Dəməşq, Bağdad və Tehran Moskvaya


Siyasət 23 Mar 2019 22:05:00 227 0

Dəməşq, Bağdad və Tehran Moskvaya

İran, Suriya və İraq orduları arasında yüksək səviyyədə əlaqələndirmə daha silahlı qruplaşmalar qarşısında təhlükəsizlik sahəsində ümumi çağırışlara cavabla kifayətlənmir. Bu əlaqələndirmənin güclənməsinə şərait yaradan və ictimaiyyətə sərgilənməsi üçün yeni siyasi amil meydana çıxıb. Bütün bunlar münaqişənin sıradakı mərhələsini ümumi şəkildə cizgiləyir.

Son.az strateq.az-a istinadən bildirir ki, dünən Dəməşqdə Suriya müdafiə naziri general Əli Abdulla Əyyub, İran silahlı qüvvələri Baş Qərargahının rəisi general Məhəmməd Baqiri və İraq ordusu baş Qərargah rəisi general-leytenant Osman əl-Qənimi arasında yüksək səviyyədə görüş olub.

Görüşdən sonra "hərbi sammit"in əsas mövzuları üzrə birgə mətbuat konfransı təşkil edilib. Bundan savayı, Suriya müdadfiə nazirinin iştirakıyla İraq və İran nümayəndə heyətinin prezident Bəşər Əsədlə görüşü baş tutub. Əsəd auditoriya qarşısında bildirib: "Suriya, İran və İraqı yaxşı münasibətlər bağlayır, bu, terrorizmlə mübarizədə Suriya, İran və İraq hərbçilərinin qanı qovuşanda möhkəmlənib".

Üçtərəfli məsləhətləşmələr münaqişənin sıradakı mərhələsinə hazırlığın başlandığından xəbər verir - başlıca vəzifələr İraq-Suriya sərhədinə və iki ölkə arasındakı buraxılış məntəqələrinə nəzarətdir. Bu, İordaniya ərazisinin Suriya və İraqla həmsərhəd olduğu ət-Tənfədəki amerikalılara, habelə amerikalıların kürd güclərilə əməkdaşlıq etdikləri Fəratın şərq sahilindəki Birləşmiş Ştatların hərbi bazalarına təhdiddir. Burada İsrail amili də var. Sərhədlərə nəzarət təşkil olunsa, buraxılış məntəqələri açılsa və üç ölkə Tehran-Beyrut qurşağını yaradaraq birləşsə, bütün bunlar bu barədə qabaqlar dəfələrlə bəyan etmiş İsrailin milli təhlükəsizlik məsələsi olacaq.

İran silahlı gücləri Baş Qərargah rəisinin bu kontekstdə qeyd etdiyi kimi, sərhəd NBM-nin açılmasının ticarət mübadiləsi, habelə turistlərin və qonaqların İrandan İraqa və İraqdan Suriyaya yer dəyişməsi üçün böyük önəmi var. İraq ordusu Baş Qərargah rəisi də elan edib: "Suriya və İraq sərhədinin kəsişməsində (Əbu-Kamal - əl-Qaim) ən yaxın günlərdə NBM açılacaq, səfərlər və qarşılıqlı ticarət davam edəcək".

İndiki anda Suriya və İraqı üç bağlı nəzarət-buraxılış məntəqəsi bağlayır. Bu, ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri və İŞİD arasındakı döyüş əməliyyatları zonasına bitişik Əbu-Kamaldır. О, Deyr-əz-Zorda hökumətyönlü güclərin nəzarətindədir. Sonra şimali-şərqdə əl-Hasəkə əyalətində kürd silahlı təşkilatlarının nəzarətində olan əl-Yərubiyə NBM gəlir. Və nəhayət, beynəlxalq alyans güclərinin, birinci növbədə Amerika hərbçiləri və onların dəstəklədiyi silahlı qruplaşmaların nəzarət etdiyi ət-Tənf NBM-dir.

Tərəflər İraq-Suriya sərhəd məsələlərilə yanaşı Amerikanın Suriyada iştirakı və bunun ləğvi yollarını müzakirə ediblər. Görüşə qatılanlar habelə hələ də terrorçu təşkilatların nəzarətində olan İdlibdəki duruma toxunublar. Suriya müdafiə naziri general Əli Əyyubun bununla bağlı qeyd etdiyi kimi, Suriya ordusu ət-Tənfi işğal etmiş Birləşmiş Ştatlar qoşunlarının sıxışdırılması üçün gərəkli bütün rıçaqlara sahibdir. Onun sözlərinə görə, Amerika və başqa güclər Suriya ərazisini tərk edəcəklər. Bundan başqa, nazirin qeyd etdiyi kimi, Amerika hərbçilərinin üstünlüyü Suriya Demokratik Qüvvələridir. "Biz ya onlarla sülh bağlayacaq, ya da öz torpaqlarımzı azad edəcəyik. Bizim seçim - başqasının deyil, bizim iradəmizə uyğun olaraq suriyalı kimi bir yerdə yaşamaqdır".

İranın briqada generalı Məhəmməd Baqiri öz tərəfindən bildirib: "Biz bu görüşün gedişində hər bir ölkənin öz torpağındakı suverenliyini təsdiq etdik, habelə hansı bəhanəylə haqq qazandırılır-qazandırılsın, qanunsuz hərbi iştirakla razılaşmadığımızı ifadə etdik. Bu həm Suriyanın əl-Cəzirəsinə, həm də İdlib və ət-Tənfəyə aiddir. Biz bu torpaqlar üzərində suverenliyin qaytarılması yollarını müzakirə etdik,  qəti qərarı da Suriya dövləti və ordusu qəbul edəcək".

Söhbət birinci növbədə Amerika və Türkiyə hərbçilərindən gedib. İdlibdəki duruma gəlincə, Suriya müdafiə naziri qeyd edib: "İdlib heç vaxt istisna olmayacaq. Bu, dörd təhlükəsizlik zonasından biridir. Qalan üç zona Suriya dövlətinin nəzarətinə qayıdıb. İdlibdə və başqa bölgələrdə də belə olacaq".

Nəhayət, general İsrailin Suriyaya hücumlarını şərh edib: "Biz İsrailin bütün hücumlarına effektli və peşəkarcasına reaksiya verərək düşmən raketlərinin çoxunu vururuq. Bu, təzavüzkar planların iflası deməkdir".

Çox güman ki, dünənki görüşlərin ən fövqəladə yönü Rusiya tərəfi təmsilçilərinin yoxluğu olub. Bu durum siyasi səbəblərdən məhrum deyil: görüş iştirakçılarının diqqət cəmlədiyi bəndlər Türkiyə ilə sazişlərinə, İsraillə "koordinasiyaya" sadiq olan və özünü İsrailin düşmənə qarşı fəaliyyətinin iştirakçısı saymayan Rusiyanın maraqlarıyla uyuşmur. Nəhayət, Moskva üç ölkənin birləşməsində maraqlı deyil. Ekspertlərin hesab etdikləri kimi, Rusiya bu görüşlərə qatılmamağa razılaşıb ki, onun iştirakı bəzi incə məqamlarla bağlı heç kimi pərt etməsin. Bu arada, "Al-Akhbar"-ın məlumatlı qaynaqlarının fikrincə, Moskva təmsilçisinin yoxluğu  görüşün qabaqcadan razılaşdırılmış proqramı və Rusiyanın sərhədlər, NBM-lər, Amerikanın iştirakı, İsrailin Suriyaya hücumları və İdlib problemi məsələləri üzrə Rusiyanın baxışının uyuşmazlığıyla bağlıdır.