İxlas – hikmət məktəbinin şagirdlərinin əsas işi


Digərləri 21 Mar 2019 23:10:00 248 0

İxlas – hikmət məktəbinin şagirdlərinin əsas işi

İxlas, həqiqət ardıcıllarını qırx gün ərzində ali hikmət dərəcələrinə çatdırır. Hikmət məktəbinin şagirdləri ixlas sayəsində təsəvvürə sığmayan bəsirət və yəqinlik əldə edirlər. Allahın Rəsulu (s) buyurur: "Hər kəs qırx gün yalnız Allah üçün işləsə, (Allahın xüsusi lütfünə hazır olaraq) qəlbindən dilinə hikmət bulaqları axar." ("Camius-səadət", 2-ci cild, səh.404.)

İxlasın əsası

Son.az maide.az-a istinadən bildirir ki, riya bəlasına düçar olanlar yəqin və inam mərhələsindən uzaqdırlar. İmam Əli (ə) buyurur: "İxlas yəqinin nəticəsidir." ("Fehresti Qurərul-hikəm".)

İnsan Allahı, qiyaməti, mükafatı və sair həqiqətləri anlaya bilər. Lakin yəqin və inam mərhələsinə çatmayan elm lazımı təsirə malik deyil. Hamı bilir ki, ölü heç bir işə qadir deyil. Lakin bir çoxları yenə də ölüdən qorxur.

Riyakar Allahı, qiyaməti və hesab-kitabı tanıya bilər. Lakin onun elmi yəqin mərhələsinə çatmadığı üçün ixlasdan uzaqlaşır. Yəqin halı çox ibadət sayəsində əldə edilir. Quran buyurur: "Yəqinə çatanadək ibadət et." ("Hicr" surəsi, ayə 99.)

Əgər yəqin etsən ki, aləm Allahın hüzurundadır, izzət bəxş etmək və kiçiltmək də Onun əlindədir. Dünya və dünya bərbəzəkləri xırda, ötəri və aldadıcı sərmayədir, əməl zamanı ixlasa çalışarıq.

İxlasın nəticəsi

İnsanın Allahla xalis əlaqəsi batinin nurlanmasına, səfalanmasına və qəflət pərdələrinin götürülməsinə səbəb olur. Nəticədə, həyatın çətin anlarında insana yol açılır. İmam Əli (ə) buyurur: "Qəlbə ixlasla yanaşı nuraniyyət və bəsirət gələr." ("Fehresti Qurərul-hikəm".)

Bu Qurani-Kərimin təqvanın nəticəsi kimi bəyan etdiyi həmin "fürqan"dır. (Haqla nahaqqı ayırd edən). (Bax: "Ənfal" surəsi, ayə 29.)