İran Azərbaycanında bayram


Dünya 21 Mar 2019 21:48:00 270 0

İran Azərbaycanında bayram

Təbriz və Urmiyə kimi şəhərlərdə fəaliyyət göstərən yerli media builki Novruz bayramının bahalıq üzündən keçmiş illərə görə olduqca səssiz və həyəcansız keçdiyini yazırlar.

Keçən bir neçə ay ərzində xüsusilə Təbriz, Urmiyə, Zəncan, Ərdəbil, Həmədan, Xoy və Marağa kimi böyük şəhərlərdə geyim, ərzaq, meyvə-tərəvəz və çərəz qiymətlərində neçə qat artım görünməkdədir.

Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən internet portalı Barış News Urmiyənin qədim bazarı və mağazaların yerləşdiyi küçələrdə keçmiş bayramlardakı izdiham və coşqudan heç bir xəbər olmadığını qeyd edib.

"Urmiyə şəhərinin küçələri və qədim bazarı bir müddət öncəyə qədər alış-verişə gələn əhali ilə dolu olurdu. Amma son aylar qiymətlərin iki qat və hətta üç qat artması əhalini qəribə bir şoka salıb," Barış News-un xəbərində dərc edilib.

Saytda yazılanlara görə, "qiymətlər artır, amma keyfiyyət düşür. Ailələrinin bayram ehtiyaclarını almaqda aciz olan əhalidən əlavə, satıcıların da vəziyyəti heç yaxşı deyil. Bayram günlərində bir az daha artıq qazanıb keçən ayların zərərini qarşılaya biləcəklərini ümid edən satıcılar xəyal qırıqlağına uğrayıb."