"The Washington Times" Azərbaycanın iqtisadisiyasi nailiyyətlərindən yazıb


Dünya 21 Mar 2019 21:21:00 242 0

"The Washington Times" Azərbaycanın iqtisadisiyasi nailiyyətlərindən yazıb

ABŞ-da çıxan "The Washington Times" qəzetində amerikalı siyasi şərhçi, Beynəlxalq Münasibətlər Şurasının üzvü Monika Kroulinin Azərbaycanın iqtisadi və siyasi nailiyyətlərindən bəhs edən məqaləsi dərc olunub.

ABŞ şərhçilərindən ibarət nümayəndə heyətinin tərkibində bu yaxınlarda Bakıda olmuş M.Krouli yazır ki, ölkədə vüsət alan tikinti bumu 20 əsrin hüdudlarındakı Texası xatırladır. Lakin bu bum ayfonların, "Starbucks" kafesinin və Bakı küşələrində "Uber"in olması ilə müşayiət edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanda bütün söhbətlər enerji sektoru - neft, təbii qaz, boru kəmərləri, beynəlxalq neft müqavilələri ilə bağlıdır. Neft-qaz sahəsi Azərbaycanın ümumi daxili məhsulunun 41 faizini və onun ixracatının 90 faizini təşkil edir. M.Krouli yazır ki, sovet hakimiyyətinin onilliklər boyu sürən əsarətindən sonra Azərbaycanda əsasən neft və qazın hərəkətə gətirdiyi kapitalizm özünə möhkəm yer edib.

Müəllif vurğulayır ki, bu qədim torpaqda köhnə nə varsa, yeni görkəm alır. Marko Polonun İpək Yolu - Asiyadan İrana və Avropaya qədim ticarət yolları Azərbaycandan keçib. Bu gün Yeni İpək Yolu yaradılır. Krouli məqaləsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun onunla söhbətində səsləndirdiyi fikirlərə də yer ayırır. Qeyd edir ki, bu İpək Yolunda Şərqi Asiyanın iqtisadi mərkəzlərini böyüməkdə və təşəkkül tapmaqda olan Qərb bazarları ilə birləşdirən müasir nəqliyyat və kommunikasiya şəbəkələri üstünlük təşkil edir. O vaxt olduğu kimi, indi də Azərbaycan bu ticarət yolunun mərkəzi stansiyasıdır. Xəzər dənizinə çıxışının olması ölkəyə enerji resurslarının qlobal axını üçün mühüm tranzit və logistika mərkəzinə çevrilmək imkanı verib.