Nazarbayev istefasını Putinlə müzakirə edib


Digərləri 19 Mar 2019 22:51:00 199 0

Nazarbayev istefasını Putinlə müzakirə edib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb və dövlət başçısı səlahiyyətlərini dayandırması haqda qərarını onunla müzakirə edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə respublika liderinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçıları Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin səlahiyyətlərinin icrasını 20 mart 2019-cu il tarixindən dayandırmasına dair qərarı barədə danışıblar", - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, prezidentlər gələcəkdə müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.

Rusiya prezidenti Vladimir Putin bu gün günorta Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefonla danışıb, ancaq söhbətin məzmunu açıqlanmır.

Bunu TASS  agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Nazarbayevin istefasından əvvəl iki lider arasında təmasın olub-olmadığı barədə sualı cavablandırarkən deyib.

"Bu gün gündüz prezident Putinin prezident Nazarbayevlə telefon söhbəti olub, amma biz bu danışığın məzmunu  barədə informasiyaya malik deyilik", - o deyib.

"Kremlin mətbuat xidməti hazırda bunu heç cür şərh etmir", - Peskov əlavə edib.