12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı FOTO


Digərləri 18 Mar 2019 23:16:00 261 0

12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı  FOTO

2019-cu ilin Novruzu Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ömər Ələkbərovun ailəsinə də xoş müjdələrlə qədəm qoyur. On iki ilin həsrətindən sonra onun iki oğlan və bir qız olmaqla, üçəm körpəsi dünyaya gəlib. Uşaqlara erməni vəhşiliyinin qurbanı olan məsum körpə Zəhranın və milli qəhrəmanlarımız Mübarizlə Çingizin adları verilib. Körpələr sağlam və gümrahdırlar.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, Ömər Ələkbərov Gəncə şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında, Ermənistanla sərhəddə ön sərgərdə başa vurduqdan sonra həyatını həmişəlik olaraq orduyla bağlayıb. Beş ildən çoxdur ki, Vətənə sədaqətlə xidmət edir. Nümunəvi davranışı, nizam-intizamı və döyüş qabiliyyəti, peşəkarlığı ilə silahdaşlarının və komandirlərinin rəğbətini qazanıb. Cəbhə bölgəsində xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Hazırda motoatıcı taqım komandirinin müavinidir. Üçəm körpələrinin dünyaya gəlməsi 13 yaşında itirdiyi ata-anasının yoxluğunu qismən də olsa ona unutdurub.

Müdafiə Nazirliyinin rəhbərliyi və Ö.Ələkbərovun xidmət etdiyi hərbi birliyin komandanlığı ailənin bütün problemlərini qarşılamağı öz üzərlərinə götürüb. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə bir qrup əməkdaş bu gün üçəm körpəni K.Fərəcova adına Elmi-tədqiqat Pedriatriya İnstitutundan təntənə ilə çıxarıblar.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi rəhbərliyinin, eləcə də, bütün hərbi qulluqçuların adından ailəyə gözaydınlığı verib, tibb işçilərinə minnətdarlığını bildirib. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs ansamblının milli geyimli üzvləri şirinlik paylayıb, üzərlik yandırıblar. Gəncə şəhərində üçotaqlı xidməti mənzilin açarları ailəyə təqdim edilib.


Xəbərə aid fotolar