Azərbaycanda Kosa və Keçələ hücumlar başladı


Digərləri 21 Mar 2019 11:10:00 335 0

Azərbaycanda Kosa və Keçələ hücumlar başladı

Ötən həftə Media FM radiosunda "Manpası" verilişinin aparıcıları Novruz bayramının əsas personajları olan Keçəl və Kosanın dövrə, zamana uyğun olmaması ilə bağlı fikirlər səsələndiriblər. Ümumilikdə Novruz bayramını tənqid edən aparıcılar bu bayramın rebredinq olunmalı olduğunu deyiblər. Bu tənqidlərə Milli Televiziya və Radio Şurasından  kəskin münasibət bildirilib.

MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov aparıcıların bu cür "böyük-böyük" danışmasının yolverilməz olduğunu və ənənələrə hər kəsin hörmətlə yanaşmalı olduğunu deyib: "Bu dəyərlər uzun əsrlərin sınağından çıxıb. Novruz adətləri hansısa aparıcının tənqid edə biləcəyi mövzu deyil. Aparıcının efirdə bu cür sərbəstliyi, böyük-böyük danışması yolverilməzdir. Aparıcı zəhmət çəksin öz miqyasında olan məsələlərə münasibət bildirsin. Ümumiyyətlə bəzi aparıcılarda verilişlərinin reytinqinin gətirdiyi başgicəllənməsi hiss olunur. Ola bilsin həmin aparıcıdan da kimlərinsə, xoşu gəlmir. Onda tələb etsinlər ki, həmin aparıcını da "rebredinq" eləsinlər?"

Əslində, son illər Novruz personajları, hətta bu bayramın özü ilə bağlı ağız büzənlərin artdığı gizli deyil. Digər tərəfdən Bayramla bağlı təşkil olunan kütləvi tədbirlər ildən-ilə sönük alınır. Müxtəlif məkanlarda hazırlanan Novruz tamaşalarında Kosa və Keçəl bayağı, şit, görməmiş kimi təqdim olunurlar. Nəticədə Novruz personajlarını sevdirmək əvəzinə, onları gözdən salırlar.  Sosial şəbəkələrdə də Novruz bayramının əsas personajları ilə bağlı neqativ fikirlərin yayılmasının şahidi oluruq. Xüsusən Yeni il personajı olan Şaxta baba ilə müqayisə olunan Kosa və Keçəlin daha çox təlxəklik, dilənçilik etdiyi, insanlardan pay umduğu bildirilir.

Qədim tariximizi, əski inanclarımızı, folklorumuzu özündə əks etdirən Novruz bayramını çıxdaş edib əvəzində mentalitetimizə uyğun olmayan "Hellouin" - Cadılar bayramını keçirmək təbliğ olunur. Novruzda Kosanın pay toplamasını, qulaq falına çıxmağı qeyri-etik hesab edilir, amma Cadılar bayramında ifritə roluna girib şeytanı təmsil etmək normal qarşılanır.

Bu bayramın keçirildiyi məkanlarda dəhşətli səhnələr -  kəsilmiş qol, ayaq, qanlı əzalar, geyimlər nümayiş olunur, dəhşətli dekorasiya qurulan məkanlara azyaşlı uşaqlar da aparılır. Nəticədə Avropadan gələn hər şey mədəniyyət, müasirlik və tərəqqi, Şərqdən gələnlər isə cəhalət, savadsızlıq və gerilik kimi təqdim olunur.

Əslində, Novruz atributlarını tənqid etmək, tariximizə, mədəniyyətimizə, kimliyimizə əl uzatmaq nə dərəcədə düzgündür? Milli dəyərləri rebredinq etmək olarmı?

Son.az bildirir ki, AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil virtualaz.org-a açıqlamasında bu cür yanaşmanın kökündən səhv olduğunu deyir.  Folklorşünas alim deyir ki, bütün dünya xalqlarında qədim dövrü simvolizə edən, həmin dövrlə bağlı olan personajlar var. İndiki müasir baxışla ola bilər ki, həmin peronajlar komik görünsün. Hətta bəzən tənqid olunan tərəfləri də ola bilər. Amma bu yalnız müasir baxışla belədir.

"Nəzərə almaq lazımdır ki, bu personajlar ibtidai mədəniyyətin yadigarıdır. Bəşəriyyətin uşaqlıq dövrünün məhsuludur. Hər bir xalq öz mədəniyyətinin başlanğıcına da hörmətlə yanaşmalıdır, onu keçmişinin yadigarı kimi qorumalıdır. Bizim mərasim folklorunda olan personajlara da bu cür yanaşmaq lazımdır. Kosa və Keçəl obrazları arxaik ritual personajlardır. Onlar sonrakı inkişaf etmiş dünyagörüşlərdə mənasını və əhəmiyyətini itirib və bu funksiyalar arxaikləşib, müəyyən qədər komik obraz səciyyəsi daşıyır. Biz bunları qorumalı, yaşatmalı və müasir mədəniyyətimizdə davam etdirməliyik", - A. Xəlil qeyd edir.