Yurçeviç: "Azərbaycanda möcüzəyə inanmırlar"


İdman 19 Mar 2019 12:50:00 228 0

Yurçeviç: "Azərbaycanda möcüzəyə inanmırlar"

“Zaqrebə dönürəm və bu, mənə zövq verir. Azərbaycan millisinin öz plan və hədəfləri var”.

Goal.az xəbər verir ki, bunu “Tportal”a Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiya yığması ilə səfər matçı ərəfəsində deyib.

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, rəhbərlik etdiyi komanda lazım olan hər şeylə təmin olunub: “Bizim çox yaxşı futbolçularımız var. Futbol bəzi şeylərin öncədən təxmin edilə bilməyəcəyi bir idman növüdür. Bəzən kağız üzərində zəif olan kollektiv rəqibinə sürpriz edə və ya ciddi müqavimət göstərə bilir. Biz “Maksimir”də bunu etməyə çalışacağıq. Əlbəttə, Xorvatiya başqa dünyadır, amma biz də nəyəsə ümid edə bilərik”.

N.Yurçeviç həmyerliləri ilə oyunda müsbət nəticəyə ümid bəslədiyini vurğulayıb: “Əlbəttə, Xorvatiyaya qələbə üçün gəldiyimizi deməzdim. Ancaq asanlıqla təslim olmaq fikrimiz də yoxdur. Xorvatiya və Azərbaycan millilərinin hansı mövqelərdə qərarlaşdığını yaxşı bilirik. Robert Prosineçki bu komanda ilə Bakıda heç-heçə edə bilibsə, biz də nəyəsə ümid bəsləyə bilərik. Azərbaycanda heç kim möcüzəyə ümid etmir. Hamı Xorvatiyanın gücünü bilir və rəğbət bəsləyir. Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç mənim Azərbaycan millisinə rəhbərlik etməyimin bu komanda üçün üstünlük saydığını söyləyib. Bu xoş sözə görə ona təşəkkür edirəm. Mən də düşünürəm ki, bu, bizim üstünlüyümüz ola bilər. Çünki Xorvatiya komandası, futbolçuların keyfiyyəti və mentalitet haqda çox şey bilirəm. Ancaq çox şey oyunçulardan asılıdır. Bizdə Rusiya Premyer Liqasında çıxış edən Ramil Şeydayev var, ondan çox şey gözləyirəm. O, bizim əsas ümidlərimizdən biri olacaq”.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.