Azərbaycanda "şəbəkə biznesi" adı altında insanların pulunu ələ keçirən cinayətkar dəstə tutulub (FOTO)


Digərləri 18 Mar 2019 14:16:00 359 0

Azərbaycanda "şəbəkə biznesi" adı altında insanların pulunu ələ keçirən cinayətkar dəstə tutulub (FOTO)

Əslində mövcud olmayan "BeardyCoin" adlı kriptovalyuta yaradaraq "şəbəkə biznesi" adı altında insanların pulunu ələ keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa ediliblər

Bakı. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda xarici valyutada olan pul vəsaitini mənimsəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa ediliblər. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İdarənin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşlarının iştirakı ilə keçirdikləri əməliyyat-tədbiri nəticəsində bir qrup şəxsin investisiya şirkəti adı altında "şəbəkə biznesi" yaradaraq çoxsaylı vətəndaşları aldatmaları müəyyən edilib. Araşdırma zamanı müəyyən olunub ki, Bakı şəhər sakini Kənan Mustafazadə, Qırğızıstan Respublikasında anadan olan Rəfail Taştəmirov, Lənkəran rayon sakini Xəyal Yaxyayev, Gəncə şəhər sakini Müslüm İsmayılov, Qəbələ rayon sakini Araz Qasımov və qeyriləri 2018-ci ilin iyun ayında internet şəbəkəsində xüsusi lokal proqram yaradaraq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən "İnvestsland" investisiya şirkəti adı altında özləri tərəfindən uydurulmuş "şəbəkə biznesi" yaradıblar. Onlar əslində mövcud olmayan "BeardyCoin" adlı kriptovalyutanın guya beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini, mərkəzi ofislərinin Amerika Birləşmiş Ştatlarında yerləşdiyini və özlərini həmin şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndələri kimi təqdim edərək "investisiya paketi" adı ilə şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər.