Niyə Xızır peyğəmbər dünyadan ən sonda gedənlərdən olacaq?


Digərləri 19 Mar 2019 22:20:00 281 0

Niyə Xızır peyğəmbər dünyadan ən sonda gedənlərdən olacaq?

Xızır (ə) peyğəmbər şahzadələrdən olmuşdur. Atasının çoxlu mal-dövləti olmuşdur. Ancaq Xızır (ə) həmişə hikmət axtarışında olmuşdur. Həmişə yetimlərin və yoxsulların əlindən tutardı. Peyğəmbər (ə) seçildikdən sonra isə Zulqərneynin qövmünə peyğəmbərlik edirdi. Zulqərneyn onun tövsiyə və nəsihətlərini bəyənir və işlərində onunla məsləhət edərdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Zulqərneyn də başqa insanların arzu etdiyi kimi, əbədi həyata malik olmaq istəyirdi. Ona görə də həyat suyu adlı suyun axtarışında idi.

Hər kim ondan içərdisə, cavidan həyat yaşayardı. O, bu bulağın yerini Xızırdan (ə) soruşur və Xızır (ə) da onun yerini deyir. Məlum olur ki, bu bulaq zülmətdə qərar tutur. Zulqərneyn yola düşür. Xızır (ə) və İlyas (ə) peyğəmbərləri də özü ilə aparır.

Uzun müddət Yer kürəsini gəzdilər və çox sayda bulağı imtahan etdilər. Ancaq həmin bulağı tapa bilmədilər. Ancaq Xızır (ə) və İlyas (ə) peyğəmbər həmin bulağı tapıb ondan içirlər. Ancaq Zulqərneynə xəbər verən zaman həmin bulaq yoxa çıxır və hər nə qədər axtarırlarsa,  tapa bilmirlər. Azuqələri az qaldığı üçün geri qayıtmalı oldular.