Bakı metrosunda fərqli abhava


Digərləri 18 Mar 2019 19:59:00 216 0

Bakı metrosunda fərqli abhava

Novruz bayramı "Bakı Metropoliteni" QSC-nin artıq ənənə halını almış sosial layihələri sırasına daha iki mühüm yenilik gətirəcək. Qurumdan Son.az-a verilən məlumata görə, dörd stansiyada təşkil ediləcək simli kvartetin və milli muğam üçlüyünün ifasında səsləndiriləcək ənənəvi proqramdan savayı, sərnişinlər elektron musiqinin sədalarını da eşidə biləcəklər. "İçərişəhər" stansiyasında Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə iki saat ərzində sərnişinlərə ürəkaçan musiqi parçaları təqdim edəcək.

Bayram günlərinin ən əsas yeniliyi mart ayının 19-20-də "İçərişəhər" stansiyasında təşkil ediləcək ikigünlük Novruz şənliyi olacaq.

Qədim milli xalq tamaşasının personajları olan Bahar qız, eləcə də qışla yazın mübarizəsini canlandıran Keçəl və Kosa şən səhnəcikləri, zarafatları ilə, dadlı-duzlu söhbətləri ilə sərnişinlərə xoş anlar bəxş edəcəklər.

Azərbaycan teatr səhnəsinin peşəkar aktyorlarının ifasında sərnişinlərə təqdim ediləcək Novruz şənliyində həm də illüziya proqramı da təqdim olunacaq. Müsabiqələr laureatı, tanınmış gənc istedad Anar Əliyev sərnişinlərə ən orijinal proqram nömrələrini nümayiş etdirəcək.

"Bakı Metropoliteni" QSC-nin daha bir sürprizi bayram günlərində artıq sərnişinlərin sevimli muzey eksponatına çevrilmiş retro vaqonlardan təşkil edilmiş qatarın "İçərişəhər" stansiyasının birinci yolunda nümayişi olacaq. Sərnişinlər SSRİ metro tarixinin ilk vaqonlarından olan 1934-cü ildə istifadəyə verilmiş "A", həmçinin 1953-56-cı illərin istehalı olan "Г" və 2009-cu ilə qədər Bakı metropoliteninin xətlərində fəaliyyət göstərmiş "ЕЖ-3" tipli vaqonların qoşulduğu qatar tərkibinə tamaşa etməklə, salonlarda xatirə şəkilləri çəkdirmək fürsəti əldə edəcəklər.