Yaxşılıq etməkdən zövq alan tələbə Örnək FOTO


Digərləri 22 Mar 2019 06:30:00 203 0

Yaxşılıq etməkdən zövq alan tələbə  Örnək  FOTO

Günay Əhmədova: "Təmənna güdmədən edilən yaxşılığın verdiyi mənəvi qida bütün qazanclardan qiymətlidir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Əl tutmaq Əlidən qalıb". Yəqin ki, bu deyimi eşitmisiniz. Çox təəssüf ki, bu gün belə "əl tutma"larla az hallarda rastlaşırıq. Ehtiyacı olan birinə yardım edib ona əl tutmaq hər zaman təqdir edilib. Bəziləri düşünür ki, kiməsə yaxşılıq etmək, xeyriyyəçiliklə məşğul olmaq üçün gərək pulun olsun. Amma pul şərt deyilmiş. Könüllü şəkildə yardım edərək də bu işin öhdəsindən gəlmək mümkündür. Eynilə gənc müsahibimiz Günay kimi...

Düzdür, insan etdiyi yaxşılığı deməməlidir. Amma biz bu gənci, onun gördüyü işləri cəmiyyətə tanıtmağı özümüzə borc bildik. Borc bildik ki, bu cür gənclərin davamı gəlsin...   "Yaxşılıq insana insanlığını xatırladır"   Uşaqlıqdan insanlara yaxşılıq etmək, xüsusilə uşaqları sevindirmək üçün çalışıb. Kimsəsiz uşaq onun yaralı yeridir. Ətrafında tanıdığı imkansız ailələrə yardım etməklə yanaşı, tez-tez uşaq evlərini ziyarət edir, onları sevindirir. Bunu tək öz maddi imkanları ilə etmir. Dost-tanışı da xeyriyyə aksiyasında iştirak etməyə çağırır. Düşünür ki, yaxşılıq insana insanlığını xatırladır. Ona görə, hər bir insan ehtiyacı olana bacardığı qədər kömək etməyə çalışsa, dünyamız gözəlləşər.

Həmsöhbətimiz Bakı Slavyan Universitetinin tələbəsi Günay Əhmədovadır. 24 yaşı var və ikinci təhsilini alır. Üstəlik, ikinci təhsil almasının səbəbi də insanlara kömək etmək istəyidir: "Azərbaycanda dünyaya gəlsəm də, Rusiyada yaşayırdıq. Mən 9-cu sinifdə olanda, ölkəmizə gəldik. İlk ali təhsilimi Xəzər Universitetində aldım. İngilis dili və rus dili üzrə tərcümə fakültəsini bitirdim. İkinci təhsilimi isə Bakı Slavyan Universitetində davam etdirirəm. İlk ixtisasım tərcüməçi olsa da, etiraf edirəm ki, hazırda təhsil aldığım "Təhsildə sosial-psixoloji xidmət" fakültəsini daha çox sevirəm. Çünki bu ixtisas mənə məktəbdə psixoloq kimi işləmək şansı verəcək. Məktəblilərlə daim ünsiyyətdə olmaq, onların problemlərini dinləmək və həll etmək mənə zövq verir. Çünki ən böyük problemlər məhz məktəb illərində başlayır. İstər karyeramda, istərsə də şəxsi həyatımdakı tək məqsədim insanlara faydalı olmaqdır".

"Yaxşılıq öz ətrafına maqnit kimi yeni tərəfdaşlar cəlb edir"   Məlumat üçün bildirək ki, Bakı Slavyan Universitetində tələbələr arasında hər il xeyriyyə aksiyası keçirilir. Ayrılıqda aksiyalara qoşulan müsahibimiz deyir ki, universitetdə belə bir ənənənin olduğunu biləndə çox sevinib. Hətta illik konfranslarında onu inkişaf etdirməyi təklif edib: "Bizim universitetdə ilin yekununa dair görülən işlər və prioritetlərlə bağlı konfranslarımız olur. Birinci kursda oxuyarkən ümumi, tələbələrin gördüyü işlərlə bağlı hesabatlar verirdik. Gələcək işlərdən danışanda, dedim ki, tələblərlə xeyriyyə tədbirlərinin sayını artırmağı düşünürük. Yaxşılıq elə bir hissdir ki, nə qədər çox olsa, ətrafa o qədər müsbət şəkildə yayılır və ətrafına maqnit kimi yeni tərəfdaşlar cəlb edir. Universitet rəhbərliyi məni dinlədi və ideyamı dəstəklədilər. Əvvəllər tək təşkilatlara, qruplara qoşulur, ayda 3-4 dəfə uşaq evlərinə gedir, yaxud ehtiyacı olan ailələrə yardımlar edirdim. Bunu universitet tələbələri ilə universitet adından təşkil etməyimiz başqa qürur idi. İki ay ərzində 4 dəfə Nəsimidə olan uşaq və qadın sığınacağına getdik. Daha sonra bir ailə tapdıq, qadın tək yaşayırdı və avtomobil qəzası keçirmişdi. Vəziyyəti yaxşı deyildi. Ona yardım etdik. Universitet tələbələri ilə təşkil etdiyimiz xeyriyyə tədbirləri çoxdur. Planlarımız, görüşlərimiz hələ də davam edir. Üstəlik, tələbələr yaxşılıq etdikcə, ondan zövq alır və daha çox etmək istəyirlər. Sıralarımız getdikcə çoxalır".


Xəbərə aid fotolar