Kiçik şirniyyat mağazası milyardlıq şirkətə necə çevrildi?


Digərləri 23 Mar 2019 18:36:00 246 0

Kiçik şirniyyat mağazası milyardlıq şirkətə necə çevrildi?

Ferrero ailəsi uzun illərdir ki, İtaliyanın ən varlı ailəsi olaraq "Forbes"in siyahısında yer alır. Bu ilin hesabatlarına görə, şirkətin hazırkı rəhbəri Ciovanni Ferrero və ailəsinin sərvəti 22,4 milyard dollardır. Bəs ailə bu qədər sərvəti necə əldə edib?

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ferrero ailəsi dünyanın məşhur Ferrero şirkətinin sahibidir. Şirkətin istehsal etdiyi "Nutella", "Kinder" və "Ferrero Rocher" şokoladları dünyaca məşhurdur.

"Ferrero"nun tarixi isə 1940-cı illərə gedib çıxır. II Dünya Müharibəsi ərəfəsində italyan tort ustası Pietro Ferrero ərzaq qıtlığı səbəbindən əlçatmaz olan şokoladları daha ucuz əldə etmək məqsədilə müxtəlif təcrübələr həyata keçirir. 1946-cı ildə bol fındıqlı, az miqdarda şəkər və kakonun qarışığından şokolad hazırlayır. Bu, "Nutella"nın ilk versiyası olan "Giandujot" məhsulu idi.

Məhsula tələbat artdıqdan sonra isə Pietro və həyat yoldaşı Piera kiçik şirniyyat evini fabrikə çevirirlər. Ferrero ailəsi II Dünya Müharibəsindən sonra şəkər sektorunda xaricdə istehsalat müəssisələri açan ilk italyan ailə idi ki, daha sonra şirkət beynəlxalq qrupa çevrilir. Bu addımlar ilk növbədə Pietro Ferrero və o zamanlar hələ gənc olan oğlu Mişelin uğurlu icadlarının nəticəsi idi. Artıq satışlar getdikcə artırdı, çünki Pietronun qardaşı Ciovanni uğurlu ticarət şəbəkəsi yaratmışdı. 

Müharibədən sonra, 1949-cu ildə Pietro şokoladın yeni, çörəyin üzərinə sürtərək yeyilən növünü - "Supercrema Giandujot"u hazırlayır. Elə həmin il Pietro vəfat etdiyindən, şirkətin başına qardaşı Ciovanni keçir. "Ferrero"nun xaricdə ilk istehsal mərkəzi 1956-cı ildə, Frankfurtda açılır. 1957-ci ildə Ciovanni infarkt səbəbindən dünyasını dəyişdiyi üçün şirkətin başına Pietronun oğlu Mişel keçir. Yeni məhsullar yaratmaq əzmi ilə çalışan Mişelin sayəsində şirkət indiki gücünü əldə edir. 

Atasından qalan şirkəti bir pillə də yuxarı çıxaran Mişel 1964-cü ildə saysız təcrübələrin ardından "Nutella"nın indiki formulunu tapır. Almaniyadan sonra Avstriya, Fransa, İtaliya bazarlarına daxil olan "Ferrero" böyüdükcə Avropanın sərhədlərini aşmağa başlayır və Ekvadora, Avstraliyaya və Honq Konqa qədər gedib çıxır. 1986-cı ildə şirkətin gəlirləri təxminən 1,5 milyard dollara çatmışdı.