“Keçəl” və “Kosa” ilə bağlı təzadlı fikirlər


Digərləri 19 Mar 2019 21:14:00 366 0

“Keçəl” və “Kosa” ilə bağlı təzadlı fikirlər

Hər il Novruz ərəfəsində bayramın atributları "Keçəl" və "Kosa" gündəm olur. Ən çox müzakirə edilən məsələlərdən biri isə onların geyimləri və davranışlarıdır. Uşaqlar bu obrazlarla kifayət qədər əylənsə də, böyüklər haqqında eyni sözü demək olmur.

Son.az oxu.az-a istinadən bildirir ki, insanlar düşünür ki, bayram şou-tamaşalarını daha səviyyəli şəkildə aparmaq mümkündür. Hətta Yeni il və Novruz bayramını müqayisə edənlər də az deyil.

İlkin fikir odur ki, niyə Yeni ilin simvolu olan Şaxta Baba (Santa Klaus) səviyyəli şəkildə davranışlar sərgiləyib hədiyyə paylamaqla yadda qalır, bizim "Keçəl" ilə "Kosa" isə nimdaş geyim və dilənçilik etməsi ilə xatırlanır.

Novruz müjdəçiləri deyir ki, ötən illərlə müqayisədə bayramlara münasibət də müasirləşib:

"Əvvəllər bayramlarda bir başqa ab-hava olardı. İnsanlar bayramın gəlişinə xüsusi hazırlaşardılar. Amma bu gün, müasir dövr bayramlarımıza da təsir edib. Sanki insanlar hər şeyi müasir dövrə uyğunlaşdırmağa çalışırlar. Atributları, geyimləri, adət-ənənələri və s. Yenə də hər il silsilə tədbirlər keçirilir. Rayon yerləri ilə müqayisədə daha sönük olsa belə, paytaxtda da bayrama maraq az deyil"

Xüsusilə uşaqların sevincinə səbəb olan "Keçəl" deyir ki, 40 ilə yaxındır hər bayramda bu obrazı canlandırır:

"Mən illərdir hər bayramda tədbirlərdə "Keçəl" obrazını canlandırıram. Şənliklərimiz maraqlı olur. Düşünmürəm ki, sıxıcı keçir. İnsanlar yorğunluğunu atır, uşaqlar çox əylənir. Elə özümüz də insanların üzündə gülüş yaratmaqdan məmnunuq".