Biz kimlərlə dost oluruq? Yalnız öz çevrəmizdəkilərlə,


Digərləri 21 Mar 2019 13:10:00 237 0

Biz kimlərlə dost oluruq? Yalnız öz çevrəmizdəkilərlə,

Adətən, sosioloqlar deyirlər ki, bir qayda olaraq insanlar yaxın ətraflarında olanlarla dostluq edirlər. Ancaq bu yaxınlarda BBC-nin sifarişiylə aparlmış araşdırma göstərib ki, əslində bizim sosial çevrəmiz xeyli genişdir.

"İpsos MORİ" şirkəti 27 ölkədə internetə çıxışı olan 20 min insan arasında sorğu keçirib.

Suallar dost seçmə prinsipləri və digər sosial qruplardakı fərqli mövqeli şəxslərə münasibət məsələlərini əhatə edib.

Respondentlərin çoxu müxtəlif insanlarla dostluq etməyə hazır olduqlarını bildiriblər.

Rəyi soruşulanların yarısı razılaşıb ki, hətta bəyənmədiyin fikirləri də dinləmək lazımdır. Amma məhz bu cür davrandığını bildirənlərin sayı az olub.

Araşdırma qrupunun rəhbəri Glenn Gottfried deyir ki, "bizim ictimaiyyətə faydalı hesab etdiyimiz şeylə gündəlik davranışlarımız arasında fərq var".

Sorğuya cəlb edilən ölkələr arasında Rusiya da var.

"İpsos MORİ"-nin sosioloqları qeyd edirlər ki, bu ölkədə (o cümlədən, Türkiyə, Rumıniya, Serbiya, Braziliya, Kolumbiya, Meksika, Peru, Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Tailand və Cənubi Afrikada) sorğuya savadlı və nisbətən yüksək gəlirli şəhər əhalisi cəlb edilib.

Sosioloqlar bu təbəqəni "birinci sinif istehlakçılar" qrupu adlandırır. Bu adamlar cəmiyyətin tipik nümayəndələri deyil.

Bəs, insanlar nə deyirlər?

Demək olar, bütün ölkələrdə respondentlərin beşindən üçü bildirib ki, dostlarının çoxu qlobal istiləşmə (42 faiz), din (38 faiz), immiqrasiya (38 faiz) və feminizm (37 faiz) barədə onlarla eyni fikirdədir.

Amma siyasi mövqe ortaqlığında faizlər bu qədər yüksək deyil.

Rəyi soruşulanların 35 faizdən çoxu bildirib ki, əks siyasi mövqeyə sahib insanlarla həftədə ən azı bir dəfə görüşür.

20 faizə yaxını bunu ayda bir dəfədən də az etdiyini deyib. On nəfərdən biri etiraf edib ki, elələriylə heç vaxt görüşmür.

"İpsos MORİ"-nin saxta xəbərlər və internetdəki məlumatların düzgünlüyü ilə bağlı yeni araşdırmasının nəticələri də bu göstəricilərlə üst-üstə düşüb.

Məlum olub ki, rəyi soruşulanların 65 faizi internetdən məlumat alan insanların "informasiya qabarcığında" yaşadığını düşünür, özünün də bu "qabarcıqda" olduğunu onların yalnız 34 faizi etiraf edib.

Biz dostlarımızı olduqları kimi qəbul edirikmi?

Bütün rəyi soruşulanların 56 faizi bildirib ki, dostlarının əksəriyyəti onlarla eyni etnik qrupdandır, 46 faizi isə qeyd edib ki, bütün dostlarıyla eyni yaşdadır.

Bu, daha əvvəl əldə edilmiş sosial göstəriciləri təsdiqləyir - biz özümüzə bənzəyən adamlarla dostluq etməyə üstünlük veririk.

Eyni şeyi təhsil səviyyəsi haqqında da demək olar: bütün dünyada biz öz dünyagörüşümüzə uyğun dostları məhz bizimlə eyni təhsil səviyyəsinə malik insanlar arasından seçirik.

Amma gəlir səviyyəsi məsələsində faiz nisbəti kəskin azalır.

Respondentlərin ancaq 30 faizinin gəliri əksər dostlarının gəlirləriylə eynidir.

Beləliklə, araşdırma göstərir ki, daha çox yetkin yaşlarda yaranan və heç də həmişə təhsil səviyyəsindən asılı olmayan gəlir fərqləri dostluq münasibətlərinə mane olmur.