Peyğəmbərin nəsihətləri


Digərləri 21 Mar 2019 18:50:00 213 0

Peyğəmbərin nəsihətləri

İbn Abbas demişdir: "Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - mənə buyurdu: "Oğul, gəl sənə bəzi şeyləri öyrədim. Allahı qoru, Allah da səni qorusun. Allahı qorusan, Onu qarşında taparsan. İstədikdə, yalnız Allahdan istə, kömək dilədikdə, yalnız Allahdan kömək dilə. Bil ki, insanlar sənə fayda vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir fayda verə bilməzlər. Həmçinin sənə zərər vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir zərər verə bilməzlər. Artıq qələmlər qaldırılmış və səhifələr qurumuşdur." Əbu Hureyra rəvayət edir ki, bir dəfə bir nəfər Peyğəmbərin - salləllahu aleyhi və səlləm - yanına gəlib: "Mənə nəsihət et!" - dedi. Peyğəmbər buyurdu: "Qəzəblənmə!" Adam dediyini bir neçə dəfə təkrar etdi. Peyğəmbər buyurdu: "Qəzəblənmə!" Abdullah ibn Amr ibn əl-As demişdir: "Muaz ibn Cəbəl səfər etmək istədi və dedi: "Ey Allahın peyğəmbəri, mənə nəsihət et?" O buyurdu: "Allaha heç bir şeyi şərik qoşmadan ibadət et!" Muaz dedi: "Ey Allahın Peyğəmbəri, mənə yenə nəsihət et!" O buyurdu: "Pislik etdikdə yaxşılıq et!" Muaz dedi: "Ey Allahın Elçisi, yenə nəsihət et!" O buyurdu: "Düz ol və əxlaqını gözəlləşdir!" Həmçinin, Peyğəmbər demişdir: "Harada olsan Allahdan qorx! Günah etdikdə ardınca yaxşılıq et ki, onu silsin və insanlarla gözəl əxlaqla davran!"