Azərbaycanın Macarıstandakı Səfirliyində Novruz bayramı qeyd edilib (FOTO)


Digərləri 21 Mar 2019 06:49:02 192 0

Azərbaycanın Macarıstandakı Səfirliyində Novruz bayramı qeyd edilib (FOTO)

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilib

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Macarıstanda təhsil alan yüzə yaxın azərbaycanlı tələbələr qatılıb. Tədbirdə çıxış edən səfir Vilayət Quliyev tələbələri Novruz bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb və bayramın adət-ənənələri barədə məlumat verib. Səfir xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən mart ayının 21-i tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması və Novruzun 3000 ildir ki, Balkanlar, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edildiyi barədə danışıb. Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan bəhs edən səfir V.Quliyev Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayının hər il artmasını müsbət məqam kimi qeyd edib. Bu ölkədə təhsil alan tələbələrimizə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılması, qədim tarixə malik zəngin mədəni irsimizin təbliği istiqamətində fəallıq göstərməyi tövsiyə edib.