Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək


Digərləri 22 Mar 2019 13:03:00 182 0

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək

Onlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü təsis edilib

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezidentin aylıq təqaüdünün ödənilməsinə imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir. 25 fevral 2019-cu il tarixli Sərəncamla aprelin 1-dən Prezidentin həmin aylıq təqaüdü sosial müavinət alan I qrup əlilliyi olan şəxslərlə yanaşı, əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də ödəniləcək.