empatiya, eqodan, bütün cılız, kiçik qovğalardan uzaqda, üstdə dura bilməkdir. Yalnız bu halda həyat sınaq deyil, bəxşiş olur. Yalnız bu halda həyat sənə "bəsdir başqa problemlər çıxardın, bu qədər həvəslisənsə, al öz orqanizminin dərdləriylə məşğul ol" demir. Sağlam ruh, sağlam düşüncə sağlamlığın təməlidir. Onu da qeyd edim ki, mənim ixtisasıma anesteziya, reanimasiyadan əlavə alqologiya daxildir. Alqologiya baş, bel ağrıları, kürək ağrısı, neyropatik ağrı və s. kimi xronik ağrıları müalicə edir. Bəzən xəstə bədən ağrısı ilə gəlir. Müayinə edirsən, qan analizləri, MRT çəkirsən, hamısı təmiz çıxır. Yəni xəstənin bu ağrıları hiss etməsi üçün heç bir fiziki, fizioloji səbəbi yoxdur, amma ağrı həyatını qaraldıb. Bax bu yayğın vücud ağrısının müalicəsi antidepressantlardır. Sizcə, niyə? Çünki problem beyində, ruhsal vəziyyətdədir. Onu çözməsən və xəstə də özünə kömək etmək istəməsə, vücudu ağrıyla üsyan etməyə davam edəcək.   - Qarşısında aciz qaldığımız məsələlərdən biri də genetik keçən xəstəliklərdir. Bu, nə həyata baxışla düzəlir, nə də müalicə ilə...

- Əlbəttə genetika danılmazdır, genlərimiz bizim xəritəmizdir. Tibdə genetik predispozisyon dediyimiz genetik yatqınlıq anlayışı var. Məsələn, genlərim elə kodlaşıb ki, məndə ürək-damar xəstəliklərinə və ya deyək ki, mədə xərçənginə yaxalanmaq ehtimalı sizdən daha yüksəkdir. Biz eyni həyat tərzini seçsək, mən xəstələnəcəyəm, sizsə yox. Lakin bəzi dominant ötürülən istisnaları çıxmaqla bir çox xəstəlik multifaktorialdır. Yəni genetik meyillilik bu xəstəliyə düçar olacaqsınız demək deyil. Bu gün yeni bir elm sahəsi kimi Genetika inkişafdadır. Yaxın 20 il ərzində şahidi olacağıq ki, insanlar genetik xəritəsini çıxartdırır, hansı xəstəliklərə yatqın olduğunu öyrənir və ona uyğun qidalanma və həyat tərzi seçir. Yəni genetik meyillilik ətraf mühit, psixoloji faktorlarla dəstəklənəndə xəstəlik olur.

- Sağlamlıq üçün həm də kiçik, cılız qovğalardan uzaq durmağın lazım olduğunu demişsiniz. Bu kiçik qovğalar adətən necə yaranır?

- Bu qovğalar natamamlıq kompleksi, eqo təxmini, bəzən də boşluqdan yaranır. Mənim bir tezisim var - beyni yaxşı, faydalı nəsnələrlə doldurmasan, o pis və gərəksiz şeylərlə dolacaq. Məhz söz-söhbəti də yaradanlar o insanlardır. Övladıma münasibətdə də buna diqqət edirəm. İgidayın həyatında bu gün musiqi və idman var. Üzməyi bacarır, suda fəndlər edir, musiqini öyrənir. Bir uşağın həyatına musiqi və idmanı daxil etsən, avtomatik pis vərdişlərdən uzaq duracaq. Yanında atası, mən ancaq kitab oxuyuruq deyə, İgidayın kitaba, oxumağa böyük həvəsi var. Hələ 5 yaşı tamam olmayıb, cümlə yazır, toplama, çıxma bilir. Bəlkə, hər anaya tanışdır bu hiss, amma bəzən evimizdə balaca bir dahi yetişdirdiyimizi hiss edirik. Bu, çox əyləncəlidir.

- Almaniyada istədiyiniz mövqeyə çatdığınız vaxt həyat yoldaşınız xəstələndiyi üçün karyeranızın üzərindən xətt çəkib Azərbaycana qayıtdınız. Və sıfırdan başladınız. Bu nədir? Azərbaycan qadının fədakarlığı, sevgi yoxsa insanlıq?

- Ailə... İgidayın atasını sağlam və həmişə yanında görməsi üçün, ailəmizdən başqa heç nə düşünmədim, düşünə bilməzdim. Əziyyət çəkməliyiksə çəkərik, qazanarıq, bacararıq. Önəmli olan birlikdə olmaqdır.

- Aqşin bəy kişinin məişətdə boğulmasını sevmədiyini və sizi də sevmə səbəblərinin birinin bu olduğunu demişdi. Turanə xanım, qadın kişini məişətdə boğmamaq üçün nə etməlidir?

- Aqşin Yenisey şairdir, yazıçıdır. Yaradıcı insan vətənindir, bəşəriyyətindir. Onu məişətlə buxovlamaq, adiləşdirmək olmaz. Qadın kimlə yaşadığını bilməlidir. Aqşin Yeniseyin dünyası Azərbaycan ədəbiyyatı, poeziyası üçün dəyər yaradır. Oradan çıx, gəl, ütülü adamlardan biri ol deyilməz. O, mənim yox, hamımızındır. Amma, əlbəttə ki, sevgidə bunlar həmişə qarşılıqlı olur. Mənim günaşırı xəstəxanada növbədə olub, ailəmə-övladıma vaxt ayıra bilmədiyim, oğlumu xəstə-xəstə evdə atasının, nənəsinin yanında qoyub, başqa xəstə uşağın baş ucunda gecələdiyim günlər olub. Türkiyədə uzmanlıq qazana bilmək üçün il 14-15 saat oxuduğum zamanlar olub. Mən bütün belə zamanlarda Aqşindən yalnız dəstək görmüşəm. Bu gün mənim üçün Aqşinin Ankarada yaşamağının özü ən böyük fədakarlıq deyilmi? Sevgi, sayğı özündən fəda etdikcə, sənə fədakarlıqla qayıdan duyğulardır. Burda heç kim itirmir, hər kəs qazanır.

- "Ətalət və təslimiyyət seçimlərin ən rahatıdır. Hər gün ömürdən gedir və son torpaqdır".  Bu fikirlərlə nə demək istəyirsiniz?

- Bir çox halda ətalət və təslimiyyət seçimlərin ən rahatıdır. Soyuqda donarkən yuxuya dalmaq kimi - ən rahat, ən əlçatan, heç bir mübarizə və enerji gərəkdirməyən. Amma sonu nədir? Ölüm. Gənclərə demək istərdim ki, təslimiyyəti, ətaləti, oturmağı, vaxt keçirməyi seçməyin. Komfort zonasından çıxmadan böyümək, imkanlarını zorlamadan qınından çıxmaq mümkün deyil. Ən azı, 2 xarici dil öyrənin. Elə bir vaxt, elə bir şəkildə işinizə yarayacaq ki, dil bilmək... Ən çətin görünən hədəflər qoyun, vizyon formalaşdırın. Hər uğur özünüzü özünüzə sevdirəcək və həyatı daha mənalı edəcək. Ətalət və tənbəlliyə qalib gəlin, alın əlinizə oxuyun, imtahan verin. Hər gün ömürdən gedir və son torpaqdır. İstisnaları çıxmaqla, əmək yerdə qalmır. Mütləq müsbət geri dönüşü olur.


Xəbərə aid fotolar