Şirvanda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri aparılır


Digərləri 18 Mar 2019 20:14:00 225 0

Şirvanda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri aparılır

Yanvar ayının ilk günlərindən başlayaraq Şirvan şəhərində heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Son.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) Trend-ə verilən məlumata görə, Şirvan şəhəri ərazisində 2660 baş iribuynuzlu, 14 200 baş xırdabuynuzlu, 50 baş təkdırnaqlı, 500 baş həyət iti və 260 000 baş ev quşu mövcuddur.

Bu günlərdə Şirvan Şəhər Baytarlıq İdarəsi tərəfindən Şirvan şəhər sakini Bədirov Bədirxana məxsus fərdi təsərrüfatda, bağlı şəraitdə saxlanılan 42 baş iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbirlər icra edilib. Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi şəhər ərazisinə daxil olan ayrı-ayrı təsərrüfatlarda 2230 baş iribuynuzlu, 35 baş təkdırnaqlı heyvanda qarayara, 221 baş həyət itində quduzluq, 35 963 baş cücədə ("La-sota" ştammı ilə) və 14 972 baş ev quşunda ("H" ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Fevral ayından isə Şirvan şəhəri ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 2 286 baş iribuynuzlu heyvanda bu tədbir aparılaraq, 850 kvadratmetr sahədə profilaktik dezinfeksiya və 740 kvadratmetr sahədə profilaktik dezinseksiya işləri icra edilib. Hazırda şəhər ərazisində saxlanılan xırdabuynuzlu heyvanlarda "Rev-1" vaksini ilə bruselyoz, А, О vaksinləri ilə dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılır. Ümumiyyətlə, təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri "soyuq zəncir" rejiminə riayət olunmaqla həyata keçirilir.

Tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq, həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Həmçinin heyvan sahibləri risklər və yeni yanaşmalar barədə məlumatlandırılırlar.


Xəbərə aid fotolar