"Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."


Digərləri 23 Mar 2019 13:34:00 311 0

"Telmandan soruşdum, bəs Monika Belluçi nə edəcək, dedi ki..."

"525-ci qəzet"in əməkdaşı Türkan Turan Türkiyənin tanınmış yazıçısı, musiqiçisi və rejissoru Zülfü Livanelidən müsahibə alıb.

Son.az xəbər verir ki, Zülfü Livaneli müsahibədə məşhur azərbaycanlı iş adamı Telman İsmayılov haqda danışaraq bir neçə maraqlı məqamlara toxunub:

Sərhədləri yarıb keçən, yerlə göyün arasına sığmağa çətinlik çəkən, ömür iplərinin üstündə tək ayaqla irəliləyən, fəzaya qalxıb sonsuza qədər orada yaşayacağını zənn edən insanlar həmişə maraqlı görünüblər. Həyatı ilə çilingağac oynayan, onu  riskə-qumara qoyan, hətta "rus ruleti" kimi bir güllənin ucuna tuşlayanlar hər zaman düşündürüblər.

Görəsən, insanı özü ilə bu cür rəftar etməyə yaşadığı hansı zədə sürükləyir?! Nazim Hikmət, "Yaşamağa dair" şeirində yəqin bunları nəzərdə tuturmuş. "Yaşamak şakaya gelmez, büyük bir ciddiyetle yaşayacaksın..." deyirdi böyük ustad! Hər dəfə onun həyatından, atdığı addımlardan söhbət açılanda bu misralar yadıma düşürdü: həyat, ciddiyyət, zarafat, oyun, oyun, oyun...

Rusiyada yaşayan milyarder, iş adamı, "AST" Şirkətlər qrupunun sahibi, "AST Telman" kimi tanınan Telman İsmayılovu deyirəm. Beş-altı aydır onunla bağlı söhbətlərə şahid oluram. Danışılanları maraqla dinləyir, özüm üçün analiz edirəm. Etiraf edim ki, mətbuatda haqqında gedən xəbərləri nə vaxt oxusam, bunun şişirdilmiş olduğunu zənn edirdim. Ta ki yazıçı, siyasətçi, musiqiçi, rejissor, ssenarist Zülfü Livanelinin dilindən eşidənə qədər. "525-ci qəzet"ə ilk dəfə ötən ilin noyabr ayında müsahibə verəndə onunla bağlı öz aramızda danışmışdıq. Sonrakı görüşlərdə də bənzər mövzular açılmışdı. Hər dəfə söhbət dərinləşdikcə bu haqda yazmaq istəyim daha da güclənirdi. Livanelinin Telman İsmayılovla bağlı danışıb-danışmayacağını öyrənmək üçün dəfələrlə müxtəlif formalarda eyham vursam da, həmişə tərəddüd etdiyini görürdüm. Sonuncu dəfə yenə söhbət açılanda xahiş etdim, razılaşdı, qarşı tərəfi incitməyəcək şəkildə bəhs edəcəyini dedi.

"Concorde"dan başlayıb, "Mardan Palace"dan keçib, Avropaya qədər uzanan tanışlıq...

- Telman İsmayılov Azərbaycandan tanıdığım maraqlı insanlardan biridir. Antalyada "Mardan Palace" otelini tikdirirdi. Həmin otelin inşaat işləri, memarlığı ilə dostumun firması məşğul olurdu. Dostumun Antalyada "Concorde" adlı bir oteli var. Orada qaldığım günlərdə mənə azərbaycanlı iş adamından bəhs edərək, nəhəng proje ilə bağlı anlaşdıqlarından, birlikdə işə başlayacaqlarından danışmışdı. Bir gün yenə eyni oteldə qalarkən dostum zəng etdi. Dedi ki, Telman İsmayılov bizim oteli görmək istəyir, əgər sənin də vaxtın varsa, birgə yemək yeyək. Onu ilk dəfə həmin yeməkdə tanıdım. Uzun bir masa idi, ətrafda müxtəlif insanlar və təbii ki, çoxlu sayda rus mühafizəçilər vardı. Elə həmin söhbətdə Telman İsmayılov Çingiz Aytmatovun dostu olduğumu öyrəndi. Xeyli ondan, xatirələrdən danışdıq. Bütün bunlardan çox təsirləndi. Onda mənə məlum oldu ki, yazıçılara xüsusi hörməti var.

Elə həmin görüşdə dedi ki, oğluma Praqada ad günü keçirəcəm, dəvət etsəm, siz də gələ bilərsiniz? Elə bir vəziyyət yarandı ki, qəbul etməli oldum. Tikinti şirkətinin sahibi olan həmin ortaq dostumuzla Praqaya getdik. Hava limanında hərəkət iflic olmuşdu. Bütün rusiyalı oliqarxlar orada olduğu üçün lüks avtomobillərdən keçilməyəcək vəziyyət yaranmışdı. Praqa otellərindən birində çox gözəl, dəbdəbəli doğum günü mərasimi təşkil etmişdilər. Səhnədə Azərbaycandan və Rusiyadan dəvət edilmiş orkestrlər, opera sənətçiləri var idi. Məni görəndə bayaqdan bəri susmayan musiqini dayandırdı və dəvətini qəbul edib ad gününə qatıldığım üçün təşəkkürünü bildirdi, hər kəsə xüsusi təqdim etdi. Sonra masalardan birində əyləşdik. Stolun üstündə "Belyuqa vodka"lar, konyaklar, şərablar, kürülər düzülmüşdü. Demək olar ki, bir quş südü əskik idi. Elə hazırlaşırdım əlimi uzadıb kürünün dadına baxım, həmin an kiminsə arxadan qollarımı tutduğunu gördüm. Çevrilib baxdım ki, Telman İsmayılovdur. Dedi ki, stolun üstündəkilərdən yemə, onlar yaxşı deyil. Bakıdan sənə ləzzətli yeməklər hazırladıb gətirtmişəm, onlardan ye. Dolmalar, lüləkabablar, ətlər gətirdi önümə, nə balıqlara, nə də kürülərə toxuna bildim. Həmin gün ancaq Bakı yeməkləri yedim.

"Ən xırda əyləncə milyon dollardan başlayır"

- Praqada, təbii ki, mənim qatılmadığım, ancaq kənardan izlədiyim bir mənzərənin şahidi oldum. Oliqarxlar yığılıb oyun oynayırdılar. Qız içərisində yalnız biri brilliant daşlı həqiqi "Cartier" saatı, 9-u isə saxta olan torba ilə gəlir. Oliqarxlar bəxtini sınayır. Kimin əlinə saxta saat gəlsə, gülürlər, originalı tapan isə təbii ki, milyon dəyəri olan saat qazanır. Sonra "Patek Phlippe" saatı olan torba gətirilir. Gecə boyu bu cür oyunlar davam edir. Ən xırda əyləncələr milyon dollarla başlayır. Telman belə oyunları sevən adamdır!

"Monika Belluçi rəhmətlik atamın portretini qaldırmaq üçün gəlib"

- Sonra belə bir hadisə oldu. "Mardan Palas" otelinin tikintisi başa çatdı. Məni otelin açılışına dəvət etdi. Açılış mərasiminə çox az türkiyəli qatılmışdı. Əsas üstünlüyü Rusiyadan gələnlər, Hollivud ulduzları və Amerikanın ən tanınmış simaları təşkil edirdilər. Xeyli dəvətli vardı. Aparıcılar Riçard Girlə Şeron Stoun idi. Meri Keri, onun əri Tom Cons və sayları çox olduğu üçün əksəriyyətini unutduğum xeyli insan vardı. İzdihamlı ortam idi. Dolub-daşan yemək masaları, saysız içki növləri, kürülər, balıqlar həddən artıq idi.

Dəvətlilərdən biri də Monika Belluçi idi. Telmandan soruşdum ki, bütün gələnlərin hamısını anladım, bəs Monika Belluçi nə edəcək? Dedi ki, o da rəhmətlik atamın portretini qaldıracaq. Atasını çox sevirdi. Onun portretini əlində tutmaq üçün Monikanı çağırmışdı. Kim bilir, bu iş üçün ona neçə milyon vermişdi. Elə dediyi kimi də oldu. Ulduzlar səhnəyə çıxdılar, kimi mahnı oxudu, kimi aparıcılıq etdi. Belluçi də Mərdan İsmayılovun portretini əlində tutmuşdu. İki gün konsertlər, yeməklər, şou proqramlar davam etdi.

"Konsertimə gəlməyəcəyini demək üçün Antalyadan İstanbula uçdu"

- Bir neçə il əvvəl İstanbulda Harbiye Açıqhava Teatrında konsertim vardı. Hər il orada konsertim olurdu. Təsəvvür edin, cümə axşamı, İstanbul tıxacının ən kritik olduğu gün idi. Saat 16:00-17:00 arası solistlər və orkestrlə axşamkı konsertə hazırlaşırdım. Gələcək olan qonaqlar arasında Telman İsmayılovun da adı vardı. Yer də ayrılmışdı. Daha günəş batmamışdı, bir də baxdım ki, Telman oğlu ilə birlikdə səhnənin yanından yeriyərək mənə doğru gəlir. Təəccübləndim, "Xoş gəldin", amma konsertə hələ 4-5 saat var, niyə belə erkən gəldin, dedim?! Yox, dedi, mən konsertə gələ bilməyəcəm. Dedim, nə danışırsan, buradasan də, gəlmisən! Dedi, yox, gələ bilməyəcəyimi demək üçün gəlmişəm. Dedim, sən gələ bilməyəcəyini demək üçünmü oradan bura gəlmisən? Hə, dedi! Donub qaldım. Dedim, Antalyadan təyyarəyə mindin, hava limanına endin, cümə axşamı İstanbulun tıxacından keçib, bunu demək üçünmü gəldin? Hə, dedi! Moskvadan çox önəmli qonaqlarım gəlib, onlarla toplantıya qatılmalı olacam, buna görə bütün planlarım dəyişdi. Bu axşam mütləq Antalyada - oteldə olmalıyam! Yaxşı, anladım, zəng edərdin, vəziyyət belədir, mən gələ bilmirəm deyərdin. Yox, dedi, bu, böyük hörmətsizlik olardı, elə şey olar heç, özüm gəldim ki, bunu sizə birbaşa söyləyim. Məəttəl qaldım. Çaşğınlıqla üzünə baxdım, yaxşı, bir çay içək dedim. Kulisə dəvət etdim. Yeri gəlmişkən, İstanbul Harbiye Açıqhava Teatrı xüsusi yerlərdən biridir. Bütün dünya ulduzları orada konsert verir. Fəqət, kulisi həqiqətən də yaxşı deyil. Telman bir sağa baxdı, bir sola baxdı, ətrafa göz gəzdirdi, başdan ayağa süzdükdən sonra belə dedi: "Sizin yaxşı yeriniz buradır? Çox köhnədir. İcazə verin mən buraları təmir etdirim, yeniləyim".

"Kreml dietası": Hennesy XO, ət, quyruq..."

- Növbəti qarşılaşmamız isə işlə bağlı oldu. Mustafa Kamal Atatürkün həyatı ilə bağlı "Veda" adlı film çəkirdim. Dolmabahçe sarayında Atatürkün ölüm səhnələri vardı. Sarayda isə çəklişə icazə yoxdur. Hətta bütün hallarda bu, mümkün deyil. "Mardan Palace" otelinin pilləkənləri "Dolmabahçe"nin pilləkənləri ilə eyni idi. Bunu xüsusi qeyd edim ki, həmin otelə fantastik sayılacaq qədər çox pul xərcləndi. Fövqəladə bir şey idi. Həmin filmin səhnələrini o oteldə çəkməyi təklif etdik. Razılıq verdi, çox yaxşı olar, dedi. Antalyaya getdik, dostumun otelinə, "Concorde"ya yerləşdik. Bir almaniyalı operator olmaqla qrupdan 10 nəfərlik heyətlə "Mardan Palace"a çəkiliş edəcəyimiz yerlərə baxmağa yollandıq. Lazımlı nöqtələri təsbit edək dedik. Məlumdur ki, Telman hər zaman orada olmur. Sən demə, həmin gün orda imiş. Buyurun, xoş gəldiniz deyib, bizi qarşıladı. Ziyafət təşkil etdi. Yenə öz hərəkəti ilə məni təəccübləndirdi. Rus və türk qarsonları çağırdı, iki tərəfə topladı. Livanelinin mahnılarını oxuyun, hansınız daha yaxşı oxusanız sizə çoxlu pul verəcəm dedi. Biz oturub baxırdıq, qarsonlar da iki tərəfdə düzülüb oxuyurdular. Biri oxuya bilirdi, digəri bacarmırdı.

İlk tanış olduğumuz gün mənə dedi ki, ən bahalı konyak olan "Hennesy XO" içir. Təsəvvür edin, su içmir, sadəcə onu içirdi. Təyyarəsində bir manqal vardı, o manqal getdiyi hər yerə enirdi, Azərbaycandan gələn ətlər, quyruqlar onun üzərində qızardılırdı, ondan yeyir, "XO"dan içirdi. Başqa heç nə yox. Adamları da "Hennesy XO" içmək məcburiyyətində idi. Özü də su bardağı ilə içirdilər. Zərərli olduğunu deyirdim. Yox, yox, çox yaxşıdır, bunun "Kreml dietası" olduğunu deyirdi. Mənə də həmin su bardağı ilə konyak doldurdu, iç dedi. Dedim ki, incimə, mən belə içə bilmərəm, ölərəm! Məqbul şəkildə bir qurtum alaram. Nəysə, sonra içmədik. Həmin yemək zamanı da yenə "Henessy XO"lar, "Bellyuqa"lar, daha nələr-nələr təşkil elədi. Hər şey əla idi. Birdən bizim almaniyalı operatora dedi ki, sizin bir fotoaparat istehsalçısı olan firmanız var, "Lika"mı, nə deyirsiniz? Operator, hə, dedi, "Like" firmasıdır. Telman təsdiqlədi: "Hə, o" dedi!


Xəbərə aid fotolar