"Əvvəlcə arvadını, sonra isə özünü bıçaqladığını dedi"


Kriminal 24 Mar 2019 14:33:00 269 0

"Əvvəlcə arvadını, sonra isə özünü bıçaqladığını dedi"

Qətl törətməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mahir Qocayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə yaralıların aparıldığı xəstəxananın sanitar işçisi Rüstəm Zahidov ifadə verib.  Şahid bildirib ki, xəstəxanaya gətirilən zaman Mahir Qocayev özündə olub və hadisə haqqında qısa məlumat verib: "Mən ondan soruşdum ki, sizə nə olub? Dedi ki, əvvəlcə qızı, sonra da özümü bıçaqlamışam". Amma Mahir Qocayev xəstəxanaya aparılan zaman şokda olduğunu və nə dediyini xatırlamadığını bildirib. Məhkəmədə yaralıları xəstəxanaya çatdıran maşının sürücüsü də ifadə verib. Şahid bildirib ki, yol boyu onlar heç nə danışmayıblar: "Məni Mahir Qocayevin bacısı çağırdı, mən də maşınla getdim və onları xəstəxanaya apardım. Hadisənin necə olması haqqında məlumatlı deyiləm". Mahir Qocayev elan olunmuş ittihamla özünü qismən təqsirli bilib və deyib ki, əvvəlcə arvadı Ülviyyə Allahverdiyeva onu bıçaqla vurub. Qocayev deyib ki, həyat yoldaşının əlindən bıçağı alandan sonra onu vurub. Hakim xatırladıb ki, ekspertiza rəyində Mahir Qocayevin öz-özünü bıçaqladığı qeyd edilir. Həyat yoldaşını sevdiyini bildirən Qocayev deyib ki, ilk olaraq Ülviyyə Allahverdiyeva onu bıçaqlayıb. Həbs edilən Qocayevin anası İradə Əliyeva məhkəmədə şahid qismində dindirilib. O, hadisəni digər qızından eşitdiyini bildirib: "Onların bir-birini bıçaqladığını dedi". Hakim isə şahidə istintaqdakı ifadəsini xatırladıb. Məlum olub ki, İradə Əliyeva istintaqa verdiyi ifadəsində oğlunun əvvəlcə arvadını, sonra isə özünü bıçaqladığını deyib. Bu xatırlatmadan sonra İradə Əliyeva müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini deyib. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi və anası S.Allahverdiyevaya söz verilib. O, heç bir şikayətinin olmadığını deyib. Fikrini isə belə əsaslandırıb ki, qızının qalan övladını düşünür. Hadisə ötən il oktyabrın 25-də Nərimanov rayonu, Xan Şuşinski küçəsi 63 ünvanında baş verib. 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu keçmiş arvadı, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızını qətlə yetirib. Mahir Qocayev cinayəti törətdikdən sonra intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib. Hadisənin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisə etməsi olub.