İslam dinində məhbuslara münasibət


Digərləri 23 Mar 2019 19:45:00 208 0

İslam dinində məhbuslara münasibət

İslam dini yaşayan və düşünən insanlar üçün gəlmişdir. Bu dində bütün canlı və cansızlarla bağlı müəyyən qaydalar, haqq və hüquqlar mövcuddur. Bütün yaradılanlar insan üçün xəlq edildiyi halda, bəşər bəzən nəfsinin mənfi arzu və istəklərinə məğlub olur. Bu məğlubiyyətlərdən biri də cinayətdir. Amma cinayəti törədən də yenə insandır. Bəs belə olduğu halda cinayət törətmiş məhbuslarla bağlı məsələlər öz həllini necə tapır? Bəli, indi gələk sizin sualınızın cavabına. İslam dini məhbuslara və onların saxlanma şəraitinə böyük diqqət yetirmiş və bununla bağlı müəyyən şərtlər də qoymuşdur. Bu cür məsələlərə başqa bir yerdə rast gəlmək qeyri-mümkündür. İslam hüquqşünasları olan fəqihlər öz əsərlərində məhbuslarla bağlı hökmlər, onların saxlanma şəraiti və davranış qaydalarını müəyyənləşdirmişlər. Bu qayğı İslam dinində insanın qorunması və ona olan hörmətdən irəli gəlir.

Son.az din.az-a istinadən bildirir ki, məsələnin başa düşülməsini daha da asanlaşdırmaq və hökmləri daha anlaşıqlı etmək üçün alimlər müzakirə predmetini iki hissəyə bölüblər:

1. Məhbusların şəxsi sağlamlığına dair hökmlər;

2. Həbsxana kimi istifadəyə verilmiş yerdə sağlamlıq şəraitinə dair hökmlər.

MƏHBUSLARIN ŞƏXSİ SAĞLAMLIĞI

Xəstə insanı həbs etmək

Müsəlman hüquqşünaslar ilk növbədə xəstə olan bir insanı həbs etmək məsələsini müzakirə etmişlər. Səlahiyyətli orqanların xəstə insanı həbs etmək hüququ varmı? Bu məsələdə yekun qərar həmin şəxsin hansı səbəbə görə həbs olunmalı olduğunu, xəstəliyinin nə dərəcədə ciddi olduğunu və həbsxanada onun sağlamlığının qayğısına qalmağın mümkünlüyünü götür-qoy edən hakim tərəfindən verilir. Əgər həbsxanada həmin xəstə üçün sağlamlıq şəraiti yetərli isə və həbs olunacağı təqdirdə ölümünə səbəb ola biləcək ciddi bir xəstəlikdən əziyyət çəkmirsə, onu həbs etmək olar. Əgər bu cür qayğı təmin olunmayıbsa, hakim onu tamamilə azadlığa buraxmadan təkrar həbs etmək mümkün olana kimi müttəhimi müalicə edəcək və qoruyacaq bir quruma və ya şəxsə həvalə edə bilər.

Əgər məhbus həbsdə ikən xəstələnərsə, həbsxanada onu müalicə etmək imkanı olarsa, bu halda məhbus həbsxananın daxilində müalicə olunmalıdır. Həkimlər və xidmətçilərin ona maneəsiz baş çəkməyinə, onu müalicə etməyinə və qulluq göstərməyinə imkan yaradılmalıdır. Əgər müalicəsiz buraxılması onun ölümü ilə nəticələnərsə, buna səbəb olan şəxslər cinayət məsuliyyəti daşıyırlar.

Peyğəmbər (s) zəncirlənmiş bir məhbusun yanından keçirdi və bu vaxt məbhus: "Ey Muhəmməd, ey Muhəmməd", - deyə səsləndi. Peyğəmbər onun yanına gəldi və dedi: "Nə olub?" O dedi: "Mən acam, məni yedizdirin. Mən susuzam, mənə su verin". Peyğəmbər (s) dərhal onun ehtiyaclarının ödənilməsinə dair göstəriş verdi (Muslim, 3/1263). Şübhəsiz ki, xəstənin tibbi müayinəyə ehtiyacı var.

Bununla belə, onu həbsxana daxilində müalicə etmək mümkün deyilsə, bu halda məhbus həbsxana müdiriyyətinin nəzarəti, yaxud ona nəzarət və mühafizə etmək üçün bu məqsədlə vəzifələndirilmiş bir şəxsin rəhbərliyi altında müalicəsi mümkün olan bir yerə aparılmalıdır.

Hökmlərə gəldikdə fəqihlər fiziki xəstəliklə ruhi xəstəlik arasında fərq qoymurlar (Bir çox hüquqşünasın cinayətkarları həbsdən azad etmək üçün istifadə etdiyi süni ruhi xəstəlik, yaxud intensiv ruhi xəstəlikdən fərqli olaraq həqiqi ruhi xəstəlik). Elə buna görə də, fəqihlər məhbusun qaçmayacağından əmin olunduğu təqdirdə, qapının onun üzünə bağlanmasının, yaxud qaranlıq otağa qoymağın, ya bu və ya digər formada ona zərər verməyin, ya da onu qorxudacaq hər hansı bir şey etməyin icazəli olmadığını bildirmişlər.

Qohumlarının onu ziyarət etməsinə mane olunmamalıdır. Çünki bu onun sağlamlığına və psixologiyasına müsbət təsir edir.

Səlahiyyət orqanları və ya onların nümayəndəsi məhbusların sağlamlığının qayğısına qalmaq üçün həbsxanada xüsusi tibbi şöbə açmalıdırlar. Bu cür etməklə məhbuslar ictimai xəstəxanalara getmək ehtiyacından, orada ola biləcək təhqir və rəzalətə məruz qalmaqdan qurtulmuş olurlar.

Məhbusların həyat yoldaşları ilə görüşmələrinə icazə verilməlidir. Bu məqsədlə həbsxanada müvafiq yer hazırlanmalıdır. Həyat yoldaşlarının (zinadan) qorunması məqsədilə yaxınlıq etmələrinə imkan yaradılmalıdır.

Fəqihlər bildirirlər ki, məhbusların dəstəmaz almalarına və paklanmalarına imkan yaratmaq vacibdir. Bu isə sözsüz ki, xəstəliklərə qarşı ən mühüm qoruyucu ehtiyat tədbiridir.

HƏBSXANALARDA SAĞLAMLIQ ŞƏRAİTİNƏ DAİR HÖKMLƏR