İslam ümumbəşəri dindir


Digərləri 23 Mar 2019 23:15:00 218 0

İslam ümumbəşəri dindir

İslam cahanşümul dindir. Bu din mesajlarını tayfa, qəbilə, millət, xalq fərqi qoymadan, indiki, gələcək zaman demədən, Asiya, Avropa, Amerika, Ərəbistan və s.-i nəzərə almadan açıq-aşkar hər kəsə təqdim edir. Dolayısı ilə o bütün bəşərə səslənir.

Son.az din.az-a istinadən bildirir ki, bunu Muhəmmədə (s) qədər olan peyğəmbərlərin "ey qövmüm, ey qövmüm..." ifadəsinin Reyğəmbərimizin dövründə "ey insanlar" halına gəlməsində də görmək mümkündür. Həmçinin bunu təsdiq edən bir çox ayə və hədis də göstərmək mümkündür:

"Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik" ("Ənbiya" surəsi, 21/107) ayəsi, "hər peyğəmbər öz tayfasına göndərildi. Mən isə bütün bəşəriyyətə göndərildim" hədisi həmin dəryadan ancaq bir damcıdır.

Ancaq İslam dini cahanşümul olduğunu göstərərkən "mən cahanşümul bir sisteməm..." kimi iddia ilə ortaya çıxmayıb. Bəlkə o belə bir iddiadan daha çox ortaya qoyduğu maddi-mənəvi dinamikləri etibarilə cahanşümul olduğunu sübut edib. Yəni İslam dini fərd, ailə və cəmiyyət həyatımıza elə dinamiklər və mesajlar təqdim edib ki, bəşərin təbiəti ilə uyğun gələn, uzlaşan bu mesajlar onun cahanşümul din olduğunun dəlili olub.

İslam bunu qarşısına məqsəd qoyarkən əvvəlcə insanı bütün müsbət və mənfi cəhətləri ilə bir bütöv halında qəbul edib. Hissləri, arzuları, ehtirası, kini, nifrəti, hirsi və məhəbbəti kimi... bütün cəhətləri ilə. Və onun gətirdiyi bu mesajlar qəbul edilən insan təbiətinin dəyərləri ilə heç vaxt toqquşmayıb. Buna görə də insan halal şəkildə axtardığı hər şeyi, hər hansı bir ziddiyyətə məruz qalmadan İslamda tapa bilər. Məsələn, fərd kamil insan olmaq istəyirsə, brahmanizm, mistisizm, buddizmdən heç nə gözləmədən İslama müraciət etməsi kifayətdir. Onun ailə nizamı, uşaq tərbiyəsi, qohumları ilə münasibətində bir problemi varsa, İslamın qaydalarına tabe olması kifayət edər. İqtisadi həyatı çətin vəziyyətdədirsə, Quran və Sünnənin hökmləri hər dərdə dərman olduğu kimi bu dərdə də əlacdır...

Bəli, İslam hər dərdə dərmandır, rububiyyət, uluhiyyət, ubudiyyət tövhidindən tutmuş ailəvi münasibətlərimizə, ictimai əlaqələrimizə kimi hamısına əlacdır. Həm də başqa bir şeyə ehtiyac qoymayacaq tərzdə.

Həmçinin İslamın çox az bir müddət ərzində Ərəbistan Yarımadasında ortaya çıxmasına baxmayaraq, Buxaraya, Sindabada, Çinə, Herakl qalasına (Herkul Bürcünə), Hindistana, Afrikaya, Bizansın qapılarına qədər gedib çıxması, getdiyi hər tərəfdə rəğbətlə qəbul edilməsi də ancaq onun mesajlarının cahanşümul olması ilə izah edilə bilər. Təsəvvür edin ki, etiqadla bağlı yüzlərlə nəzəriyyənin qol-budaq atdığı bu yerlərə İslam qılınc gücü ilə deyil, ardıcıllarının səsi və nəfəsi ilə daxil olur. Uranium atomu kimi hərəkətli, tarixdəki missiyası ilə bəşərin taleyinə hökm edən Türklər İslamla sakitləşərkən, Nirvanaya bağlanmış və ölmədən ölüm qabığına çəkilməyə namizəd olan millətlər də yenə İslamla həqiqi yaradılışı hiss ediblər.