Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur FOTO


Digərləri 20 Mar 2019 00:08:00 211 0

Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur  FOTO

"Bakı Metropoliteni" QSC-nin ənənəvi bayram tədbirlərinə bu il yeni layihələr də əlavə edilib.

"Bakı Metropoliteni" QSC-dən Son.az-a verilən məlumata görə, Novruz sosial layihələri martın 14-15-də "İçərişəhər" stansiyasında keçirilən əl işləri yarmarkası ilə başlanıb.

Üç gün davam edəcək xüsusi konsert proqramlarına "28 May" stansiyasında start verilib. Peşəkar musiqiçilərdən ibarət simli kvartetin və daha sonra milli muğam üçlüyünün canlı ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri stansiyanın vestibülündə sərnişinləri qarşılayıb. Hər iki proqramda Novruz bayramının ovqatına uyğun musiqi parçalarının üstünlük təşkil etdiyi konsert proqramı daha sonra "Sahil", "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında davam edib.

Qeyd edək ki, muğam üçlüyü Azərbaycan Milli Konservatoriyasının, kvartet Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərdir.

Musiqi sovqatı eləcə də martın 20-21-də həmin stansiyalarda təqdim olunacaq.

"İçərişəhər" stansiyasında sərnişinləri qarşılayan musiqi proqramları estafeti metropolitendə ilk dəfə keçirilən Novruz şənliyinə verib. Qədim milli xalq tamaşasının personajları olan Bahar qız, xüsusən də yazın qışla mübarizəsini rəmzləşdirən Keçəl və Kosa şən səhnəcikləri, şeirləri, zarafatları, sorğu-sualları, dadlı-duzlu söhbətləri ilə sərnişinlərə xoş anlar bəxş edib. Bahar qızı rolunda çıxış edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası Eleanora Mehdiyeva, Kosa və Keçəl obrazlarını isə 5 nömrəli Yaradıcılıq İnkişaf Mərkəzinin teatr rejissoru Namiq İbrahimov və Əməkdar artist Arzu Hüseynov sərnişinləri də bu bayram tamaşasının bir hissəsinə çevirərək, şounu yaddaqalan bir xatirəyə çeviriblər.