“Tövbə” surəsi


Digərləri 17 Mar 2019 20:40:00 300 0

“Tövbə” surəsi

"Tövbə" surəsi Qurani-Kərimin 9-cu surəsidir və 129 ayədən ibarətdir. Hicrətin 9-cu ilində Peyğəmbəri-Əkrəmə (s) Mədinədə nazil olan ya sonuncu surədir, ya da sonuncu surələrdən biridir. Təfsir alimləri bu surənin on adından söz açmışlar ki, ən məşhur adları "Tövbə" və "Bəraət"dir. Surənin "Tövbə" adlanmasının səbəbi bu surədə insanın tövbə etməsi və Allaha doğru qayıdışına dəfələrlə işarə olunması, "Bəraət" adlanmasının səbəbi isə, onun əhd-peymanı pozan müşriklərdən cana doymasının elanı ilə başlamasıdır.

Bu surənin bir hissəsi "Təbuk" döyüşündən öncə, bir hissəsi döyüş gedişində, digər bir hissəsi isə döyüşdən sonra nazil olmuşdur.

Son.az maide.az-a istinadən bildirir ki, bəzi təfsirçilər bu surədəki mövzuları "Ənfal" surəsinin davamı saymışlar. Onların nəzərincə, elə bu səbəbdən surə "Bismillahir-Rəhmanir-Rəhim"siz başlamışdır. Amma surənin adı rəvayətlərdə "Bəraət" və "Tövbə" kimi qeyd olunduğundan, onun "Ənfal" surəsinin davamı yox, müstəqil bir surə olduğu anlaşılır. Əlbəttə, bu mətləblə yanaşı, Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsaslanan bir çox təfsir alimlərinin qeydlərinə görə, bu surə müstəqildir və onun "Bismillah"sız başlamasının səbəbi onda Allahın müşriklərə qəzəbli tərzdə müraciət etməsi və bunun da sülh, barışıq, dostluq və məhəbbət nişanəsi olan, Allahın "rəhman" və "rəhim", "mehriban" və "bağışlayan" sifətinə işarə edən "Bismillahir-Rəhmanir-Rəhim" ibarəsi ilə uzlaşmamasıdır. İmam Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur: "Bəraət" (Tövbə) surəsinin əvvəlində "Bismillahir-Rəhmanir-Rəhim"in nazil olmamasının səbəbi odur ki, "Bismillah" aman və rəhmət üçün, bəraət isə amanın götürülməsi üçündür..."

"BƏRAƏT" AYƏLƏRİNİN ELAN OLUNMASI VƏ İMAM ƏLİNİN (Ə) FƏZİLƏTİ

Hicrətin 8-ci ili Məkkə şəhəri müsəlmanların əli ilə fəth olundu və Allahın evi bütlərdən təmizləndi. Zil-həccə ayı, yəni həcc mövsümünə yaxın bir günlərdə Peyğəmbəri-Əkrəm (s) gərəkli səbəblər üzündən o zaman İslamın mərkəzi sayılan Mədinə şəhərinə dönməli oldu. Odur ki, o həzrət "müfrədə ümrəsi"ni yerinə yetirib Mədinəyə qayıtdı və geri dönərkən müşriklərin Kəbə evini ziyarət etməməsi ilə bağlı bir götəriş vermədiyindən, həmin il müsəlmanlar müşriklərlə birgə Kəbə evini ziyarət etdilər. Amma həmin ilin həcc mövsümündə bir hadisə baş verdi. Belə ki, müşriklərin həcc ziyarəti ilə bağlı adətlərindən biri də bu idi ki, Məkkədən kənarda yaşayanlar Məkkəyə daxil olduqları libasla Allah evini təvaf etsəydilər, həmin libası sədəqə verirdilər. Elə buna görə də, onlar ya özləri ilə əlavə libas gətirir, ya da təvaf üçün bir libas borc və yaxud kirayə götürürdülər. Birdən ziyarətə gələn bir qadının əlavə libası olmadıqda, müşriklər onu çılpaq şəkildə təvaf etməyə məcbur edirdilər.

Həmin il müşriklərdən Kəbə evinin ziyarətinə gələn bir qadın özü ilə əlavə libas gətirmədiyi, borc və kirayə libas da tapa bilmədiyi üçün çılpaq şəkildə təvaf etməyə başladı. Aydındır ki, bu hal müsəlmanlar üçün dözüləsi hal deyildi, həm də Allah evinə hörmətsizlik sayılırdı. Digər tərəfdən də, müsəlmanlarla əhd-peyman müqaviləsi imzalayan müşriklər öz əhd-peymanlarına sadiq qalmayaraq, İslama zərbə endirmək üçün hər bir fürsəti qənimət bilirdilər.

Belə bir şəraitdə "Bəraət" ayələri Mədinədə Peyğəmbəri-Əkrəmə (s) nazil olaraq bildirildi ki, "növbəti ildən heç bir müşrik Allah evi Kəbəni ziyarət etmək hüququna malik deyil, müşriklər Allah evinə daxil ola bilməz, heç kəs çılpaq halda Kəbəni təvaf edə bilməz..." Surə müşriklərə nifrət bildirişi ilə başlayır və onlar tövbəyə, şirk və bütpərəstlikdən üz çevirib Allaha qayıdışa dəvət olunurlar. Bunun üçün onlara dörd ay möhlət verilir və bu müddət ərzində öz çirkin və xurafat qatqılı əqidələrindən əl çəkməyən müşriklər Allah tərəfindən qətl və mühasirə ilə təhdid edilirlər...

"Bəraət" ayələri nazil olduqdan sonra Peyğəmbəri-Əkrəm (s) Əbu Bəkrə göstəriş verdi ki, həmin ayələri Məkkə əhlinə oxusun. Lakin Əbu Bəkr yolun bir miqdarını getdikdən sonra vəhy mələyi Cəbrail-Əmin Allah tərəfindən belə bir göstəriş gətirdi ki, ayələri ya Peyğəmbər özü, ya da ailəsindən bir şəxs oxumalıdır. Peyğəmbər (s) bu iş üçün imam Əlini (ə) seçib buyurdu:

عَلِىٌّ مِنِّى وَاَنَا مِنْ عَلِىّ وَلا يُؤَدِّى اِلاّ اَنَا اَوْ عَلِىٌّ: