ADU-da “Multikultural Novruz bayramı” tədbiri keçirilib


Digərləri 19 Mar 2019 20:47:44 178 0

ADU-da “Multikultural Novruz bayramı” tədbiri keçirilib

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Multikultural Novruz bayramı” tədbiri keçirilib.

Bakı. Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Multikultural Novruz bayramı” tədbiri keçirilib. ADU-dan Trend-ə verilən məlumata görə, universitetin dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlik nümayəndələri iştirak edib. ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb, onları bayram tədbirində görməkdən məmnun olduğunu deyib: “Bu gün Azərbaycanın milli bayramıdır. Bu bayramı biz əsrlərin uzaq nöqtələrindən bugünə qədər gətirə bilmişik. Novruz təbiətin canlanması, yazın gəlişi deməkdir. Novruz insanların əhval-ruhiyyəsinin təzələnməsi, gəncləşməsi deməkdir. Biz Novruz bayramını Azərbaycanın ən müxtəlif yerlərində – Şuşada, Laçında, Gəncədə, Naxçıvanda, Lənkəranda, Astarada, Qusarda, Xaçmazda – bütün Azərbaycan vilayətlərində, məskənlərində illər, əsrlər boyu qeyd etmişik və öz dostlarımızı da yanımızda görmüşük. Bu gün Azərbaycanın dostları onun yanındadır. Bu gün bizim universitetimizdə həqiqətən də multikultural əhval-ruhiyyə hökm sürür, müxtəlif xalqlar, mədəniyyətlər görüşür”. İsrailin Azərbaycandakı səfiri Dan Stav universitetdə multikultural tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib: “Məlum olduğu kimi Azərbaycan Dillər Universitetində bir çox mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlərin hər biri bir mədəniyyəti əks etdirir. Bu baxımdan, bu, gözəl təşəbbüsdür. Novruz bayramı ən gözəl bayramlardan biri sayılır. Burada iştirakım mənim üçün böyük fəxrdir”. Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sexio Peres Gunela Azərbaycanın multikultural ölkə olduğunu deyib. Diplomat qeyd edib ki, Azərbaycan Dillər Universitetində ispan dili yüksək səviyyədə öyrənilir: “Bu, mənim Azərbaycanda səfirlik fəaliyyətimdə ilk çıxışımdır. Bundan sonra da universitetin təklif etdiyi bütün tədbirlərdə iştirak edəcəyəm. Çünki görürəm ki, ispan dili universitetdə yüksək səviyyədə təbliğ olunur. Əlbəttə, bu da bizim aramızdakı əlaqələrin inkişafında mühüm rol oynayır. Biz də bu yolla öz xalqımızı yaxşı təmsil edə bilərik”.