Daxilimizdə olan mənəvi rezervuarları doldurmaq fürsəti


Digərləri 19 Mar 2019 23:45:00 191 0

Daxilimizdə olan mənəvi rezervuarları doldurmaq fürsəti

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə belə gözəl mənəvi üçaylığa - Rəcəb, Şaban, Ramazan aylarına daxil olmağı nəsib edib. Allahdan istəyimiz budur ki, bu ayın içərisində olan bütün imkanlardan, əmin-amanlıqdan, imandan, salamatlıqdan, İslamdan nə varsa hallarımıza aid etsin!

Allah Təala Rəcəb ayı və Şəban ayında olan bərəkətlərdən layiqincə bəhrələnməyi, mübarək Ramazan ayına ən ali şəkildə daxil olmağı nəsib etsin!

Dünya bətninin içərisində xüsusi təkamül bətnləri

Rəcəb ayı - gözəl bir aydır. Həsrətində olunmalı bir aydır. Xoş olsun halımıza ki, belə bir ayı tanıyırıq və Allahdan ləyaqət və tutum istəyirik ki, ayın imkanlarından bəhrələnək.

Biz ömrümüzü yaşayırıq və fərqli zamanlarda fərqli-fərqli məsuliyyətlərimiz olur. Vaxt və zaman da - baxmayaraq ki, kəmiyyət baxımından, riyazi baxımından eynidir, səhərin saatı da altmış dəqiqədir, axşamın saatı da altmış dəqiqədir - amma keyfiyyətləri fərqlidir.

Saatın da, zamanın da kəmiyyəti riyazi baxımından eyni olsa da, keyfiyyətinə görə fərqlidir. Cümə gününün zamanı digər günlərdən keyfiyyət baxımından fərqlənir.

Ötən bəhlərimizdə onu da vurğuladıq ki, biz düz yoldan ayrılarkən, xəta edərkən oraya qayıtmaq üçün üç yol var. Əxlaq ustadları tövsiyə edir ki, ən azı üç yoldan istifadə etməklə geri qayıtmaq mümkündür.

Bunlardan biri - zamanın bətninə daxil olmaqdır. Zamanın bətninə daxil olaraq, yaxşı təkamül edərək, yeni bir halda dünyaya gəlmək mümkündür.

Digəri məkan - bətnidir. İnsan üçün xüsusi məkanlar var ki, oraya daxil ola bilər, oranın potensialı var ki, insanı ən aciz haldan ən ali hala qədər yetişdirə bilsin.

Üçüncü isə, mühit bətnidir. Yolundan tam azmış bir insan gəlib, yaxşı mühitə düşüb, böyük təkamül keçə bilər.

Yalnız bu ömürdə ola biləcək işlər var

Biz hal-hazırda ümumi anlamda ikinci bətndə yaşayırıq. Birincisi - ana bətnində doqquz ay yaşamışıq və dünyaya gəlmişik.

İndi bu dünyada ömür sürürük. Bu həyatımız - ikinci bətndir ki, yaşayırıq.

Bundan sonra, bu dünyada həyatımız sona yetəcək və bundan sonra yenidən dünyaya gələcək, əbədiyyət bətninə daxil olacağıq. Necə ki, bu dünya bətni ana bətnindən üstündür və orada bəlli təkamül keçməliyik ki, buradan daha çox bəhrələnə bilək - əbədi həyat da buradan üstündür, amma gərək burada məlum təkamül keçək ki, orada bəhrələnə bilək.

Necə ki, ana bətnində bəzi işlər var ki, yalnız orada ola bilər - göz, qulaq, barmaqlar, bədənin ən kiçik hissəsinə qədər ana bətnində inkişaf edir, bunların heç biri dünyaya gələndən sonra əmələ gəlmir - eləcə də bu dünyada elə işlər baş verir ki, yalnız bura ilə məhdudlaşır. Məhz buna görə deyirlər ki, dünya - axirətin əkin yeridir. İnsan burada əkməlidir ki, axirətdə məhsul yığa bilsin.

Geriyə qayıtmaq üçün variantlar var

Allah Təala bu dünyanın bətninin içərisində də çoxlu xüsusi bətnlər qərar verib. İnsanlar kompyuterdə bir proqrama daxil olur. Onun içərisində görür ki, daha üç-beş aktiv proqram da var, onlara da daxil olur. Bəzən adi rejimdə işləyən proqram olur, amma xüsusi ayarlara keçid etmək üçün, yaxud hansısa imtiyazlar əldə etmək üçün istifadəçi daxilindəki növbəti proqramlara yönəldilir.

O cür də biz yolumuzdan ayrılanda, müxtəlif cür geri qayıda bilərik. Burada şəraitlərin ümdə əhəmiyyəti vardır. Misal üçün, hava qaranlıq olanda gec qayıdacağıq, işıq olanda daha tez qayıdarıq, ayaqla gec qayıdarıq, nəqliyyat vasitəsilə daha tez qayıdarıq və s.

Nəqliyyatın növü, zamanın müxtəlifliyi, havanın durumu - bunlar hamısı bizim necə qayıtmağımıza təsir edir. Beləcə də, insanın özünə qayıdışı üçün münbit şəraitlərin həlledici əhəmiyyəti vardır.

İnsan xəta edərkən, yanlış edərkən qayıtmaq istəyir. Allah Təala bu dünya bətninin içərisində çoxlu xüsusi bətnlər qoyub - zaman bətnləri, məkan bətnləri, mühit bətnləri. İnsanın hətta bircə namaza halı düzələ bilər. Əslində belə olmalıdır ki, insanın namazdan öncəki halı ilə namazdan sonrakı halı mütləq fərqlənsin.

Rəcəb ayında daha çox etdiklərimizə diqqətimiz olsun

Mənəvi üçaylıq - həmin zaman bətnlərindəndir. İnsanlar bir çox hallarda namaza mübarək Ramazan ayında və ya Məhərrəm-Səfər əyyamında gəlir. Ən mühüm zaman bətnlərindən biri - Rəcəb ayıdır. Rəcəb ayında biz hansı vəziyyətdə olmağımızdan asılı olmayaq bu zaman bətninə daxil olsaq, təkamül edərik.

Böyük əxlaq ustadlarından olan Ustad Fatiminiya cənabları buyurur: "Rəcəb ayı çox fəzilətli aydır. Təbii ki, bu ayın mütəhəib əməlləri yaxşıdır. Amma, əsası batini - xüsusi diqqət, təmərküzləşmə, təvəccödür. Biz gərək bu əməllərin və duaların batininə gərək təvəccö, diqqət edək.

Bu aya əsəb də deyirlər, yəni İlahi rəhmətin töküm ayı. Bu ayda ən əsas iş - istiğfardır".