İxlassız ibadət batildir


Digərləri 19 Mar 2019 22:50:00 250 0

İxlassız ibadət batildir

Bütün ibadətlər Allaha yaxınlıq məqsədi ilə olmalıdır. Əgər ibadətin bir hissəsi Allahdan qeyrisi üçün olarsa batildir. Məsələn, əgər namazda vacib əməllərdən biri Allahdan qeyrisi üçün olarsa namaz qəbul deyil.

Son.az maide.az-a istinadən bildirir ki, müstəhəb əməllər riyakarlıqla olarsa, yaxud ibadətin zamanı (ilk vaxtda qılmaq) və məkanı (birinci sırada və ya məsciddə qılmaq) Allahdan qeyrisi üçün olarsa, namaz batildir. Allah zaman, məkan, keyfiyyət və xüsusiyyət baxımından yalnız Ona xatir olan və heç bir şərik qoşulmayan ibadətləri qəbul edir. Qurani-Kərimdə buyurulur: "...Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" ("Kəhf" surəsi, ayə 110.)

Hədisdə də belə buyurulur: "Cəbhədə qənimət yığmaq, güc nümayiş etdirmək və bu kimi başqa səbəblərə görə döyüşməyin dəyəri yoxdur." (Bax: "Muhəccətul-bəyza", 6-cı cild, səh.171.)

İxlaslı olmaq və riyadan uzaqlaşmaq çətin bir işdir. İmam Həsən Əskəri (ə) buyurur: "İnsanın işlərinə şirkin qatılması qaranlıq gecədə qara daş üzərində qarışqanın hərəkətindən daha gizlindir." ("Tuhəful-uqul", səh.487.)

İmam Əlinin (ə) ixlas barəsində xeyli buyuruqları var. Onlardan bir neçəsini xatırlayaq:

"Xalis niyyət son hədəfdir."

"İxlas qurtuluşdur."

"İman xalis iş görməkdir."