"Məktubu alandan sonra mənə həqarətli bir cavab yazmışdı" Məktəb illəri


Digərləri 20 Mar 2019 23:30:00 225 0

"Məktubu alandan sonra mənə həqarətli bir cavab yazmışdı"  Məktəb illəri

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Həyatımızın ən qayğısız, ən şirin illəridir məktəb illəri. Bəlkə də buna görə heç vaxt o illəri unutmur, xoş xatirələrlə xatırlayırıq. Bu dəfə Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü məktəb illərini xatırladı. Müsahibimin məktəb illəri 70-ci illərə təsadüf edib. Deyir ki, o illərdən yaddaşında çox gözəl xatirələr qalıb: "Məktəb illərim çox maraqlı keçib. Müxtəlif dərnəklərdə iştirak edirdim, voleybol, stolüstü tennis, şahmatla məşğul olurdum. Voleybol üzrə rayon birincisi olmuşam. Hətta bir il respublika yığma komandasının üzvü olmuşam. Amma zədələndikdən sonra voleyboldan ayrıldım. O illərdə yay aylarında məktəbli uşaqlar pambıq sahələrinə gedirdi. Biz pambıqçılıqla məşğul olan fəal şagirdlərdən idik. Atam məktəb direktoru olduğuna görə, məktəb tədbirlərində birinci mənim adım çəkilirdi. Deyirdi ki, sən və bacıların  digərlərinə örnək olmalısınız. Çalışırdıq ki, məktəbimiz üçün faydalı işlər görək. Orta məktəbdə dərslərimi orta səviyyədə, yəni 4-5 qiymətlə oxuyurdum. Evin böyük qızı olduğuma görə, ev işləri də mənim üzərimə düşürdü. Bizə məktəbdə kimya dərsini anam tədris edirdi və o, çox tələbkar qadın idi. Bir dəfə evdə o qədər iş var idi ki, kimya dərsini oxuya bilmədim. O, bunu hiss etmişdi və dərsə girən kimi öncə məni dərs danışmağa çağırdı. Dərsi oxumadığıma görə, mənə "2" yazdı. Evə gələndən sonra ağladım və dedim ki, sən görmürsən ki, bizim nə qədər işimiz var idi? Anam mənə qarşı çox tələbkar idi".