İmam Mehdi ilə tanışlıq


Digərləri 17 Mar 2019 20:45:00 320 0

İmam Mehdi ilə tanışlıq

`Zamanın imamını tanımadan ölən şəxs, cahiliyyət zamanının ölümü kimi ölmüşdür`

İmam Mehdi (əc) ilə tanışlıq Allahı tanımaq üçün ən gözəl vasitə və ən etibarlı yoldur. Dini, Quranı və bütün ilahi təlimləri yalnız onu tanımaqla öyrənmək olar. Onu tanımadan dini öyrənmək, Quranı başa düşmək, İslam maarifini anlamaq və cahiliyyətdən xilas olmaq mümkün deyil. Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Zamanın imamını tanımadan ölən şəxs, cahiliyyət zamanının ölümü kimi ölmüşdür" .   TƏVƏLLÜDÜ   Son.az maide.az-a istinadən bildirir ki, Samirə şəhərinə hakim kəsilən qorxunc mühitdə, zalım Abbasi hökuməti casuslarının gözlərindən uzaq, hicri 255-ci il şəban ayının 15-i (Miladi tarixi ilə 868-ci ildə) cümə gününün alatoranlığında İmam Həsən Əsgərinin (ə) kiçik evində vilayət səmasının sonuncu ulduzu doğdu .   Peyğəmbərin (s) vəsiyyətinə və müjdəli hədislərə müvafiq olaraq, onun adını Məhəmməd qoydular. Təkcə Peyğəmbərə (s) oxşayan gözəl çöhrəsilə yox, həm də adı və məramıyla Allahın böyük və sonuncu elçisini, öz əziz babasını xatırlatsın deyə, onu Məhəmməd adlandırdılar. Elə məhz ona görə də künyəsini Əbül-Qasim qoydular; baxmayaraq ki, sonralar Əbu Cəfər, Əbu Əbdillah və Əbu Saleh künyələri də buna əlavə olundu. Mehdi, Qaim, Müntəzər, Sahibül-əsr, Sahibül-əmr, Sahibəz-zaman, Höccətullah, Mənsur, Xələfüs-saleh və Movud hədis, dua və tarix kitablarında İmam Mehdi (əc) üçün göstərilən ən məşhur ləqəblərdir.   ATASININ FƏZİLƏTİ   Həzrət Əbu Məhəmməd İmam Həsən Əsgəri (ə) öz şərəfli ömrünün iki onilliyi ərzində əzab və çətinlikdən başqa bir şey görməmiş, zalım Abbasi xilafətinə qarşı apardığı mübarizədə daim həbs və sıxıntılara məruz qalmışdı. O, bərəkətli ömrünün iyirmi üçüncü ilində, özünün ilk və son övladının dünyaya gəlməsi ilə Allahın qəti vədəsinin həyata keçməsinə sevinərək, səhabələrinə buyurdu: "Zalımlar məni öldürməklə bu nəsli kəsəcəklərini düşünürdülər. İndi onlar Allahın qüdrətinə necə baxırlar?!" Həzrət Mehdinin (əc) doğulmasıyla İmam Həsən Əsgərinin (ə) imamlığının ən həssas və həyəcanlı dövrlərindən biri başlandı. O həzrət hökumət məmurlarının güclü təzyiqinə baxmayaraq, ən tədbirli üsullarla və ən etibarlı səhabələrinin köməyi ilə bütün şiələri və Əhli-beyt dostlarını Mehdinin döğulmasından xəbərdar etməyə və müxtəlif münasibətlərdə onları özündən sonrakı imamla tanış etməyə çalışmışdır .   ANASININ KƏRAMƏTİ   Romanın ən böyük dini-ictimai şəxsiyyətlərindən ikisinin övladı olan Məleykə xanım Hhəzrət Mehdi (əc) üçün ana olmaq şərəfinə nail olmuşdur. Onun atası Roma imperatorunun oğlu Yəşua, anası isə İsa peyğəmbərin canişini olan Şəmunun nəvələrindən idi. Onun imperatorun nəvələrindən biri ilə qərarlaşdırılan toy mərasimi çox qəribə surətdə dağıldıqdan sonra yuxuda Peyğəmbəri (s) görüb İslam dinini qəbul etdi. O, döyüşlərin birində romalı əsirlərin içinə girib, özünü Abbasi xilafətinin paytaxtına çatdırdı. Orada İmam Hadi (ə) tərəfindən göndərilən Bişr ibn Süleyman tərəfindən alınıb, imamın evinə gətirildi və İmam Həsən Əsgərinin (ə) həyat yoldaşı oldu. Onun adı Nərcis, Süsən, Reyhanə və Səqil kimi göstərilmişdir. Onun imanı, iffəti, paklığı, gözəl davranışı və əxlaqı elə bir həddə idi ki, imam övladı, imam bacısı və imam bibisi olan Həkimə xatun ona xüsusi hörmət göstərir və İmam Hadi (ə) həmişə onun haqqında gözəl sözlər söyləyərdi. Hələ çox öncə həzrət Əmirəl-möminin, İmam Sadiq (ə) və İmam Məhəmməd Təqi (ə) onu "kənizlərdən seçilmiş" və "kənizlərin sərvəri" adlandırmışlar. Hamiləlik dövründə İmam Mehdinin (əc) anasında heç bir əlamət müşahidə olunmadı. Yalnız sonuncu gecə İmam Həsən Əsgəri (ə) həzrət Həkiməyə buyurdu: "Ey bibi, bu axşam bizimlə iftar elə. Bu gecə Allah-taala öz höccətini dünyaya gətirməklə səni sevindirəcəkdir" .   İMAMLIQ DÖVRÜNÜN BAŞLANMASI   İslam ümmətinin on birinci məsum rəhbəri 28 yaşında ikən zalım Abbasi xəlifəsi Mötəmid tərəfindən zəhərlənib şəhid edildikdə, Həzrət Mehdi (əc) beş yaşlı bir uşaq idi . Onun uşaq ikən imamlığa başlaması isә, ilahi möcüzəni və Allahın bütün məsum imamların vücudunda qoyduğu heyrətamiz qüdrəti nəzərə almaqla, qətiyyən şübhəli və qəribə görünməməlidir. Tarixdə dəfələrlə buna bənzər hadisələr baş vermişdir. Hamının qəbul etdiyi bu nümunələrdən biri Yəhya peyğəmbərin haqqındadır. Allah-taala Qurani-Kərimdə buyurur: "Və uşaq ikən ona peyğəmbərlik verdik". Həzrət İsa Peyğəmbərin (ə) beşikdə dil açıb danışması haqda isə belə buyurulur: "Dedi: "Mən Allahın bəndəsiyəm. O mənə kitab vermiş və məni peyğəmbər etmişdir" .     KİÇİK QEYB DÖVRÜ   İmam Mehdinin (əc) doğulmasının düşmən və müxaliflərdən gizli qalmasına bais olan amillər, onun qeybə çəkilməsinə də səbəb olmuşdur. Bəzi rəvayətlərdə İmam Mehdi (əc) Həzrət Musa Peyğəmbərə (ə) bənzədilmişdir. Fironun adamları Musanı məhv etmək üçün o dövrün hamilə qadınlarına və südəmər körpələrinə hücum edib, bütün oğlan uşaqlarını vəhşicəsinə öldürmüşlər. Abbasilər də öz hakimiyyətlərini qorumaq və bütün zalımları məğlub edəcək son canişinin meydana çıxmasının qarşısını almaq məqsədilə istənilən cinayətə hazır idilər. Hicri 260-cı ildə Həzrət Mehdi (əc) öz hücrəsindən çıxıb, əmisi Cəfər-kəzzabı (kəzzab: yalançı) kənara itələyərək atasının meyit namazını qıldıqdan və bununla da öz imamlığının başlanmasını elan etdikdən sonra hökumət məmurları yeni planlar qurub, onu da şəhid etmək qərarına gəldilər. Allah-taala özünün sonuncu höccətini düşmənlərin məkrindən qorumaq üçün, öz tükənməz qüdrəti ilə onu elə imamlığının əvvəlindən qeybə çəkmişdir. "Ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki, kafirlər xoşlamasalar belə, Allah öz nurunu kamala yetirəsidir!"   XÜSUSİ NAİBLƏR   İmam Mehdinin (əc) kiçik qeyb dövrü hicri 329-cu ilədək davam etmişdir . Bu 69 il ərzində o, düşmənlərdən gizli yaşasa da, özünün dörd böyük səhabəsi ilə daim əlaqə saxlamışdır. Bu dörd naib xalqın sual və problemlərini imama və imamın cavablarını da onlara çatdırmışlar: Osman ibn Səid Əmri: On bir yaşından İmam Hadinin (ə) xidmətində olmuşdur. Mütəvəkkil və digər zalım hakimlərin olduqca ağır və qorxulu hakimiyyəti illərində yağ satmaq adı ilə İslam maarifinin şiələrə ötürülməsində çox böyük rol oynamışdır. Əvvəlki iki imamın vəkil və naiblərindən olan Osman, Həzrət Mehdinin (əc) ilk xüsusi naibi (vasitəsiz nümayəndəsi) olmuşdur. O, hicri təqvimi ilə 300-cü ildə vəfat edib, Bağdadda dəfn olunmuşdur . Məhəmməd ibn Osman Əmri: Atasının vəfatından sonra İmam Mehdinin (əc) xüsusi naibi olmaq şərəfinə nail olmuşdur. Fiqh və hədis elmlərində bir neçə kitab yazmış Məhəmməd, dəfələrlə İmam tərəfindən tərif və təsdiq olunmuşdur. Həzrət Mehdi (əc) onun barəsində buyurmuşdur: "O, mənim inanıb etimad göstərdiyim şəxsdir. Onun yazdığı mənim yazdığımdır" . O, hicri tarixi ilə 305-ci il cəmadil-əvvəl ayının sonunda dünyadan köçmüşdür. Hüseyn ibn Ruh Novbəxti: Məhəmməd ibn Osman öz vəfatından bir müddət qabaq İmamın əmri ilə Hüseyn Novbəxtinin naib olacağını elan etdi. O, böyük alim, təqva və fəziləti ilə məşhur olan bir insan idi. Nəql olunmuş elmi mübahisələri onun elminin çoxluğundan və mənəvi qüdrətindən xəbər verir. Hüseyn ibn Ruh Novbəxti o qədər iradəli və dözümlü idi ki, onunla bir zamanda yaşamış alimlərdən biri deyir: "Əgər düşmənlər onu tikə-tikə doğrasalar da, heç zaman İmam Zamanın (əc) yerini bildirməz." O, 21 il xüsusi naiblik etdikdən sonra 326-cı ildə vəfat edib, Bağdadda dəfn olundu . Əli ibn Məhəmməd Seymuri: Əli ibn Məhmmədin şəxsiyyətinin əzəmətinə dair bu kifayətdir ki, "Kafi" kitabının müəllifi Məhəmməd ibn Yəqub Küleyni kimi böyük elm və təqva nümunələrinin və görkəmli tədqiqatçıların olduğu bir zamanda, yalnız o, İmam Mehdinin (əc) xüsusi naibi olmaq şərəfini qazanmışdır. Ölümündən altı gün qabaq İmam Mehdi (əc) ona yazdığı məktubunda ölümü barədə xəbər vermiş və böyük qeyb dövrünün başlanmasını bildirmişdir . Əli ibn Məhəmməd 329-cu il şəban ayının 15-də Allahın rəhmətinə qovuşmuşdur .   QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ   İmam Mehdinin (əc) qeyb pərdəsi arxasında saxlanılması Allahın hikmətamiz iradəsi ilə bağlı olub, varlıq aləminin mürəkkəb sirlərindən sayılır. Lakin bununla yanaşı, bəzi hədislərdə onun bir sıra hikmət və səbəblərinə toxunulmuşdur. Bu hədislər qeybə çəkilmədə təsirli olan bəzi amilləri göstərməklə, Allah bəndələrinə ibrət dərsi verib, onları çıxış yolları barədə daha artıq düşünməyə vadar edir: 1. İlahi qanun İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbərlərin qeybində həyata keçən bütün qanun və sünnələr, biz Əhli-beytin qiyam edəninin (Qaimin) qeybində çox ali formada həyata keçəcəkdir". 2. İmamın canının qorunması Onun fiziki cəhətdən məhv edilməsi, həm də ideyalarının aradan götürülməsi, İslam və Quranı hakim etmək missiyasının nəticəsiz qalması demək idi. İmam Sadiq (ə) qeyb haqqında verilən sualın cavabında belə buyurmuşdur: "O, özünün öldürülməsindən qorxur". 3. İslam hakimiyyətinin qəbul olunmasına və istismarçı zalımların məhv edilməsinə ümumdünya hazırlığı Həzrət Mehdi (əc) buyurmuşdur: "Mən zühur və qiyam etdiyim zaman boynumda heç bir tağutun və zalım hökmdarın beyəti olmayacaqdır". 4. İnsanların imtahan olunması Peyğəmbər (s) buyurmuşdur: "Mehdinin (əc) qeybi dövründə, ürəkləri Allah imanı ilə saflaşdırılmış şəxslərdən savayı heç kim onun imamlığına əqidə bəsləməkdə sabit qalmayacaqdır". 5. İnsanların günaha aludə olması və zühura hazır olmaması Həzrət Mehdi (əc) özünü buludlar arxasındakı günəşə bənzətmişdir . Və əgər o, həyati əhəmiyyətə malik olan işıqlı bir günəşdirsə, onun üzünü örtən buludlar insanların günahı və nankorluğundan başqa nə ola bilər?   QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ   İmam Mehdinin (əc) qeyb olmasının necəliyi və onun xüsusiyyətləri barədə bir sıra hədislər mövcuddur. Lakin buna baxmayaraq, bu qeyb barəsində qəti və aydın təsəvvür yaratmaq mümkün deyil. Aşağıda bu xüsusuiyyətlərin yalnız bir neçəsinə toxunmaq istəyirik: 1. Bulud arxasındaki günəş kimidir. 2. O görünür, amma tanınmır. 3. Hər il həcc mərasimində iştirak edir. Ərəfatda dayanıb, möminlərin duasına "Amin!" deyir. 4. Cismən gözlərdən uzaq olsa da, xatirəsi ürəklərdədir. 5. Bir çox aşiqləri onu görüb tanımağa müvəffəq olmuşlar. 6. Onun müəyyən bir yeri yoxdur. Çox zaman tanınmaz şəhərlərin ətrafında yaşayır. 7. O, zalımlardan uzaq yerdə, tanınmadan və digər insanlar kimi xüsusi yerlərdə yaşayır, hamı kimi yemək və geyimə ehtiyaclıdır, həyat yoldaşı və övladı var. 8. Bəzi məclislərdə iştirak edir, küçə və bazarlarda yol gedir. 9. Allahın hikməti ilə bəzən onun hər hansı bir yerdə olub, lakin gözə görünməməsi də mümkündür. İmam Rza (ə) buyurmuşdur: "...Cismən görünmür".   ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ   İmam Mehdi (əc) Allahın bütün əzəmətli peyğəmbərlərinin və görkəmli övliyalarının varisi olmaqla, ən gözəl və kamil xüsusiyyətlərə malikdir. O, özündə Peyğəmbərin (s) şanlı əxlaqını, Əmirəl-möminin Əlinin (ə) heyrətamiz xarakterlərini, Fatimeyi-Zəhra (s) və onun məsum övladlarının uca fəzilətlərini təcəssüm etdirir. Bu xüsusiyyətlərin bəzisinə toxunmaq, o həzrətə yaxınlaşmaq və daha artıq itaət göstərmək üçün əhəmiyyətli olardı. 1. Elm Əli (ə) buyurmuşdur: "O, sizin ən elmlinizdir" . İmam Baqir (ə) buyurmuşdur: "Bitkilərin ən gözəl formada torpaqdan cücərdiyi kimi, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə elm də Mehdinin (əc) qəlbində cücərib bitir. Kim onu görsə, belə desin: Salam sizə, ey rəhmət və nübüvvət əhli-beyti, ey elm xəzinəsi və risalət mənbəyi!".   2. Zöhd və dünyaya etinasızlıq İmam Rza (ə) buyurmuşdur: "Bizim qiyam edənimizin paltarı bərk, xörəyi isə qurudur".   3. İnsanlarla ədalətli rəftar İmam Baqir (ə) buyurmuşdur: "O, insanlarla ədalətlə rəftar edir: istər saleh insan olsun, istər fasiq".   4. Peyğəmbərin (s) sünnəsinə əməl etmək Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "O məndəndir, adı mənim adımdır. Allah məni və mənim dinimi onun vasitəsilə qoruyacaqdır. O mənim sünnəmə əməl edəcək".   5. Ehsan və səxavət Peyğəmbər buyurmuşdur: "Bir kişi onun yanına gəlib deyəcək: "Ey Mehdi, mənə bir şey bağışla, əta et". Sonra Mehdi daşıya biləcəyi qədər malı onun ixtiyarına buraxacaqdır".   6. Dua və ibadət İmam Mehdidən (əc) nəql olunan müstəhəb namazlar və çoxsaylı dualar, o həzrətin dua və ibadətə olan xüsusi diqqətindən xəbər verir. Dua və ibadətin ən böyük bəndəlik əlaməti və Allaha yaxınlaşmaqda ən güclü amil olması isə aydın məsələdir. Əgər əziz Peyğəmbərimiz (s) ağır risalət (peyğəmbərlik) məsuliyyətini qəbul etməyə hazırlıq üçün mütləq gecə namazı qılmağa məmur olunursa, demək həqiqi bəndəlik, habelə namaz, dua və ibadətlə ciddi məşğul olmaq, ağır məsuliyyətləri qəbul etmək üçün labüddür. Elə buna görə də bütün yer üzündə tövhid və ədalət prinsiplərini hakim etmək məsuliyyətini qəbul etmək, daimi ibadətlər və fasiləsiz dualar olmadan mümkün deyil.   7. Şücaət və qorxmazlıq Bütün müşrik və zalımlarla mübarizə və dünyanın qüdrətli tağutlarını diz çökdürmək, bənzərsiz şücaət və misilsiz rəşadət tələb edir: İmam Hüseyn (ə) kimi döyüş adamı olmaq, İmam Əli (ə) kimi zirehini arxa tərəfdən açıq qoymaq və Peyğəmbər (s) kimi döyüşlərin ən gərgin yerində öz savaşı ilə digər döyüşçüləri daha da ruhlandırmaq və qətiyyəti ilə mücahidlərə arxa durmaq!   8. Səbir və mətanət Hər bir insanın səbir və dözümünü, onun başına gələn müsibət və problemlərin qədərinə əsasən ölçmək lazımdır. Tarixin ən dözümlü və mətanətli insanları çətinliklər qarşısında neçə il davam gətirmiş və nə qədər qəm və bəlalara dözmüşlər? Heç şübhəsiz ki, bütün bu əsrlər boyu İmam Mehdinin (əc) qarşılaşdığı müsibətlər başqa heç bir kəslə müqayisə olunası deyil. Çünki, artıq dözüm və mətanət tələb edən təkcə acıların çoxluğu və zamanın uzunluğu yox, həm də məsuliyyətin ağırlığıdır. İnsanın öhdəsinə düşən məsuliyyətin növü onun dözüm və davamlılıq miqdarını təyin etməkdə təsirlidir. Və unutmaq lazım deyil ki, həzrət Mehdi (əc) zamanın imamı, insanların höccəti, bütün möminlərin vəlisi, şiələrin rəhbəri və atasıdır.   UZUNÖMÜRLÜLÜK   İmam Mehdinin (əc) doğulmasından bu günədək 1000 ildən artıq vaxt keçir. Bu uzun ömrün bundan sonra daha neçə il davam edəcəyi isə heç kimə bəlli deyil. Lakin bütün bunlara baxmayaraq, bu məsələdə heç bir qeyri-mümkünlük yoxdur. Çünki: 1) Hər bir şeyin vücuda gəlməsi və uzun müddət qalması, insanı yoxdan yaradan böyük Allahın iradəsinə bağlıdır: Belə bir Allahın öz hikmətinə əsasən, məxluqlarından birinin ömrünü min illər boyu uzatmağa qüdrəti vardır. Qurani-Kərimdə yazılmışdır ki, əgər Yunus Peyğəmbər (s) tövbə etməsəydi, Allah-taala onu qiyamət gününə qədər balığın qarnında diri saxlayacaqdı.   2) Tarix kitabları yüz illərlə heç bir xəstəlik görmədən yaşayan insanların əhvalatı ilə doludur. Tövratda yazılmışdır ki, Zülqərneyn üç min il ömür sürmüşdür. Qurani-Kərim Nuh Peyğəmbərdən (ə) danışarkən, onun tufanaqədərki ömrünü 950 il göstərmişdir.   3) Məntiqi cəhətdən hər hansı bir mövcudun ömrünün tədrici artmasında, onun üçün müəyyən hədd nəzərdə tutub, ondan yuxarını qeyri-mümkün hesab etmək düzgün deyil. Buna görə də əgər bir insanın ömrü 100, 150 və yaxud 200-ə çatmışsa, demək, bundan artığı da mümkündür.   4) Elm sübut etmişdir ki, əgər bədən üzvlərinə lazım olan maddələr onlara qədərincə çatdırılsa və daima xəstəlik və çatışmazlıqlara qarşı tədbirlər görülsə, canlıların ömrü çox heyrətamiz şəkildə arta bilər. Buna əsasən, əsla təəccüblü deyil ki, İmam Mehdi (əc) Allahın bəxş etdiyi sonsuz elm nəticəsində öz ömrünü adi insan ömründən dəfələrlə artıra bilər.   İNTİZAR   Nəhayət, İmam Mehdinin (əc) üzücü qeyb dövrü başa çatacaq və əzəmətli zühur dövrü, İslam və tövhidin qələbə dövrü başlayacaqdır. İmam Mehdini (əc) bu əqidə ilə tanıyanlar, onun vilayət və itaət peymanını öhdəsinə götürənlər həmişə gözü yolda olub, özlərini və cəmiyyəti zühur dövrünə hazırlamağa çalışırlar. Müqəddəs hədislərdə vəd olunmuş Mehdinin (əc) intizarını çəkmək, Allah yolunda cihad və hətta Peyğəmbər (s) qabağında cihad edib, şəhid omaqla bərabər bilinmişdir. Bu, bir tərəfdən qeyb dövründə intizarda olmağın çox böyük əhəmiyyətini, digər tərəfdən isə, intizar yolunun çətinliklərini və bu yolda daha artıq zəhmətin lazım olduğunu göstərir.     ZÜHURDAN ÖNCƏKİ ƏLAMƏTLƏR   Allah-taala Həzrət Mehdinin (əc) zühurunun böyük əhəmiyyəti və habelə yanılma və sui-istifadələrin qarşısını almaq üçün, "Zühurdan öncəki nişanələr" adıyla bəzi əlamətlər müəyyənləşdirmişdir. Zühur əlamətlərini ümumi olaraq iki qismə bölmək olar: Qəti əlamətlər və qeyri-qəti əlamətlər. Səhih və ya mütəvatir hədislərdə gəlmiş və onların baş verəcəyinə təkid göstərilmiş əlamətlər Qəti əlamətlər adlanır; məsələn: Süfyaninin zahir olması və Nəfsi-zəkiyyənin qətli. Qeyri-qəti əlamətlər isə ya qeyri-səhih hədislərdə gəlmiş və ya məsum tərəfindən qətiliyi göstərilməmişdir; məsələn: 5 dəfə ayın və 15 dəfə günün tutulması. Digər bir baxışdan isə, bu əlamətləri üç yerə bölmək olar: Yaranış alәmində olan qeyri-təbii əlamətlər, ictimai münasibətlərdə və insanların rəftarında olan əlamətlər və təbii fenomenlər; məsələn: Ramazan ayında ardıcıl olaraq gün və ay tutulmaları, şərq səmasında böyük alovun şölələnməsi, günəşin qərbdən doğması, fəsad və günahların artması, yalançı peyğəmbərlərin çoxalması və insanların yeddidə beşinin müharibələrdə həlak olması. Zühur əlamətlərini araşdırarkən unutmaq lazım deyil ki, onların hər hansı birinin həyata keçməməsi zühurun təxiri demək deyil. Çünki, "Allah fərəc və zühura yalnız bircə gecədə şərait yaradacaqdır". Buna görə də daim intizarda olmaq lazımdır, belə ki, zühura hazırlıq hər gün yeniləşməlidir.   ZÜHUR   Səmadan gələn nida bütün insanlara Həzrət Mehdinin (əc) zühur xəbərini verəcəkdir. İmam Mehdi (əc) öz ümumdünya qiyamına Məscidül-həramda Kəbənin yanından başlayacaqdır. İmamın ən yaxşı köməkçiləri və müntəzirləri olan 313 nəfər, onunla beyət etmək üçün Kəbədə ətrafına toplaşacaqlar. Həzrət İsa Məsih (ə) öz namazını İmam Mehdiyə (əc) iqtida edəcəkdir. İmam Mehdinin (əc) dünyanın müxtəlif bölgələrindən olan köməkçiləri Məkkəyə axışıb, o həzrətin rəhbərliyi ilə İraqa doğru hərəkət edəcəklər. Süfyaninin qoşunu "Beyda" məntəqəsində həlak ediləcək və qalib İslam ordusu bütün dünyanı fəth edəcəkdir. Həzrət Mehdi (əc) Kufə şəhərini öz dövlətinin paytaxtı edəcəkdir.