Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Digərləri 18 Mar 2019 19:02:18 155 0

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bakı. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. İdarədən Trend-ə verilən məlumata görə, təbrikdə deyilir: "Bismillahir-rəhmanir-rəhim! Əziz həmvətənlərim! Sizi xalqımızın qədim, mübarək bayramı – Novruz münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-Taaladan səadət və rifah, xoş əhval-ruhiyyə və bayram sevinci diləyirəm. Novruz ulu tariximizdə özəl yeri və önəmi olan el bayramıdır. Yaşadığımız hər bir an, varlığımız üçün Uca Yaradana həmd-səna edən biz müsəlmanlar Novruz bayramını Allahın böyük Lütfü kimi dəyərləndiririk. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi olub, Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Yaradanın Lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyi, ülviliyini daha da artırır. Bəşər övladının tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs Peyğəmbərimizə ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi Novruzun həqiqətən də ilahi səciyyəsindən qaynaqlanır. Bu ilki Novruz İslam dünyasında önəmli şəxsiyyət Həzrəti Əli Əleyhissəlamın mövludu ilə eyni vaxta təsadüf edir. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir.