İsmayıllıda yeni xalça emalatxanasında toxucular üçün tədris-hazırlıq kurslarına başlanılıb (FOTO)


Digərləri 19 Mar 2019 13:55:56 167 0

İsmayıllıda yeni xalça emalatxanasında toxucular üçün tədris-hazırlıq kurslarına başlanılıb (FOTO)

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İsmayıllı rayonunda tikintisi sürətlə davam etdirilən yeni xalça istehsalı emalatxanası üçün kadr hazırlığına başlanılıb.

Bakı. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İsmayıllı rayonunda tikintisi sürətlə davam etdirilən yeni xalça istehsalı emalatxanası üçün kadr hazırlığına başlanılıb. Dövlət başçısının iştirakı ilə ötən il istifadəyə verilən “Azərxalça”nın İsmayıllı filialında tədris-hazırlıq kurslarına start verilib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov iştirak edib. “Azərxalça” ASC İsmayıllı filialının direktoru Zenfira Ələsgərova məlumat verib ki, hazırda fəaliyyət göstərən filialda 100-ə yaxın toxucu çalışır. Növbəti tədris-hazırlıq kursuna isə hələlik 30 nəfərdən çox toxuculuğa marağı olan qadın cəlb olunub. Bu ilin sonuna qədər təqribən 200 toxucu kadrın hazırlanması planlaşdırılıb. Tədris-hazırlıq kursunun yüksək səviyyədə təşkili üçün filialda lazımi şərait yaradılıb. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov bildirib ki, tədris-hazırlıq kurslarına müdavimlərin cəlb olunması üçün İcra Hakimiyyəti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə hər cür dəstək verməyə hazırdır. İcra Hakimiyyətinin əməkdaşları rayonun şəhər və kəndlərində toxuculuğa marağı olanlarla söhbətlər aparıb, kursda iştirak etmək istəyənləri müəyyənləşdiriblər. “Azərxalça” ASC İdarə Heyətinin sədri Vidadi Muradov əvvəlcə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, milli bayramımız Novruz ərəfəsində milli dəyərimiz olan Azərbaycan xalçasının yaşadılmasına xidmət edən bu tədbirin keçirilməsi təsadüfi deyil. Bu, hər iki milli dəyərimizin bizim üçün çox dəyərli olduğunun göstəricisidir.