Qida rejimi çəkimizə necə təsir edir?


Digərləri 23 Mar 2019 20:43:00 237 0

Qida rejimi çəkimizə necə təsir edir?

İnsanın bədən saatı, metabolizması və həzm sistemi arasında qarışıq bir əlaqə mövcuddur. Ona görə də sadəcə nə yediyiniz yox, həm də nə vaxt yediyiniz önəmlidir.

ABŞ-da həyata keçirilən araşdırma nəticəsində məlum olub ki, ali təhsilə başlayan gənclər tez bir zamanda, təxminən, 7 kilo kökəlirlər.

Bunun səbəbləri arasında hazır yemək və fiziki aktivliyin azalması ön sırada gəlir. Mütəxəssislər gec saatlarda yemək, spirtli içki içmək və nizamsız yuxu problemlərinə də diqqət çəkirlər.

Diabet və ürək xəstəlikləriylə yanaşı, çəki artımının da yediyimiz yeməklərin kalorisindən asılı olduğu çox deyilib.

Amma araşdırmalar göstərir ki, sadəcə nə yediyimizin yox, nə vaxt yeməmiz də olduqca vacib faktordur.

Yemək saatları nə üçün önəmlidir?

Çəki azaltmaq üçün tətbiq edilən pəhrizlərin fərqli təsirlərindən də görünür ki, eyni miqdarda qəbul edilən kalorilər hamıda eyni nəticələrə gətirib çıxarmır. Səhər yeməyində kalori qəbul edənlər bunu şam yeməyində edənlərdən 2,5 dəfə çox arıqlayırlar.

Bir çox insan bunun səbəbini gecə yeyilən yeməklərdəki kalorinin heç sərf edilməməsiylə izah edir. Halbuki orqanizm hətta yuxu halında da fəaliyyət göstərir və deməli, gecələr də enerji itirir.

Kalorinin təkcə miqdarı yox, qəbul edildiyi zaman da önəmlidir.

Kökəlməyin daha hansı səbəbləri var?

Səhər yeməyini həzm etmək üçün daha çox enerji sərf edildiyi bilinən faktdır. Amma bunun çəkiyə təsirini sübut edən konkret faktlar mövcud deyil.

Daha bir ehtimal, gecələr yemək yeməyin gün ərzindəki ümumi qidalanma müddətini uzatmasıdır. Bu, həzm sisteminin bərpa olunmaq və yağları əridə bilmək fürsətini azaldır, çünki bu proses orqanlarımız qida qəbulunun bitdiyini "anladığı" zaman başlayır.

Bədən saatımızın uyğunluğu

Bədən saatı mütəxəssisi, amerikalı bioloq Satchin Panda hesab edir ki, qida qəbulu saatlarını gün işığına görə müəyyənləşdirən əcdadlarımızdan fərqli olaraq, ABŞ-da insanlar 15 saatlıq bir aralıqda yemək yeyir və kalorilərin üçdə birindən çox hissəsini axşam saat 6-dan sonra qəbul edirlər.

Ali təhsilə başlayan gənclər də daxil, orqanizmin tələb etdiyindən az yatan insanlar həm gec saatlarda, həm də tezdən yemək yedikləri üçün bədənin qida qəbuluyla məşğul olma müddətini artırırlar.

Bundan başqa, az yuxu yatmaq insanın qərar qəbul etmə və özünənəzarət mexanizmlərini pozaraq zərərli ərzaqlara yönəlmə riskini artırır, "aclıq hormonu" kimi tanınan leptin və girelin hormonlarının səviyyəsinə təsir edib iştahı çoxaldır. Beləliklə, kökəlməyə meyllilik də artır.

İnsanın bioloji saatı bir-biri ilə əlaqəli siqnal sistemləri sayəsində həzm və metabolizma sistemləriylə qarşılıqlı təsir halındadır. Jetlag və növbəli fəaliyyətin uzun müddətli təsirinin öyrənilməsi üçün bu məqam çox önəmlidir.

Hüceyrələrimizin hər birində bədənimizdəki fizioloji prosesləri və davranışlarımızı nizama salan molekulyar saatlar var. Hormonların və neyromediatorların miqdarını; təzyiq və immun sistemi hüceyrələrinin aktivliyini; yuxu və ayıqlıq hissini nizamlayanlar da məhz bu saatlardır.

Onlar həm bir-biriylə, həm də gün işığına hesablanmış şəkildə sinxron fəaliyyət göstərirlər. Bunu beyin toxumasındakı "kiyazmatik nüvə" adlanan bölümün siqnalları təmin edir. Xarici aləmlə əlaqəni isə gözün arxasındakı işığa həssas hüceyrələr təmin edir.

Bu bədən saatlarının əsas işi ətrafımızdakı nizamlı hadisələrə hazır olmaqdır.

Bunlardan biri də yemək saatıdır. Günün fərqli saatlarında fərqli biokimyəvi reaksiyalar həyata keçirərək daxili orqanlarımız arasında iş bölgüsünü və hər bir orqanın dincəlmə müddətini müəyyən edir.